Leyla Yunusun yalanı ifşa olundu
Leyla Yunusun yalanı ifşa olundu

Erməni əsilli hüquq müdafiəçisinin xəstəlik şousu da fiaskoya uğradı

Məlum olduğu kimi, ermənilərlə iş birliyində olmaq, milli və dövlət maraqlarımıza xəyanət etməkdə suçlanaraq həbs olunan hüquq müdafiəçisi Leyla Yunus həbsxanadan yeni şou düzənləyib.
Özünü xəstəliyə vuran və ağır vəziyyətdə olduğunu bəyan edən Leyla Yunus ona qarşı sui-qəsd hazırlandığını da bildirib. Hətta o tibbi yardımın edilmədiyini, sağlamlığına biganə yanaşıldığını bəyan edərək hakimiyyəti suçlayıb. Amma onun bu yalanı da qısa müddətdə faş olub. Belə ki, məlum olub ki, Leyla Yunus qəsdən sağlamlıqla bağlı problemlərini gündəmə gətirib ki, Azərbaycana qarşı təzyiqlər artsın.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) araşdırma aparıblar. Ombudsman Aparatının mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, araşdırma zamanı Müvəkkilin nümayəndələri BİT-də saxlanılan digər şəxslərlə yanaşı, Leyla Yunusova və İntiqam Əliyevlə də görüşüblər. Araşdırma zamanı müəyyən olunub ki, L. Yunusova Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimlərinin xidmətindən imtina edib və bu barədə müvafiq sənədləşmə aparılıb. Hər iki adı çəkilən şəxslə görüşün nəticələri barədə Ombudsman tərəfindən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət olunub.
"Unikal"ın əldə etdiyi məlumata görə, Leyla Yunus və dəstəkçiləri bu planı Azərbaycanı hədəfə gətirmək üçün cızıblar. Onlar bu yolla göstərməyə çalışırlar ki, guya onun sağlamlığı ilə bağlı ciddi problem var, amma hakimiyyət ona tibbi yardım göstərilməsinə icazə vermir. Ombudsman Aparatının nümayəndələrinin apardığı araşdırma da göstərdi ki, Leyla Yunus yalan danışır. Əslində, burada təəccüblü bir şey yoxdur, çünki yalan və böhtan Leyla Yunus və onun havadarlarının qanındadır.
QƏRİB