Uşaq hüquqlarının qənimi olan əməyin istismarı
Uşaq hüquqlarının qənimi olan əməyin istismarı

Bu gün uşaq hüquqları ən həssas məqamlardan biridir və uşaq hüquqları mövzusu gündəmə gələndə ilk yada düşən uşaq əməyinin istismarı olur. Maraqlıdır, Azərbaycanda bunun qarşısı necə alınır? Qeyd edək ki, Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli "Uşaq hüquqları haqqında" Qanunun 24-cü maddəsinə əsasən, uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ vardır. Maddə də həmiçinin, uşaqların əmək hüququnun yaranmasının və həyata keçirilməsinin şərtləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edildiyi bildirilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqaviləsi işçi və işəgötürən arasında bağlanan və 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Mülki qanunvericiliyə əsasən şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada 18 yaşından əvvəl tam fəaliyyət qabiliyyəti əldə edərsə, uşaq üçün nəzərdə tutulmuş hüquq və vəzifələrə xitam verilir və əmək müqaviləsi bağlamaq üçün qanuni nümayəndələrin razılığı tələb olunmur. 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır. Bununla bağlı ekspert Səyyarə Alışova hesab edir ki, əmək fəaliyyəti ilə məşğul olarkən uşağın gördüyü iş onun tam formalaşmamış orqanizminin fizioloji xüsusiyyətlərinə uyğun olmalıdır:" Əmək qanunvericiliyi, yaşı 18-dən az olan şəxslərin ağır əşyaları qaldırılması və bir yerdən başqa yerə daşınmasına məhdudiyyətlər qoyur. Belə ki, 16 yaşdan 18 yaşadək olan işçilərin əmək funksiyasına yalnız ümumi çəkisi aşağıdakı normalar həddində olan ağır əşyaların əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər.:
o kişi cinsinə mənsub olan uşaqların başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaları əl ilə qaldıraraq başqa yerə daşınması, habelə ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanı 1.5 metrdən artıq hündürlüyə qaldırılması;
o qadın cinsinə mənsub olan uşaqların başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanı əl ilə qaldıraraq başqa yerə daşınması, habelə ümumi çəkisi 5 kiloqramdan çox olmayan əşyanı 1.5 metrdən artıq hündürlüyə qaldırılması;
o bütün iş günü ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanı əl ilə qaldırılıb başqa yerə daşınması;
o 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması .
Yaşı 16-dan az olan qızlar 16 yaşdan 18 yaşadək qızlar üçün qeyd edilən normaların üçdə bir hissəsi həddində ağır yükləri qaldıra və ya daşıya bilərlər, həm də bunun üçün yaşı 16-dan az olan qızların özlərinin razılığı tələb olunur. Yaşı 16-dan az olan qızların bütün iş günü ərzində müntəzəm olaraq yük qaldırma və yük daşıma işlərinə cəlb edilməsi qadağandır.
Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı Azərbaycan Respublikaasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Qanunvericilik, uşaqların sağlamlığının əmək fəaliyyəti ilə məşğul olmağa imkan verib-verməməsini müəyyənləşdirməyi də nəzərdə tutur. Yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinədən keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidir(ƏM, 252-ci maddə).
Əmək qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayan şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilmişdir. 16 yaşınadək olan işçilər üçün iş vaxtı 24 saatdan, 16 yaşdan 18 yaşadək olan işçilər üçün isə 36 saatdan artıq olmamalıdır(ƏM, 91-ci maddə).
Uşaqlar qısaldılmış iş vaxtı şəraitində işləsələr də, onların əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən 18 yaşı tamam olmuş işçilər üçün müəyyən edilən tam məbləğdə ödənilməlidir. Yaşı 18-dən az olan və işəmuzd işlərdə çalışan işçilər üçün müəyyən edilmiş işəmuzd qiymətlər üzrə ödənilir.
Milli qanunvericiliklə yanaşı, beynəlxalq qanunvericilkdə də uşaqların əmək hüququ ilə bağlı müddəalar mövcuddur. Belə ki, BMT-nin 20 noyabr 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasının 32-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın iqtisadi istismardan və sağlamlığı üçün təhlükə törədə bilən və ya təhsil almasına mane ola bilən, yaxud sağlamlığına və fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafına ziyan vura bilən hər hansı işi yerinə yetirməkdən müdafiə edilmək hüququnu tanıyırlar. Habelə, iştirakçı dövlətlər bu maddənin həyata keçirilməsini təmin etmək üçün qanunvericilik tədbirləri, inzibati və sosial tədbirlər, habelə təhsil sahəsində tədbirlər görürlər. Bu məqsədlə digər beynəlxalq sənədlərin müvafiq müddəalarını rəhbər tutaraq iştirakçı dövlətlər:
a) işə qəbul üçün minimum yaş həddini və ya minimum yaş həddlərini müəyyən edirlər;
b) iş gününün müddəti və əmək şəraiti haqqında zəruri tələbləri müəyyən edirlər;
c) bu maddənin səmərəli həyata keçirilməsi üçün müvafiq cəza növləri və ya digər sanksiyalar nəzərdə tuturlar.
Ümumiyyətlə, inkişaf etməkdə olan ölkələrdə yaşayan uşaqlar məhz uşaq əməyinin istismarı və onlara qarşı təzyiqlərin qurbanları olurlar. Ekspertlərin fikrincə, uşaq əməyinin istismarı problemi dünyanın hər yerində mövcuddur. Bu ölkələr arasında Pakistan və Hindistan öndə gedirlər. Ekspertlər statistik göstəricilərin olmamasının problemin böyüklüyünü göstərməyə imkan vermədiyini deyirlər. Lakin təxminlərə görə, minlərlə uşaq zorakılıqların qurbanıdır.
Aqrar sahədə də uşaq əməyinin istismarına rast gəlinir. Bununla bağlı Beynəlxalq Əmək Təşkilatının (bundan sonra BƏT) bir dəfə keçirdiyi Beynəlxalq əmək konfransı gedişində onun yaradılmasına dair razılaşma imzalayıblar. Beynəlxalq kənd təsərrüfatı təşkilatlarının bu kimi tərəfdaşlığının yaradılmasını dəstəkləyir, çünki yalnız uşaq əməyi məsələlərini mandata və təşkilatın siyasətinə daxil edərək və birlikdə fəaliyyət göstərərək uşaq əməyini qadağan etmək uğrunda ümumdünya hərəkatını möhkəmləndirmək olar. Bütün dünyada kənd təsərrüfatı hələ də ən çox sayda uşağın işlədiyi bir sektordur (70%). Onlardan 132 milyonu 5-14 yaşlı qız və oğlanlardır. Bu uşaqlar bizim istifadə etdiyimiz qida məhsulları və içkilərin istehsalında iştirak edirlər. Onların əməyi taxıl, kakao, kofe, meyvə, şəkər, palma yağı, çəltik, çay, tütün və tərəvəz kimi bitkilərin becərilməsində istifadə edilir. Bundan əlavə, uşaqlar heyvandarlıq və maldarlıqda, pambıq və onun toxumları kimi kənd təsərrüfatı materiallarının istehsalında əmək sərf edirlər".