Bada gedən dövlət və ya şüurlu davranmaq çətinliyi
Bada gedən dövlət və ya şüurlu davranmaq çətinliyi

Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən hadisələr yeni müharibənin ərəfəsidirmi?

Erməniləri bu sual qorxudur, düşündürür, narahat edir.
Ermənistanın Qarabağda yerləşdirilmiş hərbi birləşmələrinin hər diversiyasından, hər atışmadan sonra Yerevandakı rejim müxtəlif bəyanatlar versə də, həmin açıqlamaların mövzusu və qayəsi eyni olur: "Azərbaycan çox ağır zərbə alacaq".
Fəqət, hər dəfə zərbə alan Ermənistan olur və ermənilər də bunu görürlər. Bütün şüarlara, açıqlamalara rəğmən ermənilər müharibədən çox qorxurlar.
Onlar iqtidara inanmır, özlərinə güvənmirlər. Tarix indiyədək dəfələrlə sübut edib ki, ermənilərin ən böyük bəlası onları idarə edənlərdir. Əsrlər boyu ermənilər müxtəlif dövlətlərin və güclərin göstərişi ilə avantüralara başlasalar da, həmin "macəra"lardan məğlub çıxıblar.
Hər dəfə də bəlaları sanki kəndirlə çəkib gətirənlər ermənilərin rəhbərləri, liderləri, "başbilən" sayılan adamlar olublar.
İndi də belədir.
Dağlıq Qarabağ münaqişəsində Ermənistan özünü "Azərbaycan torpaqlarının bir hissəsini ələ keçirmiş" ölkə və qalib saysa da, əslində məğlub durumdadır.
Ermənistanda zərrə qədər ağlı və məntiqi olan kəs anlayır ki, Qarabağ münaqişəsi zonasında yeni müharibə başlayarsa, bu, ermənilər üçün fəlakətə çevriləcək.
"Əvvəl Yevlağa, sonra Bakıya qədər gedəcəyik" deyən şizofreniklərin sözləri 15-20 il əvvəl ermənilərə qismən də olsa, inandırıcı təsir bağışlayırdısa, indi həmin kəlmələrə inananları barmaqla saymaq olar.
Ac insanlar toplusunun "vətəndaşlar", bütünlüklə xaricdən alınan kreditlər, diasporanın əta etdiyi ianələr və MDB ölkələrində miqrasiyada olan ermənilərin vətənə yolladıqları pullardan asılı olan maliyyə sisteminin "iqtisadiyyat", Rusiya hərbçilərinin çəkmələrinin altında olan sərhədlərin "dövlət hüdudları" adlandırıldığı məkanda yaşayan insanların özlərindən bədgüman, hakimiyyətdən rəncidə olması labüd məsələdir.
Qarabağ münaqişəsi zonasında erməni hərbçilərin diversiyalarından sonra onlar başlarından zərbə alanda Yerevandakı rejim mənsublarından mütləq biri ortaya çıxaraq "müharibənin başlanması ağlabatan deyil, çünki hərbi əməliyyatlar kimsəyə sərf etməz" deyir.
Beləcə, Ermənistan cəmiyyəti növbəti atışmaya qədər nisbətən sakitləşir.
Hərbi əməliyyatların kimə və nə üçün sərfəli olması məsələsinin müzakirəsi şərt deyil.
Şərt odur ki, ikinci Qarabağ müharibəsi artıq başlanıb.
Ermənistan da məğlub durumdadır.
Yerevandakı Serj Sarkisyan iqtidarı da fasiləsiz atışmaların, gündəlik mövqe toqquşmalarının yeni Qarabağ müharibəsinin başlanğıcı olduğunu dərk etdiyindən problemin həlli yollarını arayır. Axtarışlar hələ heç bir nəticə verməyib, çünki erməni cəmiyyəti sürəkli gərginləşib sakitləşməkdədir və bu durum müharibə psixologiyası ilə əvəzlənməyincə Yerevan başlanmamış döyüşü uduzan rəqib vəziyyətindədir.
