Avropa Şurasının Azərbaycandakı nümayəndəsi: "Seçki sahəsində Azərbaycanda böyük irəliləyiş əldə olunub"

"Avropada yerli özünüidarəetmə orqanlarına etimad azalır. Hazırda Avropada yerli özünüidarəetmə orqanlarına etimad 50 faiz təşkil edir. Ona görə də Avropa Şurası yerli və regional idarəetmə orqanları ilə əlaqələri gücləndirməyə çalışır".
Bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə "Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri" mövzusunda keçirilən informasiya sessiyasında Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç deyib.
D. Filipoviç bildirib ki, Avropa Şurası seçki qanunvericiliyi ilə bağlı Venesiya Komissiyasının tövsiyələrinə diqqətlə yanaşır: "Venesiya Komissiyası standartları müəyyən edir və tövsiyələr verir. Venesiya Komissiyası 2008-ci ildə Azərbaycan Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair tövsiyə verib. Seçki sahəsində Azərbaycanda çox böyük irəliləyiş əldə olunub, ancaq hər zaman bu sahədə təkmilləşdirmə işləri aparılmalıdır".
D. Filipoviç qeyd edib ki, seçki mübahisələri bütün ölkələrdə baş verir: "Bütün hallarda önəmli olan odur ki, seçki bir günlük məsələ deyil, bir prosesdir. 3 mərhələ – seçkiqabağı, seçki günü və seçkidən sonrakı mərhələlər var. Bütün bu mərhələlərdə şəffaflıq təmin olunmalı, namizədlərin mediaya çıxışına şərait yaradılmalıdır. İnsan Hüquqları Protokolunda göstərilir ki, seçki komissiyaları bitərəf, obyektiv olmalıdır, hər hansı dövlət orqanlarının, siyasi partiyaların göstərişi ilə fəaliyyət göstərməməlidir. Seçki komissiyaları tam neytral olmalıdır".
D. Filipoviç Azərbaycan və Avropa Şurası arasında 2014-2016-cı illəri əhatə edən Fəaliyyət Planı həyata keçirildiyini söyləyib: "Fəaliyyət Planında seçki qanunvericiliyinin beynəlxalq standartlarına uyğun olması, seçki mübahisələrinin seçki qanunvericiliyinə və beynəlxalq standartlara uyğun həlli də əksini tapıb. Mən ilk növbədə seçkilərin demokratik keçirilməsini arzu edirəm".