Donetskdə Rusiya xüsusi təyinatlıları böyük itki verdi
Donetskdə Rusiya xüsusi təyinatlıları böyük itki verdi

Separatçı lider: "Silahları Ukraynadan alırıq"

Donetsk aeroportunu ələ keçirməyə çalışan Rusiya xüsusi təyinatlı bölmələri böyük itki verib. "unian.net" saytının verdiyi məlumata görə, bu barədə antiterror qərargahının "Facebook" səhifəsində deyilir.

Məlumatda bildirilir ki, separatçılar ötən gün ərzində toplar, minaatanlar və reaktiv yaylım atəş sistemlərini tətbiq edərək antiterror güclərinin mövqelərinə 41 dəfə hücum edib. Separatçıların fəallığının həmçinin Debalsevo və Mariupol istiqamətlərində qeyd alındığı deyilir. "Quldurlar Donetsk aeroportuna hücum etməkdə davam edirlər. Hücuma Rusiya xüsusi təyinatlı dəstələrinin hərbçiləri cəlb ediliblər. Bizim uşaqlarımız rəqibin hücumunun növbəti dəfə dəf edib. Rəqib böyük itkilərlə geri çəkilib", - qərargahdan deyilir.
Xəbərdə Mariupol ərazidə vəziyyətin tamamilə Ukrayna ordusunun nəzarəti altında olduğu bildirilir.
Bu arada Qorlovka separatçıların lideri, "Bes" ləqəbli Rusiya vətəndaşı İqor Bezler Ukrayna hakimiyyətinin ünvanına şok bir iddia ilə çıxış edib.
Ukrayna mediasının verdiyi məlumata görə, Qorlovkada separatçıların liderlərinin birinin ölməsi barədə xəbəri təkzib edən Bezler separatçılara silahların çatdırılmasında Ukrayna hakimiyyətini ittiham edib. "Mən Ukrayna hakimiyyətinə sual vermək istəyirəm ki, mühasirəyə alınmış Qorlovkada silahlar birdən-birə necə ortaya çıxdı? Həm də böyük miqdarda. Ukraynalı əsirlər də təsdiq edirlər ki, silahlar Ukraynadan, həm də Ukrayna dilində yazılmış yeşiklərdə gətirilirdi. Silahlar "Ural" yük avtomobilləri ilə hər üç gündən bir gətirilirdi", - İ.Bezler bildirib.
Qorlovka separatçılarının lideri Ukrayna hakimiyyətinin onlara "satdığı" silahların qiymətini də açıqlayıb: "Ukrayna tərəfinin gətirdiyi avtomatın qiyməti 1900 qrivna (təxminən 150 dollar), BTR-in (zirehli transpartyor) qiyməti isə 19 min qrivna (təxminən 1500 dollar) idi. Tankların satışı barədə isə razılaşma mümkün olmamışdı. Budur, "silahlar haradandır" sualına cavab. Burada Moskvanın əlini axtarmaq lazım deyildir".

Rusiyadan Ukraynaya gedən əsgərlər
üsyana hazırlaşır
"Rusiyadan Ukraynaya gedən rus əsgərləri Putinə qarşı üsyana qalxmağa hazırdır". axar.az xəbər verir ki, bunu jurnalistlər və hüquq müdafiəçiləri iddia edirlər.
"Yüzlərlə sink tabutu Rusiya əsgərlərində "soyuq duş" effekti oyadıb. Hərbçilər Putinə qarşı qalxmağa hazırdır", - deyə hüquq müdafiəçisi Yelena Vasilyev bildirib.
Rusiya əsgərlərinin isə Ukrayna ərazisinə humanitar yardım maşınlarında daxil olduqları iddia edilir.

Rusiyadan barışıq çağırışı
Rusiya Avropa İttifaqını (Aİ) ona qarşı yürütdüyü sanksiya siyasətini dayandırmağa çalışır və qarşılığında Aİ-nin qida məhsullarına qoyduğu embarqonu aradan qaldıracağına söz verib. Lakin Aİ Ukraynadakı separatçılara qarşı tədbirlər görülməsini istəyir. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Rusiyanın xarici işlər nazirinin müavini Aleksey Meşkov deyib ki, biz qərbli həmkarlarımızdan fövqəladə heç bir şey istəmirik. İstədiyimiz ancaq mənasız və anlaşılmaz sanksiyaların aradan qaldırılmasıdır.
Avropa Komissiyası prezidenti Jan-Klod Yunker Lüksemburqda RTL radio stansiyasına müsahibəsində bildirib ki, Rusiyanın hərəkətlərini ya ona qarşı müharibə, ya da iqtisadi sanksiyalarla dayandırmaq olar: "Biz müharibə istəmirik. O səbəbdən iqtisadi sanksiyalar metodunu tətbiq edəcəyik. Rusiya Ukraynanin ərazi bütövlüyünə təcavüzünü dayandırmadan sanksiyalar da aradan qaldırılmayacaq."
Rusiyanın maliyyə naziri Anton Siluanov deyib ki, neftin qiymətinin aşağı düşməsi və sanksiyalar Rusiya iqtisadiyyatına 130-140 milyard dollar zərər vurub.
Xatırladaq ki, topdansatış sahəsində rəsmi Moskva Qərbin 9 milyard dollarlıq qida ixracını dayandırıb.

"Rusiyada ərazi itkisinin dördüncü
dalğası başlayacaq"
"Ukrayna Rusiyanın düşən bayrağını qaldıraraq Şərqi Avropanın Almaniyası olmalıdır". Belə bir təşəbbüslə "Ukrayna" jurnalına müsahibəsində ukraynalı politoloq Yuri Romanenko çıxış edib.
Onun sözlərinə görə, əgər ölkənin sahib olduğu ərazilər xalqın təşkilatçılıq potensialına adekvat deyilsə, ölkə ərazilərini mütləq itirəcək: "Rusiyanın ərazisinin azalmasının üç dalğası baş verib: 1905, 1917-1920 və 1991-ci illər. Əlbəttə, regenerasiya Krımda timsalında qısamüddətli olur. Amma bu, əsas trendi dəyişdirmir. Rusiya tədricən sıxılır və ərazilərin əhəmiyyətli hissəsini itirəcək".
Ukraynalı politoloq qeyd edir ki, Almaniya Avropada, Türkiyə Yaxın Şərqdə olduğu kimi Ukrayna da Şərqi Avropada bayrağını qaldırmalıdır.
Kənan Rzaquliyev