Şok! Bəzi oliqarxların 9 milyon manatlıq borcu üzə çıxdı
Şok! Bəzi oliqarxların 9 milyon manatlıq borcu üzə çıxdı

Hansı dövlət idarələri kommunal xərcləri ödəmirmiş?

Azərbaycanda bəzi məmurlar tutduqları posta və rəhbərlik etdikləri quruma sadəcə, qazanc yeri kimi baxırlar. Elə buna görə də bir çox oliqarxların maddi imkanları, sərvətləri onların aldıqları maaşa tamamilə tərs mütənasibdir.
Amma belə məlum olur ki, bir çox dövlət qurumları nəinki kimlərinsə varlanması üçün vasitə rolunu oynayır, hətta rəhbər şəxslərinin kifayət qədər zənginləşdiyi həmin qurumların dövlətə iri məbləğdə borcu var imiş.
Bu qənaət bir ehtimal deyil. Hər şeyi rəsmi statistik göstəricilərdən aydın görmək mümkündür.
Belə ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 403,5 mln. kVt/saat elektrik enerjisi, 137 min Q.kal istilik enerjisi, 84,1 mln. kubmetr təbii qaz, 17,9 mln. kubmetr su, 8 mln. manatlıq rabitə xidmətləri istehlak edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istilik enerjisinin istehlakı 30,4%, rabitə xidmətlərinin istehlakı 19,4%, təbii qazın istehlakı 10,4%, elektrik enerjisinin istehlakı 4,0% artıb, suyun istehlakı isə 0,6% azalıb.
İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 4,6% artaraq 120,1 mln. manat təşkil edib.
İstehlakın ümumi dəyərinin 70%-ni elektrik enerjisi, 13,3%-ni su, 7%-ni təbii qaz, 6,7%-ni rabitə xidmətləri, 3%-ni isə istilik enerjisi təşkil edib.
Bu ilin yanvar-sentyabr aylarında büdcə təşkilatları istifadə olunmuş ehtiyatların ümumi dəyərinin 92,6%-ni və ya 2013-cü ilin müvafiq dövründə 91,6%-ni ödəyib, 8,9 mln. manatlıq kəsir yaranıb.
İstehlak edilmiş elektrik enerjisinin 6,1 mln. manatı, suyun 1,5 mln. manatı, təbii qazın 649,9 min manatı, istilik enerjisinin 357,4 min manatı, rabitə xidmətlərinin 303,9 min manatı ödənilməyib.
Göründüyü kimi, söhbət heç də kiçik bir məbləğdən deyil, 9 milyon manat kimi yüksək bir vəsaitdən gedir. İlk növbədə maraq doğuran odur ki, bəzi məmurların rəhbərlik etdikləri dövlət qurumlarının belə ciddi kommunal borcunun yaranma səbəbi nədir? Nəzərə alsaq ki, hər il büdcədən bütün dövlət qurumlarına kifayət qədər vəsait ayrılır və həmin vəsaitə kommunal xərclərin ödənilməsi də daxildir, o zaman ortaya sual çıxır: həmin vəsait necə istifadə edilir, hara gedir ki, bəzi dövlət orqanları - idarə, müəssisə və təşkilatlar bu qədər iri məbləğdə borclu qalırlar?
İkincisi, əksəriyyəti kasıb vəziyyətdə olan ölkə vətəndaşları kommunal xərclərə görə borclu qalmamağa çalışarkən, iri vəsaitlərə malik, rəhbər şəxsləri xeyli zənginləşən bəzi dövlət qurumlarının kommunal borclarının yaranması nə qədər doğrudur? Üstəlik, kommunal borc məsələsində sadə vətəndaşlara qarşı amansız, güzəştsiz olan əlaqədar qurumlar görəsən, dövlət orqanlarına qarşı niyə eyni rəftarı nümayiş etdirmir? Yoxsa buna bəzi məmurlardan qorxu hissi mane olur?
Üçüncü: İri büdcə tədiyyəçilərinin ödənişləri haqda isə ümumiyyətlə, statistika yoxdur. Xüsusilə, Cahangir Əsgərovun rəhbərlik etdiyi "Azərbaycan Hava Yolları" QSC, Etibar Pirverdiyevin rəhbəri olduğu "Azərenerji" ASC, Arif Əsgərovun rəhbəri olduğu "Azərbaycan Dəmir Yolları" QSC və sair kimi qurumların ödənişləri barədə məlumat tapmaq müşkül, hətta mümkünsüz bir işdir.
Dördüncü və və kifayət qədər əhəmiyyətli bir məqam: belə iddialar dolaşır ki, nəinki bəzi məmurların rəhbəri olduğu qurumların, hətta bir sıra məmurların özlərinin də şəxsi kommunal borcları var və həmin borcları üst-üstə yığdıqda fantastik rəqəm alınır. Bir çox oliqarxlardan yığılıb qalan və yüksək rəqəmlərlə ifadə olunan kommunal haqları tələb edə bilməyən aidiyyatı qurumlar isə vəziyyətdən vətəndaşları süni, saxta şəkildə borclandırmaqla çıxmaq istəyirlər. Elə tez-tez Bakıda və bölgələrdə əsasız şəkildə vətəndaşların adına yüksək borclarla bağlı bildirişlər yazılması da məmurların kommunal ödənişlərlə bağlı yaratdıqları kəsirləri aradan qaldırmaq cəhdi kimi başa düşülür.
Bu isə ayrıca mövzu olduğundan gələcək saylarımızda məsələyə təfsilatı ilə qayıtmağa çalışacağıq. Hələlik isə bir sual düşündürücüdür: görəsən, bəzi məmurların rəhbəri olduğu qurumların 9 milyon manat kimi ciddi borcu nə vaxt və necə ödətdiriləcək, yaxud ümumiyyətlə, ödətdiriləcəkmi?!
Ülviyyə Qasımlı