Ermənilər başa düşmək istəmirlər ki, müharibə elanla, bəyanatla başlamır. Müharibənin çoxsaylı təzahürləri olduğundan cəmiyyət hərbi əməliyyatların geniş miqyasına hazır olmaq istəyirsə, müharibə qanunları ilə yaşamağa başlamalıdır.
Müharibənin qanunları isə Ermənistandakı münasibətlərin bütün səviyyələrinə sirayət etmiş kriminal-oliqarxik qaydalarla ziddiyyət təşkil edir. Serj Sarkisyanın hakimiyyətinin özü 2008-ci ildən bəri hərbi-feodal mərhələni keçir və oliqarxların özlərini çox rahat hiss etdikləri quldurlar komandasına çevrilir.
Dağlıq Qarabağda yeni müharibənin başlanması xofu Yerevandakı rejim üçün sərfəlidir. Bu xof sistemin yaşam enerjisi, kütləni idarə etdiyi vasitə, cəmiyyəti nəzarətdə saxlamağın mexanizmidir.
Müharibənin əslində çoxdan başlamasının etirafı Sarkisyan iqtidarının maraqlarına əsla cavab verir. Axı belə etiraf olarsa, Yerevandakı rejim müharibə qaydaları ilə davranmaq məcburiyyətində qalacaq.
Müharibə isə seçki qutularından çıxarılan bülletenləri saxtalaşdıraraq hakimiyyətdə qalmaq, qalıb da müxalifət adlanan siyasi alverçilərlə sövdələşmək və hakimiyyəti itirməmək üçün ölkənin gələcəyini Rusiyaya satmaq deyil.
Təbii, istənilən müharibə də yalandan, məkrdən, saxtakarlıqdan xali deyil. Amma bununla belə hərbi əməliyyatlarda, döyüşlərdə dəqiqlik, konkretlik, cəmiyyətin hədəflər, məqsədlər və nəticələrlə bağlı müəyyənlik istəyi var.
Bütün bunlar hakimiyyətin cəmiyyət qarşısında hesabat verməsini ehtiva edir.
Məhz bu səbəbdən Ermənistanı idarə edən hakimiyyət Dağlıq Qarabağ münaqişəsindəki "nə hərb, nə sülh" durumunun çoxdan bəri asta müharibəyə çevrildiyini etiraf etmək istəyir.
Ermənistan aylar əvvəl Azərbaycana qarşı snayper savaşına başladı, sonra diversiyaları sıraladı. Dağlıq Qarabağda Ermənistan Hərbi-Hava Qüvvələrinin helikopteri vurulanda isə ermənilər sanki ayıldılar.
Onlar dərk etdilər ki, hədəfə aldıqlarını düşündükləri Azərbaycan əslində Ermənistanın Dağlıq Qarabağa yolladığı hər əsgərini, zabitini hədəfə alıb və istənilən an tətiyi çəkə bilər.
Fəqət, hələ çəkmir və ermənilərin şüurun son qalıqlarını da itirmədiklərinə ümid edir, geri çəkilmələrinə imkan yaradır.
Ermənilər anlayırlar ki, xofdan qurtulmağın yeganə yolu Azərbaycanın işğal edilmiş ərazilərini qeyd-şərtsiz azad etmək, geri çəkilmək, məğlubiyyəti etiraf etməkdir.
Çətin, ağrılı, amma qaçılmaz prosesdir. Di gəl, ermənilər indiki qeyri-müəyyən durumdan qurtulmaq, normal ölkədə yaşamaq, dövlətlərinin perspektivlərini ümumiyyətlə məhv etmək istəmirlərsə, baş verənlərin məzmun və səbəblərini anlamağa can atmaq məcburiyyətindədirlər.
Axı hadisələrin inkişaf məcrasının, olayların dinamikasının Ermənistanın xeyrinə olmadığını görmək çətin deyil.
Çətin şüurlu davranmaqdır.
Elçin Alıoğlu