"Bu, anti-radikalizm siyasətin əsas elementlərini təşkil edir"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Pakistan Strateji Tədqiqatlar İnstitutunun (PSTİ) təşkilatçılığı və Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə İslamabad şəhərində "Dini tolerantlığın gücləndirilməsi və radikalizmlə mübarizə" mövzusunda beynəlxalq konfrans keçirilib.
Komitədən verilən məlumata görə, konfransı giriş sözü ilə PSTİ-nin sədri, səfir Xalid Mahmud açıb. O, iki qardaş ölkənin tolerantlığın gücləndirilməsi istiqamətində təcrübəsinin öyrənilməsi baxımından bu konfransın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Konfransda çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov Azərbaycan hökumətinin ölkədə dini tolerantlığın qorunması və radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi siyasətdən danışıb. O qeyd edib ki, ölkəmizin uğurlu sosial-iqtisadi inkişafının təmin edilməsi cəmiyyətin problemlərinin həlli istiqamətində atılmış mühüm addımlar, dini maarifləndirmə işinin gücləndirilməsi və gənclərlə iş, həmçinin müxtəlif inzibati tədbirlər Azərbaycan dövlətinin anti-radikalizm siyasətinin əsas elementlərini təşkil edir.
Panellərdə işini davam etdirən konfransda PSTİ-nin Baş direktoru Rasul Baxş Rəis, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin müəllimi Aqil Şirinov, PSTİ-nin ekspertləri Muhammad İslam və İcaz Şəfi Ğilani, həmçinin DQİDK-nin şöbə müdirləri Niyaz Yaqublu və Nicat Məmmədli çıxış ediblər.
Konfransdan sonra iştirakçılara Azərbaycan məscidlərinin fotolarından ibarət "Azərbaycan-İslam mədəniyyətinin incisi" sərgisi təqdim edilib.
Konfrans və sərgidə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov və səfirliyin əməkdaşları, həmçinin xarici ölkələrin Pakistandakı diplomatik nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, ekspertlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.