İnternat müəssisələrində uşaqlara qarşı zorakılıq faktları var
İnternat müəssisələrində uşaqlara qarşı zorakılıq faktları var

Nazir Quliyev: "Qanunvericiliklə müxtəlif hüquqları olsa da, onlar faktiki olaraq əksər hüquqlarından məhrumdurlar"

Ölkəmizdə uşaqların hüquqlarının qorunması istiqamətində qanunvericilik günü-gündən təkminləşdirilsə də, cəmiyyətdə hüququ pozulan, zorakılığa məruz qalan uşaqların sayı az deyil.
Son vaxtlar uşaqlara qarşı zorakılıq halları daha çox valideyn himayəsindən məhrum edilmiş uşaqlar üçün nəzərdə tutulmuş internat müəssisələrində müşahidə edilir. Bu isə ilk növbədə həmin uşaqlar üzərində valideynlərin, qohumların və ictimai nəzarətin zəif olması və ya ümumiyyətlə olmaması, uşaqların şikayət və müraciət etmələri üçün mexanizmin olmaması, həmin internat müəssisələrinin qapalı rejimdə işləməsi ilə izah edilir. Buna misal olaraq 7 saylı Suraxanı internat məktəbində 7 yaşlı Nahidin döyülməsi faktını gətirmək olar. Baxmayaraq ki, bu fakt olsa belə xüsusi internat məktəbində baş verən hadisə rəsmən təsdiqlənmədi. Rəsmi qurumlar 2006-cı il təvəllüdlü Nahid Cavadovun internat məktəbinin sanitar qovşağında sürüşərək yıxıldığı, alın nahiyəsindən zədə alaraq gözlərinin altının qaraldığı barədə məlumat yaydı. Halbuki, həmin uşaq döyülməsini özü təfərrüatı ilə açıqlamışdı. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, internat evində uşaqların döyülməsi faktları yeni deyil. "Bu həmişə olub. Sadəcə internatda oxuyan uşaqlar bu olayların işıqlandırılmasından çəkiniblər, qorxublar. Sonuncu, 7 saylı internat evində döyülən Nahidin məsələsi də onlardan biridir. Əqli cəhətdən geri qalan uşaqların qaldığı müəssisələrdə zorakılıq faktları var. Qanunvericilikdə əqli inkişafdan qalan uşaqların dedikləri sübut kimi qəbul edilmir. Buna görə də problem həllini tapmır, məsul şəxslər cəzadan yayına bilirlər. Məsələn, Nahidin döyülməsinin araşdırılması üçün ekspertiza olmadı. Araşdırmaya müstəqil qurumlar, uşaq psixoloqları cəlb edilmədi. Necə olur ki, uşaq döyüldüyünü deyəndə əqli xəstə olduğu üçün söylədikləri əsas götürülmür, amma yıxıldığını deyəndə hər kəs inanırdı?".
Kəmalə Ağazadə deyir ki, problemin kökündə dayanan məsələlərdən biri də belə məktəblərin ictimaiyyətin nəzarətindən kənarda qalmasıdır: "Bu məktəblər ictimai sektor üçün qapalıdır. Yəni kimsəsiz uşaqların vəziyyəti ilə bağlı şəfaff monitorinq aparmaq və real vəziyyəti öyrənmək mümkün deyil. Bizim əldə etdiyimiz məlumatlar köhnəlmiş məlumatlardır. Həmin məktəbdən ayrılmış uşaqlar sonradan içəridə nə baş verdiyini danışırlar və biz də bu şəkildə internat məktəblərinin daxilindəki vəziyyətdən xəbər tuturuq. Təəssüf ki, onda da artıq gec olur".
Bu gün internat məktəblərində baş verənləri, ümumi vəziyyəti təxmin edə bilmək üçün Bakının müxtəlif bölgələrindəki internat məktəblərinin məzunları ilə danışdıq. Təbii ki, ekspertlərin də dediyi kimi hazırda internatda oxuyanların fikirlərini öyrənmək mümkün deyil. Onlar səhərisi gün başlarına gələcəklərdən çəkindikləri üçün danışmaq istəmirlər".
Sosioloqların fikrincə, Qərbi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda fəaliyyət göstərən internat müəssisələrində zorakılıq hallarının böyük əksəriyyəti müəllimlər və müəssisələrin işçi heyəti tərəfindən baş verir. Sosioloq Nəzakət Əhmədovanın sözlərinə görə, günərzi internat müəssisələrində isə vəziyyət nisbətən yaxşı olsa da, bu müəssisələrdə də uşaqlara qarşı zorakılıq halları müşahidə edilir. "Uşaqlarla aparılmış sorğu və söhbətlər, onların bildikləri söyüş və təhqirlərin müəlliflərinin məhz qaldıqları müəssisələrin müəllim heyətinin olduğu müəyyən edilib. Elə uşaqların döyülməsi də müəllimlər tərəfindən həyata keçirilir. Cəmiyyət hər zaman internat uşaqlarını sahibsiz hesab edir və onların mühafizəsiz olduğunu düşünür. Bunun nəticəsində də, internat uşaqları digər uşaqlar və gənclər tərəfindən zorakılığa məruz qalır".
