İŞİD-ə qarşı birgə mübarizə
İŞİD-ə qarşı birgə mübarizə

Qeyri-ənənəvi təriqətlərə maraq itib

İŞİD məsələsinə Azərbaycanın yanaşması demək olar ki, tam çılpaqlığı ilə ortadadır. Öncəliklə bu məsələyə dini komitə rəhbərliyi həssas yanaşdı və əksər dini icmaların fəaliyyəti yenidən araşdırıldı.

Qeyd edək ki, komitəyə YAP sədrinin müavini Mübariz Qurbanlı sədr təyin olunandan sonra komitənin fəaliyyətində siyasi detallar artdı və ekspertlər hesab edir ki, əslində bu doğru addımdır. Çünki Azərbaycan həssas bir perioda keçid edib və belə məqamda siyasi fiqurların nazir və s postlarına gətirilmələri daha effektli olacaq. Bunun ilkin nəticələrini artıq Mübariz Qurbanlının fəaliyyətində görürük. Mübariz Qurbanlı fəaliyyətinin ilk məqamlarında daha çox diqqəti icmaların siyasi bağlılığına yönəltdi. Sirr deyil ki, hazırda ölkədə fəaliyyət göstərən və maliyyə qaynaqları şübhəli görünən dini icmaların bir hissəsi həmçinin xarici kəşfiyyat dairələrinin tam nəzarətindədir və komitə sədri bu məsələni əsas məsələ hesab etdi. Keçirilən görüşlər və atılan addımlar qısa zamanda effekt verdi. Bununla yanaşı Mübariz Qurbanlı hüquq-mühafizə orqanları ilə də sıx əməkdaşlıq qurdu və bununla da qeyri-ənənəvi təriqətlərə qarşı mərkəzləşmiş mübarizə başladı. Artıq bu məsələdə QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də konkret bəyanatlarla çıxış etməyə başlayıb. "Bu gün müsəlman və qeyri-müsəlman dünyası bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə qarşıdurma vəziyyətinə gətirilib".Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. Onun sözlərinə görə, "Allahu əkbər!" nidası ilə müsəlmanların başı kəsilir, uşaq və yeniyetmələrə qoca və qadınlara rəhm olunmur: "Bəşəriyyət böyük təhlükə qarşısındadır və ən qorxulusu da odur ki, İslamın həm xarici, həm də daxili düşmənləri birləşərək dünyanın gözündə İslami dəyərləri nüfuzdan salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər".
Daha sonra Şeyxülislam bildirib: "Biz Azərbaycanın ayrılmaz və əzəli hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, ata-baba yurdlarımızın talan edilərək viran qalmasının, məscidlərimizin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalq kimi İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınlarına, İŞİD-in hər gün Yaxın Şərqdə törətdiyi rəzalətlərə, Qüdsdəki hərbi cinayətlərə və terror aktlarına laqeyd qala bilmərik. Buna görə də biz ekstremizmlə, terrorla, ideoloji təxribatın mənbəyi olan təkfirçiliklə mübarizədə ən təsirli vasitələrdən birini islami həmrəylikdə və sülhsevər ictimaiyyətin vahid əməkdaşlığında görürük". Ekspertlər hesab edir ki, hazırda baş verənlər göstərir ki, Azərbaycan hakimiyyəti bu sahədə fəaliyyətini daha da mərkəzləşdirəcək. İlk növbədə isə
1. Azərbaycanda İŞİD təbliğatının qarşısının alınmasına
2. Suriya və İraqa Azərbaycan vətəndaşlarının getməsinin qarşısını almağa start verəcək.
Bəri başdan bunu deyək ki, bir neçə ayla müqayisədə hazırda İŞİD sıralarında azərbaycanlıların yenə aktivlik göstərdiyi hiss olunmur. Çox böyük ehtimal ki, Türkiyə ilə aparılan danışıqlardan sonra bu mövzu kifayət qədər gündəmdən çıxacaq. Xatırladaq ki, hazırda azərbaycanlılar Suriya və İraqa əsasən Türkiyə vasitəsi ilə gedirlər. Amma bu gün həmin şəxslərin rahatlıqla istədikləri yerlərə getmələri çətinləşib. Bu isə təkrar edirik Türkiyə ilə Azərbaycanın qarşılıqlı əməkdaşlığı ilə bağlıdır. Ekspertlər bunu da bildirirlər ki, 2015-ci ilə qədər bu təriqətlərə qarşı mübarizə daha da ciddiləşdirilməlidir. Çünki 2015-ci ildə Azərbaycanda Avropa Olimpiadası keçiriləcək və bu tip qüvvələr terror aksiyları törətməyə cəhd edə bilərlər və dəfələrlə bu cür bəyanatları sosial şəbəkələrdə yayımlayıblar.
Başqa maraqlı nüans isə budur ki, öncələr qeyri-ənənəvi təriqətlərə cəmiyyətdə maraq var idisə, artıq bu maraq formasını dəyişib. Belə ki, bu təriqətlərə olan maraq,qorxuya çevrildi.Daha sonra isə bu qorxu sadəcə olaraq ikrah hissi ilə əvəzləndi. Buna görə hesab etmək olar ki, hazırda bu tip təriqətlər təbii şəkildə cəmiyyətdən təcrid olunublar. Buna görə bu qüvvələrlə mübarizə aparmaq o qədr çətin olmayacaq.

Mehdi Əli