Türkiyə-Ermənistan sərhədlərinin açılması şousunda Gülən izi
Türkiyə-Ermənistan sərhədlərinin açılması şousunda Gülən izi

Bu ölkədə ermənilər əlavə üstünlüklərə sahiblənməyə başlayır

Son günlər Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı fərqli fikirlər gündəmə gəlməkdədir. Düzdür, rəsmi olaraq Türkiyə tərəfi sərhədlərin açılması ilə bağlı Ermənistanla hər hansı danışıqlar apardıqlarını təsdiqləməyiblər. Amma bu iddialar gündəmi zəbt etməkdədir. Maraqlıdır, ortada hər hansı bir danışıq yoxdursa, gözlənilmədən bu iddialar haradan qaynaqlandı?
Ekspertlər hesab edir ki, bu ciddi bir oyunun başlanğıcıdır və burada müxtəlif məqsədlər var. Bunlar nədən ibarətdir? İlk növbədə hesab edilir ki, Türkiyədə bir qrup cəmiyyəti inandırmağa çalışırlar ki, sərhədlər açılarsa Ermənistanın Türkiyəyə aqressiyası azalacaq. Xatırladaq ki, qondarma erməni "soyqırımı"nın 100 illiyi olacaq və Ermənistanla erməni lobbisi buna ciddi hazırlıq görürlər. Amma məlum qrup hesab edir ki, sərhədlərin açılması ilə bu layihələrin böyük bir qismini sıradan çıxartmaq olar. Hətta bunlar iddia edirlər ki, Türkiyənin baş naziri və ya prezidenti səviyyəsində də ermənilərdən dolayı yolla üzr istəməklə 100 illik oyununu pozmaq olar. Amma əksər analitiklər hesab edir ki, irəli sürülən iddialar gülüncdür və erməni lobbisi heç vaxt buna yol verməyəcək. Ən azından ona görə ki, hazırkı Ermənistan rəhbərliyi sərhədlərin açılmasında heç maraqlı da deyillər. Çünki ortada Rusiya faktoru var və Ermənistan Gömrük İttifaqına qoşulmaqla bir dəfəlik Rusiyanın himayəsinə sığındı. Deməli Türkiyədəki məlum qrupun bu bəhanəsi Azərbaycanla Türkiyə arasında münasibətləri gərginləşdirməkdir. Maraqlıdır, bəs Türkiyədə Azərbaycanla bu ölkənin iqtisadi-siyasi əlaqələrinə kimlər zərbə vura bilər? İlk növbədə ağıla gələn sözsüz ki, Fətullah Gülən camaatıdır. Çünki Türkiyədə onlara qarşı ciddi kompaniya başladı və Azərbaycanda da bunun təsirini gördük. İddia olundu ki, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bildirib ki, Azərbaycandakı nurçular tamamilə sıradan çıxarılmalıdır. Çünki Azərbaycanda Fətullah Gülən tərəfdarları çox ciddi maliyyə qaynaqlarına sahibləniblər və Türkiyədə aktiv fəaliyyət göstərmələri üçün bu maliyyə gərəkli olur. Ərdoğan bir müddət açıq şəkildə bildirmişdi:"Bu insanların Türkiyədən kənarda çox ciddi dayaqları var və onları təmizləmək üçün ilk növbədə Türkiyədən kənardakı qollarını kəsməliyik". Həqiqətən də hazırda Fətullah Gülənçilərin Türkiyədən kənardakı qaynaqları sıradan çıxarılır və buna görə onlar əks-müqavimət cəbhəsini genişləndirirlər. Xatırladaq ki, hazırda Türkiyədə Fətullah Gülənçilərin sıradan çıxarılması üçün ikinci dalğaya start verilib və bu dalğa daha kəsərli olacaq. Belə ki, Türkiyədə 2013-cü ilin dekabr ayında həyata keçirilən rüşvət və korrupsiya əməliyyatlarından sonra o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğanın mübarizəyə başladığı və "terror təşkilatı" adlandırdığı "Gülən camaatı"na yeni kod adı verilib.
"Sabah" qəzetinin yazdığına görə, dövlət PKK ilə apardığı mübarizəni eyni ilə "Gülən camaatı"na qarşı da aparacaq. Hökumət milli təhlükəsizliyi təhdid edən və ictimai asayişi pozan daxili və xarici leqal görünüş altında qeyri-qanuni fəaliyyət göstərən təşkilatlara qarşı mübarizə aparacaq.
Qəzetin yazdığına görə, Türkiyə dövləti artıq ictimaiyyətdə "paralel dövlət" kimi tanınan "Gülən camaatı"nı rəsmi yazışmalarda "PDY/PO" kodu ilə qeyd edəcək."PDY/PO" kodlaşdırmasının açılışı belədir: "Paralel Dövlət Yapılanması/Pensilvaniya Örgütü".Artıq Fətullah Gülənçilər də hiss edir ki, durum daha da mürəkkəbləşir və bu səbəbdən Türkiyənin dövlət olaraq xarici siyasətinə zərbə vurmağa çalışırlar. Bunu da unutmayaq ki, son zamanlar Türkiyənin özündə yaşayan ermənilər də lazımi qədər aktivləşiblər və bu təbliğat prosesində onlar da aktivlik göstərirlər. Elə bu günlərdə Ankarada Dink Fondunun təşkil etdiyi forumda da bu məsələ gündəmə gətirildi və təsirsiz ötüşmədi. Türkiyədə ermənilərinin bu şəkildə aktivləşməsinin isə bir sıra səbəbləri var ki, bunların sırasında mövcud hakimiyyətin onlara loyal yanaşmasıdır. Unutmayaq ki, bu kampaniya başlamamışdan bir neçə həftə öncə Türkiyənin baş naziri Əhməd Davudoğlu erməni milliyətindən olan birini özünə müşavir götürdü.
Mehdi Əli