Bakıdakı "Mənşə" sərgisindən reportaj

Bura gələnlər niyə onu maraqla qarşılayırlar?

Noyabrın 21-i Bakıda "Kiçik QalArt" sərgi salonunda gənc heykəltəraşlar Elvin Nəbizadə və Habib Saherin "Mənşə" adlı sərgisinin açılışı keçirildi. .Sərginin açılışına xeyli adam gəlmişdi. Hətta açılış vaxtına yarım saat qalmış artıq sərgi salonun qarşısında gözləyənlər var idi. Maraq kifayət qədər yüksək idi.

Sərginin yaranmasının ilk qığılcımı iki il öncə təsadüfi görüş zamanı parlayıb və ideya ərsəyə gələnə kimi təkmilləşdirilib. Onlar görüş zamanı edilən söhbətlərdən, müzakirələrdən baxış bucaqlarının bir-birinə necə yaxın olmasını anlayaraq sərgini reallaşdırmaq qərarına gəlirlər. "Öz köklərimizə qayıdıb bizə çatan mədəni irsə müasir nöqteyi-nəzərdən baxıb, tarixə yeni nəfəs verməyə çalışdıq. Çalışmışıq ki, diqqətdən yayınmış mövzunun bu günün özündə belə aktual olduğunu çatdıraq. Müasir dövrün təsiri bizi nə qədər dəyişməsinə baxmayaraq, bizim bugünkü keçmişimizin bir hissəsi bu sərgidədir".

"Unudulmaz torpaq"

Sərgi salonunun aşağı mərtəbəsində Elvin Nəbizadənin "Unudulmuş torpaq" instalyasiyası sərgilənir. Kataloqda əsər haqqında belə yazılıb: "Çörək elin sərvətidir. Hər birimizə məlumdur ki, cənub zonasında təndirin yaranması və istifadəsi geniş yayılıb. Bizim milli atributumuza çevrilən təndir nəinki Azərbaycan bölgələrini hətta bir çox qonşu ölkələri addım-addım gəzib. Bəzi mənbələrə diqqət yetirdikdə orada - təndirin yaranması ilə çörəyin bişməsinin eyni vaxta təsadüf edildiyi bildirilir və bunu nəzərə alaraq çörəyin hazırlanmasından tutmuş bişmə prosesinə kimi qadınların iştirakı və zəhmətini xüsusilə qeyd etməliyik. Qadının fəzada siluetini əks etdirmək üçün məhz təndir ayaqları üzərindədir. Kompozisiya həllində çoxun az nisbətində tüstünün çıxması dövründən, zamanından asılı olmayaraq təndirə hər vaxt tələbat olduğunu simvolizə edir".
Elvin Nəbizadə 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr dərəcəsini bitirib. Bir çox sərgilərdə, o cümlədən, "YARAT" müasir incəsənət məkanının təşkil etdiyi "Zavod 2013" sərgisində, Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi "Səməni" sərgisində, "YARAT" müasir incəsənət məkanının təşkil etdiyi "MUZEY 2014. TƏCAVÜZ " sərgisində iştirak edib. 2009-cu ildə Türkiyə səfirliyinin təşkil etdiyi sərgidə ikinci yeri, 2010-cu ildə ABŞ səfirliyinin təşkil etdiyi "Amerika mənim arzularımda" adlı sərgidə üçüncü yeri, 2014-cü ildə keçirilən "Səməni" sərgisində "Şəkərbura" əsəri ilə ikinci yeri tutub.
"Fəlsəfənin çörəyi yoxdu, çörəyin fəlsəfəsi var"