İnternat müəssisələrində daha çox yayılmış zorakılıq növü psixoloji-emosional zorakılıqdır ki, bu da əsasən onların qorxudulması və alçaldılması kimi müşahidə edilir. Psixoloq Ülviyyə Hüseynovanın sözlərinə görə, zorakılığa məruz qalmaları uşaqların gələcəkdə normal insan kimi yetişməsinə mənfi təsir göstərir. Müsahibim hesab edir ki, uşaq yaşlarında zorakılıqla üzləşmiş uşaqlar gələcəkdə insanlara qarşı eyni davranışlar nümayiş etdirirlər. "Uşaq necə böyüyürsə, uşaqla necə rəftar edilirsə, o da böyüdükcə eyni davranışları nümayiş etdirir. Çox zaman internat müəssisələrində zorakılıqla qarşılaşan uşaqlar ətrafdakılara qarşı həddən artıq emosional olur".
Psixoloqun fikrincə, cəmiyyət üçün normal düşüncəli gənclər yetişdirmək üçün onlara harda olmasından asılı olmayaraq, valideyin qayğısı göstərmək lazımdır. Uşaq Hüquqları Klinikasının rəhbəri Nazir Quliyev bildirir ki, internatda böyüyən uşaqların qanunvericiliklə müxtəlif hüquqları olsa da, onlar faktiki olaraq əksər hüquqlarından məhrumdurlar: "Bu cür hadisələr dövlət uşaq müəssisələrinin yenilənməsinə və ailə tipli proqramlara keçməsinə ehtiyac olduğunun sübutudur. Bu müəssisələrdə olan uşaqların zorakılığa məruz qalması halları zaman-zaman gündəmdə olub. Ən pisi də belə zorakılıq faktlarını vaxtında müəyyən etmək və sübut etməyin çətinliyidir. "Uşaq hüquqları haqqında" qanunun IV fəsili, "Əlverişsiz mühitə düşmüş uşaqların müdafiəsi"nə həsr olunub. Bu qanunun 3-cu maddəsində qedy olunub ki, dövlət hərbi əməliyyatlar, epidemiya, təbii və ekoloji fəlakətlər zonasında yaşayan və ya onların təsirinə məruz qalan, habelə yetim uşaqların, natamam (valideynlərdən biri olmayan), aztəminatlı ailələrin uşaqlarının, şəhid uşaqlarının müdafiəsini xüsusi proqramlar əsasında təmin edir. Uşaq müəssisələrində saxlanan valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatındadırlar. Onlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
güzəşt və imtiyazlardan istifadə edirlər. Maddə 32-də övladlığa götürmə, uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Övladlığa götürən şəxs uşağın normal inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır. Şəxsi mənfəət əldə etmək məqsədilə uşağın övladlığa götürülməsi qadağandır. Övladlığa götürənin sirri dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər tərəfindən övladlığa götürülməsinin, habelə Azərbaycan Respublikası vətəndaşının əcnəbi uşağı övladlığa götürməsinin qaydaları dövlətlərarası müqavilələr və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Maddə 33-də internat müəssisələrində uşaqların saxlanmasının və tərbiyəsinin şərtləri var. Uşaq evlərində, internat tipli uşaq müəssisələrində uşaqların təlim-tərbiyəsinin təşkili və keyfiyyətinə görə həmin müəssisələrin rəhbərləri məsuliyyət daşıyırlar. Antipedaqoji və əxlaqsız hərəkətlərə yol vermiş şəxslərin uşaq müəssisələrində işləməsinə yol verilmir. Uşaq evlərində və uşaq internat müəssisələrində uşaqların hərtərəfli fiziki və mənəvi inkişafı, şəxsiyyətinin formalaşması məqsədilə ailə şəraitinə yaxınlaşan zəruri maddi və mənəvi-psixoloji şərait yaradılır.34-cü maddə isə sırf internat müəssisələri məzunlarının müdafiəsi,internat müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının hüquq və mənafelərinin müdafiəsi bu müəssisələrin rəhbərləri və himayə orqanları tərəfindən həyata keçirilməsini əhatə edir. Təhsilini davam etdirməyə gedən və ya işə düzələn internat müəssisələrinin məzunlarının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş miqdarda təminat almaq hüququ vardır. Yaşayış sahəsi olmayan məzunların yetkinlik yaşına çatana qədər bu müəssisələrdə qalmasına icazə verilir. 41-ci maddədə xüsusi tərbiyə müəssisələrində olan uşaqların hüquqları əks olunub. Qeyd edilir ki, xüsusi təlim-tərbiyə və ya ixtisaslaşdırılmış tibb müəssisələrində olan uşaqların onlarla humanist davranması, səhhətinin mühafizəsi, zəruri təhsil və peşə hazırlığı almaq, məzuniyyət, yazışma, valideynləri və qohumları ilə görüşmək hüququ vardır".