Yaşar Həsənovun  səhmdar cəmiyyətinə 135 milyon manatlıq ittiham
Yaşar Həsənovun
səhmdar cəmiyyətinə 135 milyon manatlıq ittiham
Soyuqlar başladı, "Azəristiliktəchizat" yenidən tənqid hədəfinə gəldi

Bakının nəzərdə tutulmuş ərazilərini isti qazanxanalarla təmin etməyə borclu olan Yaşar Həsənovun rəhbərlik etdiyi "Azəristiliktəchizat" ASC isə qışa hazır olduğunu yaydan açıqlasa da, reallıq isə bunun əksini göstərir.
Baxmayaraq ki, "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev mətbuata açıqlamasında noyabr ayının 15-dən etibarən paytaxtda bütün qazanxanaların işə salınacağını demişdi.
Açıqlamadan belə görünürdü ki, evlərimizin istiliklə təchiz olunmasında heç bir problem olmamalıdır.
Təəssüflər olsun ki, deyilənlər nəticə etibarilə reallaşmayıb.
"qafqazinfo" saytı yazır ki, bir neçə gündür ki, paytaxtın ayrı-ayrı ərazilərində istiliyin hələ də olmaması ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Sayt ünvanların bir neçəsini təqdim edib:
Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi 11,
Yasamal rayonu, Hüseyn Cavid prospekti,
Binəqədi rayonu . E.Ağayev ev 120,
Nərimanov rayonu,
Xırdalan şəhəri ,
Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, bina 24, blok 1 ,
Səbail rayonu,Bayıl qəsəbəsi, E.Hüseynzadə küç,ev 8,
Bakıxanov qəsəbəsi,
Nəsimi rayonu, 20 yanvar küçəsi,
Sahil qəsəbəsi, M.Seyidov 1
Teymur Əliyev küçəsi,
Naxçivani və Rəşid Behbudov küçəsi,
Sabunçu rayonu, Balaxanı qəsəbəsi, II Mədən küçəsi.
Rəsulzadə qəsəbəsi (Vorovski) Musabəyov küçəsi, ev 4
Xətai rayonu Gəncə prospekti 95…
(Qeyd: Yazının həcmini nəzərə alaraq, siyahı tam verilməyib )
Bu qədər ərazidə problem varsa, o zaman "Azəristiliktəchizat" ASC qışa hazır olduğunu necə deyə bilər? Halbuki qışa hazırlıq prosesi mövsümdən əvvəl həyata keçirilməlidir.
Bu işləri reallaşdırmaq isə çətin məsələ deyil. Belə ki, 2005- ci ildə yaradılan quruma dövlət büdcəsindən külli miqdarda (135 milyon manat) vəsait ayrılıb.
Belə ki, 2006-2013-cü illərdə dövlət büdcəsindən bu quruma 110 milyon manat ayrılıb. 2013-cü il üçün bu quruma 25 milyon manat vəsait yönəlib. Onun 10,3 milyonu Bakı şəhərində qazanxanalarda, yaşayış evlərində və sosial obyektlərdə istilik təchizatı sistemlərinin təmir-bərpasına, 10 milyon manatı isə "2011-2013-cü illərdə Bakı və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş təchizatın yaxşılaşdırılması tədbirlərinə, 4,7 milyon manatı Xətai rayonu, Əhmədli yaşayış məntəqələrində 10 ədəd istilik paylayıcı məntəqələrin yenidən qurularaq məhəllə qazanxanalarına çevrilməsinə xərclənib.
135 milyon vəsait heç də az məbləğ deyil. Bu gün paytaxtda soyuq hava olmasına rəğmən sakinlər hələ də istilik üzünə həsrət qalıbsa, deməli, bu quruma ayrılan pullar göyə sovrulur. Belə olan halda Nazirlər Kabineti, əlaqədar qurumlar hara baxır? Cəmi 6 ay yəni, noyabrın 15-dən aprelin 15- nə kimi 3500 binanı istiliklə təmin edə bilməyən bu qurum nə işlə məşğuldur?

Sənan Mirzə