Elvin Nəbizadənin "Unudulmuş torpaq" instalyasiyası ilə vermək istədiyi mesaj bu cümlədə öz əksini tapır. "Layihədəki bütün fikri "Fəlsəfənin çörəyi yoxdu, çörəyin fəlsəfəsi var" cümləsi ilə tamamlamışam. Bəşəriyyətin yaranmasında hər şey zəhmətlə əmələ gəlib. İnsanlar əmək sayəsində bir çox şeylərə çatıblar. Burda da bizim milli mövzu çörək mövzusu mənim üçün çox aktualdır və çalışdım ki, unudulmuş bir şeyi insanların yaddaşında yenidən canlandırım, nəfəs verim. "Fəlsəfənin çörəyi yoxdu, çörəyin fəlsəfəsi var" - cümləsi isə bizim sırf bərəkət saydığımız çörəyin müqəddəs olmasına dair izah gətirmişəm. Çörək azərbaycanlılar üçün hər zaman xüsusi önəm daşıyıb. Bildiyimiz kimi, 1983-cü ildə Ağdamda Çörək muzeyi yaradılıb. Bu muzey SSRİ ölkələri arasında birinci, dünyada ikinci belə bir muzey idi. Çox təəssüf ki, hal-hazırda işğal altındadır. Sərginin ideyası həm də ordan gəlir, həmin muzeyin xatırlanması bizim çörəyə, bərəkətə nə qədər önəm verdiyimizin göstəricisidir".
Sərgi salonunun yuxarı mərtəbəsində isə Habib Saherin "Bərəkətin lənəti" əsəri sərgilənir. Nizələrə keçirilən qədim Mesopotamiya mədəniyyətinə xas heykəl başları görürük.
Bu heykəllər "Şedu" adlanır. "Şedu" qədim şumer-akkad mifologiyasına görə, insan ruhunun qoruyucusu idi. Heykəl öküz bədənli, qartal qanadlı və insan başlı təsvir olurdu. Mifoloji qəhrəman əgər kişi cinsindədirsə, qədim akkad dilində "Şedu", qədim şumer dilində isə "Alad" adlanırdı. Əgər neytral cinsdədirsə, qədim akkad dilində "Lamassu", qədim şumer dilində isə "Lama" adlanırdı. "Lamasu" neytral cins hesab olunurdu, yəni onu qadın kimi təsəvvür etmək olardı.
Öküz bədənli, qanadlı və insan başlı heykəllər bütün Yaxın Şərq mədəniyyətinə xas nümunələrdir. İlk dəfə Suriyadakı qədim Ebla şəhərinin qalıqları arasından tapılıb. Həmin heykəl bizim eradan əvvəl üçüncü minilliyin əvvəllərinə aiddir. Qədim Assuriya dövlətində "Şedu" şəhərlərin və dövlətin qoruyucusu hesab olunurdu. Bütün şəhərlərin, hökmdarın sarayının girişində qoyulurdu. Assur hökmdarı II Sarqonun Dur-Şarrukin şəhərindəki nəhəng sarayının girişində qoyulan iki "Şedu" heykəli hal-hazırda Parisdə Luvr muzeyində saxlanılır. Həmin heykəllərin ümumi ağırlığı 21 tondan çoxdur.
Habib Saher isə qədimdə qoruyucu hesab olunan "Şedu"lara, tamamilə, başqa nöqteyi-nəzərdən yanaşıb və kifayət qədər maraqlı əsər ortaya qoyub.
Sərginin kataloqunda əsər belə izah olunur: "Neft həmişə Yaxın Şərqin ən böyük bərəkəti olub. Bu regionu zəngin və qüdrətli edib. Lakin eyni zamanda neft həmişə qüvvətli ölkələr tərəfindən müharibə və müdaxilə gətirib. Neft qədim tanrıların bu torpağa verilən bərəkəti ola bilər, tədriclə bu mahalı müharibələr, qan və diktatura içində boğan bərəkət. Yaxın Şərqin qədim xalqı hesab edirdi ki, onların şir bədənli, öküz qulaqlı və üç cüt buynuzlu "Şedu" adlanan totemləri torpaqlarını qoruya bilər, amma indi "Şedu" yalnız Yaxın Şərqin keçmiş şərəfli imperiyalarının rəmzidir. Bu totemlərə baxarkən, insanlar öz torpaqlarının qızıl dövrünü, fəxr etdikləri zamanı yadlarına salırlar, lakin reallıqda o dövrdən nə qalıb? Sonu görünməyən müharibələr, böhran, yarılma və sonsuz axan qan... Şöhrət arxada qaldı və bizə çatan yalnız totemdir. Bu insanlar keçmişin ruhi həbsxanalarında yaşayır, onlar çalışırlar ki, "Şedu"ların onları xilas edə bilmədikləri zaman itirdikləri şərəfi görməsinlər. Bu əsərlər müasir dünyada qədim totemlər, onların taleyi, onların torpaqlarının taleyi haqqındadır. Şüşə akvariumda totem. Neft onun ağzından axır, yavaş-yavaş akvariumu dolub, totemi özündə boğur. Yaxın Şərqin neftlə dolu simvolu, tanrıların bərəkəti, lakin bu neft regiona müharibələr və diktatura gətirən lənətdir. Totemin bəxş etdiyi bərəkətin içində astaca boğulur".
