Azərbaycanda cəzaların icrasına necə nəzarət edilir?
Azərbaycanda cəzaların icrasına necə nəzarət edilir?

Müzəffər Baxışov: "Məhkumların islah edilməsində ictimai təşkilatların iştirakı da nəzərdə tutulub"

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP)təsdiq edilməsi insan hüquqlarının müdafiəsi baxımından mühüm addım sayılır. Məlum olduğu kimi, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırılmasında, bu sahədəki tədbirlərin daha mütəşəkkil həyata keçirilməsində Dövlət Proqramlarının, Strategiyaların və Milli Fəaliyyət Planları böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində əlverişli imkan yaradan Milli Fəaliyyət Proqramı dövlət orqanları üzərinə insan hüquqlarının müdafiəsi sahəsində yeni vəzifələr qoyub. Məsələn, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin həbsdə saxlanılmasının qanuniliyinin təmin edilməsi, ekstradisiya olunmaq üçün tutulmuş şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə cinayət prosessual qanunvericiliyinə əlavə və dəyişikliklərin edilməsi və sair. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan ekspertlər Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsini cinayət məsuliyyətinə cəlb edilmiş insanların hüquqlarının müdafiəsi baxımından vacib qanun hesab edirlər. Hüquqi Dövlət Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşunas Müzəffər Baxışovun sözlərinə görə , cəzaların icrası qanunvericiliyinin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır. Hüquqşunas deyir ki,bu məcəllənin vəzifəsi cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir: "Bu Məcəllə qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların icrasının ümumi müddəaları və prinsiplərini, digər cinayət-hüquqi xarakterli tədbirləri, məhkumlara islah edilmə vasitələrinin tətbiqini, cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini, məhkumların hüquqi vəziyyətini, cəzanı icra edən müəssisə və orqanların fəaliyyət qaydasını, məhkumların islah edilməsində müvafiq icra hakimiyyəti orqanlarının, digər müəssisə, idarə və ya təşkilatların ictimai birliklərin və vətəndaşların iştirakını, məhkumların cəza çəkməkdən azad edilməsi və cəza çəkməkdən azad edilmiş şəxslərə yardım edilməsi qaydalarını müəyyənləşdirir. Bu Məcəllə cəzaların icrasına və məhkumlarla rəftar qaydalarına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktları nəzərə alır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllənin müddəalarından fərqli normalar müəyyən edilərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir. Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, müvafiq qanunlarına və beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq məhkumlarla rəftarda işgəncələrə, digər qeyri-insani hərəkətlərə və şəxsiyyətin alçaldılmasına yol verilməməsinə əsaslanır".
M. Baxışov bidlirir ki, cəzaların icrasının əsasları maddəsi cəzaların icrasının və məhkumlara cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqinin əsaslarını məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, yaxud məhkəmənin bu hökmü dəyişən qərarları, habelə amnistiya və ya əfvetmə aktları təşkil edir.Onun sözlərinə görə,18-ci maddə cəzaların icrasına müvafiq icra hakimiyyəti orqanlarının nəzarətini özündə əks etdirir: "Cəzaları icra edən müəssisə və orqanın fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu nəzarətin həyata keçirilməsi qaydaları normativ hüquqi aktlarla müəyyənləşdirilir.19-cu maddədə məhkəmə nəzarətinin necə təmin olunması öz əksini tapıb. Bu maddənin 1-ci bəndində göstərilir ki, cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkuma təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə hökm çıxarmış və hökmün icrası barədə göstəriş vermiş hakimə dərhal məlumat verməlidirlər. Məhkəmə cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsində saxlanılma şəraitinin dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi məsələlərinin həlli zamanı cəzanın icrasına nəzarət edir.Məhkəmə cəzanı icra edən müəssisə və ya orqanın fəaliyyəti ilə əlaqədar daxil olmuş şikayətlərə baxaraq müvafiq qərar qəbul edir. Məhkumların islah edilməsində ictimai təşkilatların iştirakı da nəzərdə tutulub. Qeyd olunub ki,ictimai təşkilatlar məhkumların islah edilməsində iştirak edir və cəzanı icra edən müəssisə və ya orqanların fəaliyyətinə ictimai nəzarəti həyata keçirirlər.İctimai təşkilatların məhkumların islah edilməsində iştirakı və cəzanı icra edən müəssisə və ya orqanların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydaları normativ hüquqi aktlarla müəyyənləşdirilir".
M. Baxöşovun sözlərinə görə, məhkumların islah edilməsi və onun əsas vasitələrinə cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası, tərbiyə işi,ictimai faydalı əmək, ümumi təhsil, ilk peşə-ixtisas təhsili və peşə hazırlığı, ictimai təsir aiddir: "Qeyd edim ki, məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir".
Hüquqşünas deyir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrası yeri ilə bağlı tələblər mövcuddur: "Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzalarını bir qayda olaraq yaşayış yerinə yaxın ərazidə yerləşən cəzaçəkmə müəssisələrində çəkirlər. Sağlamlıq vəziyyətinə görə, şəxsi təhlükəsizliyini təmin etmək məqsədi ilə və digər müstəsna hallara görə məhkum cəzasını çəkmək üçün başqa ərazidə yerləşən cəzaçəkmə müəssisələrinə göndərilə bilər. Cinayətlərin xüsusi təhlükəli residivinə görə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya və ya cəzalarının bir hissəsini həbsxanada çəkməyə məhkum olunanlar, həmçinin əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəzalarını çəkmək üçün yaşadıqları yerdən asılı olmayaraq, müvafiq cəzaçəkmə müəssisələrinə göndərilirlər. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzanın icrası yerinə göndərilməsi qaydaları da öz əksini bu qanunvericilikdə tapıb. . Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunın təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə, cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Məhkumların müşayiətlə göndərilməsi ayrılıqda saxlanma qaydalarına riayət olunmaqla həyata keçirilir. Kişilər qadınlardan, yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan, eyni cinayət işi üzrə məhkum olunmuşlar ayrılıqda, vərəm xəstəliyinə tutulmuş vərəm çöpləri ifraz edənlər, zöhrəvi xəstəlikdən müalicə kursunu tam keçməmiş şəxslər və psixi xəstələr bir-birindən ayrı-ayrılıqda və sağlam məhkumlardan təcrid olunmaqla tibb işçilərinin müşayiəti ilə göndərilirlər".