Məmurların daha bir gəlir mənbəyi haqqında sensasion iddialar
Məmurların daha bir gəlir mənbəyi haqqında sensasion iddialar

Azərbaycana təhlükəli uşaq qidalarını kimlər və necə gətirirlər?

Azərbaycana ötən il xarici ölkələrdən ümumi məbləği 21 milyon 595,8 dollarlıq 2870,2 ton uşaq qidası idxal olunub. Uşaq qidasının keyfiyyəti ilə bağlı ölkədə aidiyyəti qurumlar tərəfindən lazımi tədbirlər görülsə də, konkret nəticələr barədə müxtəlif fikirlər səsləndirilir. Ümumiyyətlə, uşaq yeməklərinin təhlükəsizliyi məsələsi beynəlxalq aləmdə aktual mövzu kimi qalır. Çünki, dünya üzrə uşaq ölümündə süni qida məhsullarının payı az deyil.

Azərbaycana süni uşaq qidaları daha çox Rusiya, İordaniya, Türkiyə, Almaniya, İsveçrə, Sloveniya və digər Avropa dövlətlərindən gətirilir. Ölkədə uşaq qidaları çox az istehsal olunur.
Dövlət Statistika Komitəsinin uşaq qidasının idxal və ixracına dair məlumatında bildirilir ki, 2011-ci ildə uşaq yeməkləri, pərakəndə satış üçün çəkilib bükülmüş halda xarici ölkədən 2199,1 ton, yəni 17 milyon 675,2 milyon dollarlıq idxal olunub. 2012-ci ildə idxal 2351,1 ton (artım 152 kq), yəni 18 milyon 947,5 milyon dollar təşkil edib. İxrac isə cəmi 209,4 min dollar olub. Ötən ildə isə idxal 2012-ci illə müqayisədə yarım ton (519,1 kq) artıb, bu da 2 milyon 648,3 milyon (21 milyon 595,8) çox deməkdir.
Ümumiyyətlə, Azərbaycanda körpə və azyaşlı uşaqların ana südü ilə qidalandırılmasının təmin olunması üçün dövlət səviyyəsində, o cümlədən Səhiyyə Nazirliyi tərəfindən tədbir həyata keçirilib. Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı (2010-2015) təsdiq edilib. Bu proqramda nəzərdə tutulmuş Perinatal Mərkəzlər Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba, Sabirabadda fəaliyyət göstərir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi uşaq yeməklərinə mütəmadi dövlət nəzarətini həyata keçirir, onun tərkibi və keyfiyyəti ilə bağlı vaxtaşırı monitorinqlər aparır. Ölkəyə idxal olunan süni uşaq qidası satışa çıxarılmazdan əvvəl məhsulun laborator müayinəsi aparılır. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə deyib ki, bu məsələ birbaşa uşaqlarla bağlı olduğu üçün xüsusi diqqət yetrilir, istehlak bazarında mütəmadi olaraq dövlət nəzarəti tədbirləri keçirilir. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən marketlərdə uşaq qidaları "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Qanuna uyğunluğu daim araşdırılır, vaxtı keçmiş uşaq qida məhsulları ilə bağlı yoxlamalar aparılır. Belə ki, ötən ildə 50 kiloqrama yaxın vaxtı keçmiş məhsul aşkarlanıbsa, bu ilin ötən dövründə 10 kiloqramdan çox olub.
A.Əliyevin fikrincə, Azərbaycana gətirilən süni uşaq qidalarının keyfiyyəti ilə bağlı ciddi problem yoxdur. Onların qiymət məsələsi sərbəstdir. Bunu bazar müəyyənləşdirir.
Ekspertlər isə uşaq qidalarının təhlükəsizliyi ilə bağlı rəsmilərin arxayınçılığını bölüşmürlər. Onlar uzun müddətdir bəyan edirlər ki, qidaların saxlama müddəti və keyfiyyətilə bağlı çox ciddi problemlər mövcuddur. Məhsulların çoxunun üzərində Azərbaycan dilində heç bir məlumat yazılmır. Onların saxlanma qaydalarına düzgün riayət edilmir. Hətta satışda kustar üsullarla hazırlanmış, mənbəyi məlum olmayan qidalara da rast gəlmək mümkündür. Nəzərə alın ki, uşaq qidası nə qədər keyfiyyətli olsa belə, onun üzərində mütləq "ana südünü əvəz edə bilməz, körpələrinizi ana südü ilə qidalandırın" kimi ifadələr də yer almalıdır. Amma təəssüflər olsun ki, buna diqqət edən yoxdur. Süni uşaq qidalarının həm reklamı, həmçinin də markalanmasında ciddi nöqsanlara yol verilir.
Daha bir ilginc məqam da var: hələ xeyli əvvəl Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirmişdi ki, uşaq qidalarının distribütor satışı ilə bağlı xeyli problemlər mövcuddur: "Qanunda göstərilir ki, pediatrların uşaq qidalarının distribütorları ilə heç bir əlaqələri olmamalıdır. Biz bu gün bunun əksini görürük. Pediatrların əksəriyyəti distribütorlarla gizli əməkdaşlıq edirlər. Bizdə materiallar var ki, süni uşaq qidalarının distribütorları pediatrları başqa ölkələrə belə göndərirlər".
Aradan müəyyən müddət keçməsinə rəğmən bu problemin də aktuallığını qoruduğu istisna deyil.
Ekspertlər uşaq qidaları ilə bağlı çatışmazlıqların mövcudluğunu məmur maraqları ilə izah edirlər. Bildirilir ki, belə qidaların gətirilməsi hansısa vəzifəli şəxslər tərəfindən himayə edilə bilər. "Nəticədə kimlərsə qaz vurub qazan doldurur, olan isə genefondumuza olur" - bu qənaət bir çoxlarına hakimdir.
Ümid edək ki, əlaqədar qurumlar uşaq qidalarının təhlükəsizliyi məsələsinə diqqəti daha da artıracaqlar. Həm də bunun hansısa məmur maraqlarına zidd olub-olmamasından asılı olmayaraq!
Günel Əkbər