İnsan hüquqları və beynəlxalq normalar
İnsan hüquqları və beynəlxalq normalar

Azərbaycan mükəmməl qanunvericilik bazasına malikdir

İnsan hüquqlarının qorunması uzun bir prosesdir və bunun üçün sözsüz ki, mühüm beynəlxalq aktlara imza atılmalı, ölkənin öz milli qanunvericilik bazası yaradılmalıdır. Maraqlıdır, bəs Azərbaycan bu baxımdan qanunvericilik bazasını necə formalaşdıra bilib? Qeyd edək ki, 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. Sənədin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalanmış və onun 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənmişdir. Qeyd olunan dövlət proqramı əsasında 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) institutu təsis edilmişdir.
Azərbaycan Respublikasında ictimai həyatın bir çox sahələrində dərin islahatlar həyata keçirilmişdir. Ölkənin demokratikləşdirilməsi sahəsində aparılan islahatların sırasında Azərbaycanın hüquqi sisteminin Avropa İnsan hüquqları Konvensiyası və digər vacib beynəlxalq sənədlərdə təsbit edilmiş beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar mühüm yer tutmuşdur.
Azərbaycan Respublikasının Mülki, Mülki-Prosessual, Ailə, Əmək, Cinayət, Cinayət-Prosessual, Cəzaların İcra edilməsi haqqında, Gömrük və Vergi Məcəllələri, Yığıncaq azadlığı, Kütləvi informasiya vasitələri, Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) və Vəkillik haqqında mühüm əhəmiyyətə malik olan qanunları qəbul edilmişdir.
İşgəncələr və digər qəddar, qeyri-insani hərəkətlərin, yaxud ləyaqəti alçaldan rəftarın qarşısının alınması üçün beynəlxalq təşkilatlar tərəfindən təklif edilmiş tövsiyələrin Azərbaycan Respublikası tərəfindən yerinə yetirilməsi üçün konkret tədbirlər görülmüş, yeni Cinayət Məcəlləsinə işgəncəyə görə ciddi cinayət məsuliyyəti nəzərdə tutan müvafiq maddə daxil edilmiş, təhqiqat, ibtidai istintaq dövründə və ya cəza çəkilərkən, habelə hərbi xidmət dövründə vəzifəli şəxslər tərəfindən vətəndaşların və ya, həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin işgəncə və ləyaqəti alçaldan qeyri-insani rəftar və cəza növlərinə məruz qalmaları cinayət qaydasında cəzalandırılmalı əməllər kimi müəyyənləşdirilmişdir.
Penitensiar sistemdə islahatlar sahəsində də böyük işlər görülmüşdür. Avropa Şurası qarşısında götürülmüş öhdəliyə uyğun olaraq, Azərbaycan hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında bağlanılmış sazişə əsasən, BQXK nümayəndələri azadlıqdan məhrumetmə yerlərinə baş çəkə bilərlər.
Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulmuş, 1998-ci ilin fevral ayının 10-da isə tamamilə ləğv edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən keçmiş SSRİ məkanında ilk dəfə olaraq, Daxili İşlər Nazirliyinin tabeçiliyində olan ilkin həbs saxlama yerləri Ədliyyə Nazirliyinin tabeçiliyinə verilmişdir.
Məhkəmə və hakimlər haqqında qanun bütün şəxslərin məhkəmə qarşısında bərabərliyi, müstəqil məhkəmələr tərəfindən ədalət mühakiməsinin ədalətlə və maneəsiz həyata keçirilməsi, təqsirsizlik prezumpsiyası, məhkəmə baxışının açıq, çəkişmə qaydası əsasında həyata keçirilməsi kimi ədalət mühakiməsi prinsiplərini müəyyənləşdirmişdir.
İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində beynəlxalq təşkilatlar qarşısında Azərbaycan tərəfindən götürülmüş geniş miqyaslı və spesifik öhdəliklər ölkədə yeni bir mühit yaratmış və Hökumətin gündəliyinə yeni vəzifələr daxil etmişdir. Bu baxımdan, öhdəliklərin yerinə yetirilməsinə nəzarət və implementasiya tədbirlərinin birləşdirilməsi prosesi siyasi öhdəliklərin hüquqi qaydalara və dövlətçilik təcrübəsinə çevrilməsinə töhfə vermişdir. Müstəqillik qazandıqdan sonra qısa bir müddətdə demokratik institutların yaradılması və möhkəmləndirilməsi, insan hüquqları dəyərlərinin müdafiəsi və təşviqi daxili və xarici siyasətin əsas komponentlərinə çevrilərək cəmiyyətin şüuruna təsir göstərmiş, vətəndaşlar üçün yeni imkanlar və dövlət qurumları üçün isə ciddi öhdəliklər yaratmışdır.
