Rusiyadan şok etiraf: ölkə tənəzzülə uğrayır
Rusiyadan şok etiraf: ölkə tənəzzülə uğrayır

Bu gün Putinin Dumada çıxış edib önəmli açıqlamalar verəcəyi gözlənilir

Ruiya hökuməti artıq Qərbin sanksiyalarının vurduğu zərəri etiraf etməyə başlayıb. Rusiya İqtisadi İnkişaf Nazirliyi Qərbin sanksiyalarına və düşən neft qiymətlərinə görə gələn il ölkə iqtisadiyyatının tənəzzülə uğrayacağını proqnozlaşdırır.

Nazirliyin hesablamalarına görə, gələn il iqtisadi göstəricilər 0,8 faiz aşağı düşəcək. Halbu ki sanksiyalardan əvvəl nazirlik gələn ilə ölkə iqtisadiyyatında 1,2 faiz artım proqnozlaşdırırdı.
Nazirliyin hesablamalarına görə, bu, ailə gəlirlərinə də təsirsiz ötüşməyəcək. Belə ki, gələn il əhalinin gəlirlərinin 2,8 faizədək azalacağı gözlənilir.
"Sabah Putin Rusiya parlamenti qarşısında çıxış edəcək, çox güman, ölkənin gələcəyi ilə bağlı önəmli mesajlar verəcək". Bunu isə REAL hərəkatının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli özünün facebook səhifəsində yazıb.
O bildirib ki, Putinə yaxın çevrələrdən sızan məlumatlara görə, iki ssenari üzrə çıxış hazırlanıb, Putinin yaxın ətrafı ona məsləhət görüblər ki, "iqtisadi və siyasi liberallaşma" elan etsin, Rusiyanın Qərbə qarşı tədbiq etdikləri sanksiyaları birtərəfli şəkildə geri çəksin, demokratik açılım etsin, sivil toplumla bağlı qəbul etdikləri mürtəci qanunu ləgv etsin, tam tərsi, sivil topluma, siyasi partiyalara daha ciddi fəaliyyət alanı açsın: "Paralel olaraq da, tam iqtisadi liberallaşmaya getsin, dövlət şirkətlərini özəlləşdirsin, dövlət korporasiyaları ləğv etsin, korrupsiyaya qarşı müharibə elan etsin - bir sözlə ciddi və köklü islahatlara start versin. Bunu məsləhət görənlər Putini inandırmağa çalışırlar ki, reytinqi çox yüksəkdir, indi açılım etsə, bu onun üçün təhlükə yaratmayacaq, amma, etməsə, yaxın 1 ildə reytinqi ciddi düşəcək, ölkəni "Maydanlar" bürüyəcək.
İkinci qrup isə (hərbi-sənaye kompleksi, xüsusi xidmət orqanları) israrla Putinə məsləhət görürlər ki, belə addım atmasın, çünki, liberal açılım sonda o sistemi dağıdacaq. Bu qrup çox güclüdür, Putinə ciddi təsir rıçaqları var və bir çox mütəxəssislər deyirlər ki, sonda bu qrup qalib gələcək.
Mən heç təsəvvür də etməzdim ki, nə vaxtsa Putinə görə dua edəcəm, amma, indi dua edirəm ki, sabah Putin "liberallaşma" ilə, açılımla bağlı çıxış etsin. Bu baş versə, təsiri bizə də olacaq, çünki, bizimkilər, təəssüf ki, məhz Kremlin ağzına, etdiklərinə baxmağa üstünlük verirlər. Əgər Rusiyada ciddi açılım olsa, bunun Azərbaycana da təsiri olacaq. Açığı, nə bizim, nə də Rusiyanın islahatlardan başqa yolumuz yoxdur, mütləq iqtisadi, siyasi açılım, liberallaşma olmalıdır ki, ölkələrimiz normal inkifaşa qədəm qoysun, resurslardan asılı qalan, artıq sallanan iqtisadiyyatımız normallaşsın, bu yolun alternativi yoxdur. Nə qədər tez bu yola qədəm qoysaq, bir o qədər az ağrı ilə, az itkilərlə ölkəmizi normal inkişaf müstəvisinə çıxara biləcəyik..."
Bu arada məlum olub ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı 2015-ci ildə hərbi ehtiyaclar üçün xərclər haqqında qanun layihəsini uyğunlaşdırıb. Nüfuzlu "Wall Street Journal" nəşrinin verdiyi məlumata görə, qanun layihəsində "Atlas V" raket-daşıyıcıları üçün istifadə olunan Rusiyanın "RD-180" mühərriklərinin alınmasından imtina olunur.
