Fransızlar "Hafka"ya qarşı üsyana qalxdı
Fransızlar "Hafka"ya qarşı üsyana qalxdı

Onlar qalmaqallı iş adamına niyə etiraz edirlər?

"Hafka" ləqəbli azərbaycanlı iş adamı Hafiz Məmmədovla bağlı yeni qalmaqal yaranıb. Qalmaqal bu dəfə ölkəmizdən kənarda - Fransada baş qaldırıb.
Gələn məlumatlara görə, "Bağhlan-Group"un prezidenti olan Hafiz Məmmədovun hələ də sahibi olduğu Fransanın "Lans" klubu maliyyə problemlərindən yaxa qurtara bilmir. Belə ki, Fransa təmsilçisinin rəhbərləri bir neçə dəfə Bakıya pul dalınca gəlsələr də, buradan əliboş dönüblər.
"Hafka" klub prezidenti Jerve Martvelə noyabrın 20-dək 2,5 milyon avro ödəyəcəyini desə də, həmin məbləğ hələ də ünvanına çatmayıb. Artıq fransızlar müflis olmuş azərbaycanlı iş adamının verdiyi vədlərə inanmır.
Klubun durumundan təngə gələn "Lans"ın azarkeşləri də "Hafka"ya etiraz ediblər. Fransa çempionatının XIV turunda "Loryen"lə keçirilən səfər oyununda üzərində "Hafiz bizi öldürdü" ("Hafiz ma tue") yazılan köynəklərlə stadiona gələn fanatlar azərbaycanlı iş adamından vəd etdiyi pulları verməsini tələb ediblər.
Əks-halda, onlar Hafiz Məmmədovu klubun düşməni elan edəcəklərini bildiriblər.
Qeyd edək ki, son vaxtlar "Hafka" ciddi maliyyə böhranı ilə üz-üzədir. Bu, onun Azərbaycanda və Fransada sahib olduğu futbol klublarına da mənfi təsir edib. Məmmədovun "futbol biznesi" sözün həqiqi mənasında çöküşdədir.
Bir müddət əvvəl isə "Hafka"nın şirkətində çalışan işçilərin də maaş problemi yaşadığı bildirilirdi.
Görünən odur ki, Hafiz Məmmədov üzləşdiyi maliyyə böhranını hələ də aşa bilməyib. Bu isə onun adının qalmaqallı şəkildə gündəmə gəlməkdə davam edəcəyi deməkdir.
Günel Əkbər