İnsan hüquqlarının təmin edilməsi sahəsində mühüm addımlardan biri də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi olmuşdur. Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra dövlət qurumlarının təklifləri əsasında hazırlanmış Milli Fəaliyyət Planı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli 1889 saylı Sərəncamı ilə təsdiq edilmişdir.
2007-2008-ci illər ərzində Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının İcrası və İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinin təmin edilməsi, eyni zamanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində bir sıra tədbirlər görülmüşdür. Bu istiqamətlər üzrə həyata keçirilməsi planlaşdırılan tədbirlərə gəlincə, Ombudsman aparatının təklifi ilə İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planının (MFP) internet saytının yaradılmışdır. Saytda MFP-nin icrasının vəziyyətinə dair məlumatlar, dövrü hesabatlar, işçi qrupların görüşləri barədə məlumatların və digər informasiyanın əks etdirilir.
27 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir. Konseptual və miqyaslı xarakter daşıyan həmin Proqramda Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin insan hüquqları sahəsində ixtisaslaşan qurumlar, Qaçqınlar üzrə Ali Komissarlıq, YUNESKO, YUNİSEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi, habelə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT , Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.
İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycan hökuməti ilə BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığı arasında səmərəli əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq ilkin olaraq 1998-ci ildə imzalanmış və müddəti 2000-ci ilədək müəyyən edilmiş "İnsan hüquqlarının təşviqi və müdafiəsi üçün imkanların və infrastrukturun gücləndirilməsi" (Strengthening Capacities and Infrastructure for the Protection and Promotion of Human Rights in Azerbaijan) adlı texniki əməkdaşlıq sənədinə əsasən həyata keçirilmişdir. Məsələnin aktuallığı nəzərə alınaraq, keçirilən proqramların davam etdirilməsi məqsədilə 2001-ci ilin dekabrında Ofislə Azərbaycan hökuməti arasında yeni layihə sənədi imzalanmışdır. Layihə çərçivəsində insan hüquqları sahəsində müxtəlif tədbirlər (seminar, treninq, təcrübə mübadiləsi, hüquqi ədəbiyyatın nəşri və s.) keçirilmişdir. Layihənin həyata keçirilməsində Azərbaycan tərəfindən əlaqələndirici qurum kimi Ədliyyə Nazirliyi çıxış etmişdir. 2005-ci il dekabrın 5-7-də Bakıda müqavilələrin implementasiyası üzrə nəzarət qurumlarına dövrü hesabatların təqdim edilməsi mövzusuna həsr edilmiş seminar, 2006-cı ildə isə layihə çərçivəsində hakimlər və prokurorlar üçün ikinci seminar təşkil olunmuşdur. 2006-cı ildə Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri ölkəmizin BMT-nin yeni yaradılmış İnsan Hüquqları Şurasına üzv seçilməsi olmuşdur.
2012-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının 1-ci məruzəsinə dair yekun rəyində verilmiş tövsiyələrin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Hökumətinin aralıq məruzəsi aidiyyəti üzrə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İnsan Hüquqları Şurasına təqdim edilmişdir. Eyni zamanda, Universal Dövri İcmal üzrə ölkəmizə münasibətdə verilmiş tövsiyələrin həyata keçirilməsi prosesi ilə bağlı tədbirlər və buradan irəli gələn digər məsələlər haqqında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İnsan Hüquqları Şurası mütəmadi olaraq məlumatlandırılmışdır.
27 fevral - 23 mart 2012-ci il tarixində keçirilmiş BMT-nin İnsan Hüquqları Şurasının 19-cu sessiyası çərçivəsində "Milli, etnik, din və dil azlıqlarının hüquqları üzrə bəyannamənin qəbul olunmasının 20-ci ildönümünün qeyd edilməsi" adlı panel müzakirə edilmişdir. Sessiyada Azərbaycan tərəfinin fəal iştirakı təmin olunmuşdur. Panel müzakirələr Bəyannamənin həyata keçirilməsi, əldə olunmuş nailiyyətlər, ən yaxşı təcrübələr və mövcud problemlərə həsr olunmuşdur.