Habib Saher yaradıcılığa altı yaşından başladığını deyir. "Atamın qalereyası olub. Mən orada həm öyrənmişəm, həm uşaqlara aid olan sərgilərdə iştirak etmişəm. O vaxt mənim orada fərdi sərgim də olub". Habib əslən iranlıdır və 11 ildir ki, Bakıda yaşayır. 2010-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr dərəcəsini, 2013-cü ildə magistr dərəcəsini bitirib. İlk fərdi sərgisi 1992-ci ildə Tehranda "Nəqiş" qalereyasında baş tutub. Azərbaycanda da bir çox sərgilərdə iştirak edib. Gənc heykəltəraşına dediyinə görə, gözlədiklərindən də çox adam gəlib: "O qədər adam gəlib ki, içəri girib baxmağa da imkan yoxdur"(gülür).
"Biz tarixə başqa gözlə baxmaq istədik, müasir incəsənət gözü ilə baxmaq istədik. "Şedu" Qədim Mesopotamiya, Babil dövləti, Qədim Fars imperiyasının mədəniyyətinə məxsusdur. Yaxın Şərq hal-hazırda bütün dünyada ən böyük neft ixracatçısıdır və Yaxın Şərqdə həmişə bu neft üstündə müharibələr olub. Müharibə, problemlər, başqa ölkələrin müdaxilələri və s. Yəni neft bu ölkələrin başına bəla açıb. Neft olmasaydı, bəlkə də diktatura rejimləri də olmazdı, terror qrupları da yaranmazdı. Bunlar hamısı neftdən qidalanır. Burda istifadə olunan totemlər qədim totemlərdir. Onlar həmişə şəhərin girişində olub. Onun öküz bədəni, qartal qanadları və insan başı olub. Bu totem şəhərin qoruyucu mələyi hesab olunurdu. Şəhəri bəladan və düşməndən qoruyurdu. Mənim fikirləşirəm ki, bu totemin bu torpağa bəxş etdiyi bərəkət neft olub. Ancaq o bəxş edilən bərəkət bu ölkələrə inkişaf, rifah əvəzinə müharibələr və bəla gətirib. Onun verdiyi bərəkət öz torpaqlarını yox eləməyə başlayıb. Orda görmüşünüz totemlərdən biri akvariumun içindədir və onun ağzından yavaş-yavaş neft axır. Neft axdıqca akvarium dolur. Yəni, onun bəxş etdiyi bərəkət onun özünü boğmağa başlayacaq. Digər iş isə, nizələrə keçirilmiş totemlərin isə başqa bir mənası var. İndiki Yaxın Şərq ölkələrində keçmiş imperiyalara çox böyük hörmət bəsləyirlər, çox böyük sevgi ilə yanaşırlar. O köhnə mədəniyyəti hər zaman xatırlatmağa çalışırlar. Ancaq bizim o köhnə mədəniyyətin bizə heç bir dəxli yoxdur. İranda da eyni şeydir. Bizdə çox böyük hörmət var o totemlərə. Ancaq o mədəniyyətin indiki vəziyyəti nizəyə çəkilmiş, dağılmış vəziyyətdədir. Mən onu göstərməyə çalışmışam".
Sənətşünas Müjgan Nəbizadənin sözlərinə görə, müasir incəsənət dünyasına aid qanunları aşkar etmək üçün rəssam həyata bir insan kimi tam hazır olmalıdır. "O, özlüyündə bütün nəcib hissləri, intellekt, intuisiya, düzgün düşünmək qabiliyyəti və yaratmaq arzusunu inkişaf etdirməlidir. İdeya - xüsusi bir gücdür, hansı ki, maddi dünyanın hər hansı digər bir gücünə bənzəsə də, biz onu görmürük, lakin hər zaman onun təsirini hiss edə bilirik. Təqdim edilmiş ekspozisiya yaradıcılıq axtarışının nəticəsidir, onun yaranma prosesində iki gənc heykəltəraş Elvin Nəbizadə, Həbib Saher kifayət qədər qeyri-adi yaradıcılıq həlli qəbul ediblər. Bundan da "Mənşə" sərgi ideyası irəli gəlib, bu da öz növbəsində hər zaman obrazla qaynaşan müəyyən mənası olan simvoldur. Simvola keçərkən obraz "şəffaflaşır", çətin bir anlayış tələb edən məna dərinliyi və məna prespektivi yaradılır. Müəlliflər iki layihə "Təndir" və "Totem" təqdim edərək buna nail olmuşlar. Çörək bişirilən "Təndir" nəinki Şərqi həmçinin dörd həyat ünsürü olan: hava, su, od, torpağı simvolizə edir, "Totem" isə insanın bütün ətraf aləmlə qohumluq əlaqəsini əks etdirir, harda ki hər hansı bir əşya seçimlə totem olaraq irsin daimi simvoluna çevrilir. Ümumilikdə müəlliflərin yaratdıqları simvolik obrazlarla fəlsəfi baxışları çox anlaşılır və heykəltəraşların tətbiq etdikləri simvolizmin yaradıcı üsulu bədii şüurun yenilənməsinə və genişlənməsinə səbəb olur. Sərgi ekspozisiyası özünəməxsus, maraqlıdır və tamaşaçını öz dünya durumuna dərindən nüfuz etməyə sövq edir".
Emil Bağırov