Sabiq nazirin Azərbaycana qayıtmasının sirri
Sabiq nazirin Azərbaycana qayıtmasının sirri

Fikrət Yusifovun 2015-ci illə bağlı hədəfi

Son günlər Azərbaycanın keçmiş maliyyə naziri Fikrət Yusifovun adı mətbuatda intensiv hallanmağa başlayıb. Bunun səbəbi də sabiq nazirin uzun fasilədən sonra ölkəyə qayıtması, ən əsası isə bu dönüşündən sonra kölgəyə çəkilmək əvəzinə, aktiv ictimsai fəaliyyətlə məşğul olmağa başlamasıdır.

Məsələ burasındadır ki, Fikrət Yusifov Azərbaycana döndükdən sonra "Ekonomiks" Beynəlxalq İctimai Araşdırmalar Birliyi adlı təşkilat təsis edərək, faktiki olaraq ictimai sektorda fəaliyyətə start verib.
Kiçik bir haşiyə: Fikrət Yusifov 1957-ci ilin avqust ayının 20-də Naxçıvan MR-da anadan olub. Azərbaycan SSR Maliyyə Nazirliyinin büdcə idarəsində baş iqtisadçı, sonra isə şöbə müdiri vəzifəsində çalışıb.
1992-ci ilin oktyabr ayında Azərbaycan maliyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib, 1994-cü ildən 1999-cu ilin iyul ayına kimi maliyyə naziri vəzifəsində işləyib.
2001-ci ildə Rusiyanın Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyası müdafiə edib və 2013-cü ilə kimi Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad Universitetinin maliyyə kafedrasının professoru vəzifəsində çalışıb.
2005-ci ildə F.Yusifov keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, keçmiş səhiyyə naziri Əli İnsanov və digərləri ilə əlbir olaraq dövlət çevrilişi hazırlamaqda da təqsirli bilinərək həbs edilib. 2006-cı ildə azadlığa buraxıldıqdan sonra yenidən Rusiyaya qayıdıb.
Yusifovun bir çoxları üçün sürpriz şəkildə ölkəyə dönüşü, üstəlik, aktiv ictimai fəaliyyətə start verməsi gözlənilməz olduğu qədər də maraqla qarşılanıb. Digər tərəfdən, keçmiş maliyyə naziri son günlər ard-arda müsahibələr verir və maraqlı açıqlamalarla çıxış edir. Düzdür, hələlik o, daxili ictimai-siyasi proseslərlə bağlı danışmaq əvəzinə daha çox iqtisadi məsələlərlə, xüsusilə Rusiya ətrafında cərəyan edən proseslərin sonrakı gedişi və həmin proseslərin Azərbaycana mümkün təsirləri barədə danışır, amma ehtimal etmək olar ki, bu, onun köhnə iqtidariçi rəqiblərini qıcıqlandırmamaq istəyi ilə bağlıdır.
Hesab etmək olar ki, sabiq nazir ictimai-siyasi məzmunlu açıqlamalarının fərqli yozularaq özünə qarşı çevrilə biləcəyindən narahatdır. Ona görə də iqtisadi məzmunlu, üstəlik, hökumətin fəaliyyətini təqdir edən açıqlamalarla çıxış etməyə üstünlük verir.
Bəzi mənbələr isə keçmiş maliyyə nazirinin Azərbaycana məhz indi - növbəti parlament seçkilərinə 1 ildən də az qalan bir müddətdə qayıtmasına işarə vururlar. Onlar istisna etmirlər ki, Fikrət Yusifovun əsas hədəfi 2015-ci ilin parlament seçkilərində mandat əldə etməkdir. Sabiq nazir bu prosesə qədər özünü hşakimiyyət çevrələrində və ictimai rəydə yenidən doğrultmaq ehtiyacı hiss etdiyindən Bakıya məhz indi gəlib, eyni zamanda aktiv ictimai fəaliyyət yolunu seçib, mətbuatla çox ciddi əməkdaşlığa start verib.
Belə fikirləşənlərin nə qədər haqlı olub-olmadığını demək çətindir. Hər bir halda isə irəli sürülən bu cür ehtimalları gözardı etmək olmaz.
Qeyd edək ki, Azərbaycanın bir sıra eks-nazirlərinin millət vəkili olmaq istədiklərinə dair "Unikal" olaraq ötən yazılarımızın birində xəbər vermişdik. Bəzi keçmiş məmurların vəzifələri ilə vidalaşdıqdan sonra karyeralarını ən azı Milli Məclis üzvü kimi davam etdirməyə həvəsli olduqlarını yazaraq əlavə etmişdik ki, onların arasında sabiq maliyyə naziri Əvəz Ələkbərov, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, sabiq əmək və əhalinin sosial müdafiəsi nazirləri - Əli Nağıyev və Füzuli Ələkbərov, eləcə də "Bakı Metropoiliteni"nin keçmiş rəisi Tağı Əhmədov və başqaları var.
Onlardan hansının 2015 parlament seçkilərində iddialarını ortaya qoyacaqlarını və istəklərinə çatacaqlarını demək çətindir. Amma bu mümkün deputatlığa iddialılar sırasına artıq Fikrət Yusifovun da adını əlavə etmək olar.
Eyni zamanda görünən odur ki, biz qarşıdakı dövrdə artıq bir çox digər sabiq iri məmurların da mətbuat səhifələrində tez-tez çıxış etmələrinin şahidi olacağıq. Onlar bununla özlərini həm vaxtilə təmsil olunduqları hakimiyyət kulislərinə, həm də postlarını itirdikdən sonra unudulduqları ictimai rəyə xatırlatmağa çalışacaqlar.

Ülviyyə Qasımlı