"Wall Street Journal" nəşri qeyd edir ki, əgər qanun layihəsi qəbul edilər və prezident Barak Obama tərəfindən imzalanarsa, "United Launch Alliance" (ULA) şirkəti daha Rusiya mühərriklərinin alınmasını həyata keçirə bilməyəcək. Qanun layihəsi həmçinin Rusiya mühərriklərinin Amerika analoqlarının hazırlamasına 220 milyon dollar ayrılmasını nəzərdə tutur. Bu mühərriklərdən həmçinin gələcəkdə Amerika peyklərinin işə salınması üçün də istifadə olunacaq.
Qanun layihəsinin bu həftə həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən qəbul ediləcəyi gözlənilir. Layihənin müəllifi respublikaçı senator Con Makkeyndir. Lakin ABŞ Müdafiə Nazirliyi (Pentaqon) "RD-180" mühərrikləri ilə bağlı qəbul olunacaq qadağaya qarşı çıxır. Daha əvvəl Pentaqon bildirmişdi ki, Ukrayna böhranına görə yaranmış vəziyyətlə əlaqədar olaraq Rusiya mühərriklərindən istifadə haqqında məsələ yenidən gözdən keçirilə bilər.
Qeyd edək ki, ULA Amerika peyklərinin işə salınması üçün "RD-180" Rusiya mühərriklərindən istifadə edən "Boeing" və "Lockheed Martin" şirkətlərinin ortaq müəssisəsidir. ABŞ-ın Hərbi Hava Qüvvələri ötən il ULA ilə 2019-cu ilə qədər Rusiya mühərriklərinin çatdırılması barədə müqavilə bağlayıb. Müqavilənin dəyəri 11 milyard dollar idi.
Artıq ABŞ Hərbi-Hava Qüvvələrinin komandanlığı raket mühərrikləri alınması və istehsalı ilə bağlı tender də elan edib.
Xatırladaq ki, ABŞ-ın Federal Məhkəməsi may ayında ULA müəssisəsinə Rusiyanın raket mühərriklərini almağı qadağan etmişdi. "RD-Amros" Rusiya-ABŞ müəssisəsi ilə ULA arasında bağlanan müqaviləyə görə, ABŞ-a 36 "RD-180" raket mühərriki tədarük edilməli idi.
ABŞ "RD-180" raketlərinin analoqu ilə bağlı şirkətlərin bir neçə təklifinə baxmağa hazırdır. ABŞ Hərbi-Hava Qüvvələrinin tələblərinə əsasən, yeni mühərriklər effektli və ticari baxımdan münasib olmalıdır.
ABŞ Federal Məhkəməsinin may ayında qəbul etdiyi qərara baxmayaraq, Vaşinqton iyunda Rusiya istehsalı olan raket mühərriklərinin alışını azaltmaq fikrindən daşınmışdı. Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirmişdi ki, ABŞ Rusiyadan daha çox raket mühərriki almağa hazırdır. D.Roqozin daha əvvəl isə Rusiyanın ABŞ-ın sanksiyalarına cavab olaraq "RD-180" və "K-33" raket mühərriklərinin ABŞ-a satışını dayandıra biləcəyini söyləmişdi. "Amerikalılar bizdən "K-33" və "RD-180" raket mühərriklərini alırlar. Onlar hazırda Rusiyadan daha çox raket mühərriki almağa hazırdır", - D.Roqozin deyib.
"Bloomberg" agentliyi isə Rusiyanın "RD-180" raket mühərriklərinin əvəz olunması üzərində iş getdiyini xəbər vermişdi. Agentlik bunun üçün 1,5 milyard dolların lazım olduğu və prosesin altı il çəkəcəyini bildirsə də, ABŞ Hərbi-Hava Qüvvələrinin elan etdiyi tender bu müddətin daha az olacağını göstərir.
Heç kimə sirr deyil ki, amerikan peyk-casusları və məxfi kosmik qurğuları orbitdə Rusiya raket mühərriklərinin köməyilə fəaliyyət göstərir. Bu barədə yazan "The Washington Post" qəzetinin müxbiri Coel Akenbak bildirir ki, müdafiə müəssisələrinin məmurları və aerokosmik sahəyə aid mütəxəssislər ABŞ-ın artıq çoxdan raket mühərriklərinin hazırlanması üçün istehsal bazası yaratmalı olduğunu təsdiqləyir: "Bu baza Rusiya bazasından geri qalmamalıdır. Nəzəri baxımdan hər şey sadədir: Nəyə görə ABŞ ölkənin milli təhlükəsizliyi ilə bağlı proqram məsələsində ruslardan asılı olmalıdır? ABŞ-da raket mühərriklərinin istehsalı bir neçə ilə başa gələ bilər".
Amerikada "Atlas V" raketlərinin 38 buraxılışı planlaşdırılıb. Onlar Rusiya istehsalı olan qatı mühərriklər - "RD-180"lə təchiz olunmalıdır. Amma amerikanlarda cəmisi 16 bu cür mühərrik var
Murad İbrahimli