Bərdədə yol polisinin üstünə benzin töküb yandırdılar
Bərdədə yol polisinin üstünə benzin töküb yandırdılar
Prokurorluq hərəkətə keçdi, polisə xəsarət yetirən sürücü həbs olundu

Bərdə rayonunda yol polisi əməkdaşı yandırılıb. Rayon sakini Bərdə Rayon Yol Polisi Bölməsinin əməkdaşı Aqil Quliyevin üzərinə benzin tökərək od vurub. Bərdə Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər.
Bərdə Rayon Yol Polisi Bölməsinin əməkdaşı Aqil Quliyevin sözlərinə görə, rayonun Üzeyir Hacıbəyli küçəsində xidmətdə olarkən VAZ 2106 markalı avtomobil svetoforun qırmızı işığında keçib. Avtomobil saxlanılarkən sürücünü sərxoş olduğu müəyyən edilib. Onu tibbi müayinəyə aparmaq istədikdə sürücü hadisə yerindən qaçıb. Polis əməkdaşları ona məxsus olan VAZ 2106 markalı avtomobili ekavuatorla aparan zaman sürücü Elçin adlı şəxs digər avtomobillə həmin yerə qayıdıb. Dərhal əlindəki benzini polisin üzərinə töküb və yandırıcı ilə od vurub. Hadisə zamanı Aqil Quliyev sağ əlinin içindən yanıq xəsarəti alıb. Bərdə rayon xəstəxanasına aparılan polis tibbi müayinədən sonra evə buraxılıb. Polis əməkdaşı Aqil Quliyev ikinci dərəcəli yanıq xəsarəti alıb.
Baş Prokurorluq Bərdədə yol polisi əməkdaşının yandırılması faktı ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 2-də saat 19:30 radələrində Bərdə şəhər sakini Cəfərov Elçin Ələsgər oğlu sərxoş vəziyyətdə idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yol hərəkət qaydasını pozaraq işıqforun qadağanedici qırmızı işığında nəqliyyat vasitəsini idarə etdiyinə görə Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Yol Patrul Xidməti inspektoru Aqil Quliyev tərəfindən saxlanılarkən avtomobili orada qoyub uzaqlaşıb. E.Cəfərov təxminən 10 dəqiqədən sonra həmin yerə qayıdaraq ondan sənədlərini təqdim etməsini və sərxoşluq müayinəsindən keçməsini tələb edən A.Quliyevin üstünə özü ilə plastmas qabda gətirdiyi benzin yanacağını töküb alışqanla yandıraraq sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək müqavimət göstərib.
Faktla bağlı E.Cəfərovun barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Hadisə zamanı sağ əlindən yanıq xəsarəti alan A.Quliyevə rayon xəstəxanasında ilkin tibbi yardım göstərilərək evə buraxılıb. E.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.