Hüseyn Abdullayev başından böyük qələt edir
Hüseyn Abdullayev başından böyük qələt edir

Dünənin reketi, quldur dəstə başçısı bu gün "sülh göyərçin"i uçurdur

Keçmiş deputat, hazırda Almaniyada mühacirətdə yaşayan Hüseyn Abdullayev yeni müraciət yayıb. Onun facebook səhifəsində yaydığı müraciətinə reaksiyalar birmənalı deyil.
Belə ki, xaricdən maliyyələşən, milli mənafeyimizə və dövlətçiliyimizə zərbə vurmaqda maraqlı olan radikal müxalifətin nəzarətində olan media qurumları da Hüseyn Abdullayevin əsası olmayan, şər-böhtan kampaniyasını dəstəkləyiblər. Ancaq ölkə ictimaiyyəti və müstəqil mətbuat Hüseyn Abdullayevin əslində kim olduğunu yaxşı bildikləri üçün ona layiqli cavab verilib.
Diqqət edin, Hüseyn Abdullayev anasına olan münasibətlə bağlı necə reaksiya verir: "Yəqin, sizlər razı olarsınız ki, öz mənliyinə və şərəfinə önəm verən her bir insan heç zaman yaşlı qadından intiqam almaz, yaxud yaşlı bir ananı girov kimi saxlayaraq öz opponentinə acıq verməz. Şəxsən mən belə bir alçaqlığa əl atsaydım, anam öz südünü halal etməz, buna kəskin etirazını bildirərdi. Çünki anamı tanıyanlar bilirlər ki, o, necə sülhsever və istənilən zorakılığa qarşı çıxan insandır".
İlk baxışdan baxanda Hüseyn Abdullayevin bu fikirlərində təəccüblü bir şey yoxdur. Amma onun Bakıda "Quska"lıq elədiyi vaxtları xatırlayanda bu sözlərin hamısının boğazdan yuxarı deyildiyi aydın olur. Ortaya sual çıxır. Hüseyn Abdullayev bir vaxtlar quldur dəstə yaradanda, o quldur dəstə neçə-neçə gəncin həyatını söndürəndə, neçə-neçə ananın gözünü yaşlı qoyanda, niyə onun anası südünü oğluna haram etmirdi? Məgər, Hüseyn Abdullayev hər bir cinayəti törədə bilərdi, yüzlərlə ailəyə dərd verəndə haqq-ədaləti pozmurdumu? Heç kimə sirr deyil ki, Hüseyn Abdullayevin rəhbəri olduğu quldur dəstə minlərlə cinayət əməlində iştirak edib. Belə bir adamın indi durub haqq ədalətdən danışması, halal-haram söhbəti etməsi tülkünün həccə getməyinə bənzəyir.
Azərbaycan hakimiyyətini haqsız yerə tənqid edən H.Abdullayev yazır ki, ailə üzvlərinin təhlükəsizliyi üçün dövlət rəsmiləri məsuliyyət daşıyır:"Mənim də anam hər bir ana kimi öz oğluna candan yaxın və heç şübhəsiz, övladı üçün fikirləşmədən həyatını qurban verməyə razı olan birisidir. Artıq bir neçə gündür heç bir səbəb göstərmədən anamın Almanıyaya gəlib məni görməsinə manə olur, absurd bəhanələrlə onun hava limanından keçməsinə imkan vermirlər. Bunun adı acizlikdir, bunun adı qorxaqlıqdır, insanlıq duyğularını tamamilə itirməkdir". Hüseyn Abdullayev unudur ki, acizlik ata-anasını burda qoyub öz başını götürüb xaricə qaçmaqdır. Ən böyük günah, ən böyük haqsızlıq qolu zorlulardan ibarət dəstəsi ilə aciz insanlara divan tutmaqdır. Bu qədər mənfur əməllərlə məşğul olan birisinin kimlərisə haqsızlıqda, acizlikdə suçlaması nadanlıqdır.
Ən acınacaqlısı isə odur ki, Hüseyn Abdullayev bir müddət ona yaşıl işıq yandıran, belə demək mümkündürsə, əlini çörəyə çatıranlara qarşı dönüklük edir. Almaniyada oturub Prezident İlham Əliyevin və onun komandasının ünvanına heç bir əsası olmayan şər-böhtan yağdırır. Bunun adı dönüklük, ipiqırıqlıqdır. Əgər Hüseyn Abdullayev də zərrə qədər etibar, milli heysiyyat olsa idi, Azərbaycanı gözü götürməyən bir ölkədə oturub öz vətəninə, dövlətinə qarşı qara piar aparmazdı.
Hər halda, hər şey ortadadır. Dünənin reketi, quldur dəstə başçısı bü gün "sülh göyərçin"i uçurtması xalq tərəfindən də ikrah hissi ilə qarşılanır.
Elvin Rüstəmov