Azərbaycandakı məşhur şirkətə ağır ittihamlar

"Anchor" yağlarının tərkibi ilə bağlı şok iddia irəli sürüldü

Vətəndaşlar "Anchor" kərə yağlarından şikayət edirlər. Onlar aktual.az- ın əməkdaşı ilə söhbət zamanı deyiblər ki, son vaxtlar yağın keyfiyyəti çox aşağı səviyyədədir: "Anchor" əridilən zaman çox kəskin qoxu yayılır. Bu da bizdə onun tərkibində ziyanlı kimyəvi maddələrin olması ilə bağlı şübhə yaradır".
Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə daha maraqlı açıqlamalar verib. O deyib: "Azərbaycanda biznesdə biabırçı bir adət-ənənə var. Hər hansı bir brend bazara daxil olur, əhalinin rəğbətini qazanır, sonra həmin brendi gətirən, yaxud başqası, onun saxta variantını hazırlayıb bazara təqdim edir. Əgər rəsmi distribütor bazarda təmizlik işi aparmırsa, bu o deməkdir ki, mövcud saxtakarlığı onlar özləri edirlər. "Anchor" yağları ilə bağlı istehlakçılar tərəfindən təşkilatımıza şikayətlər daxil olur. Bizə edilən telefon zənglərinə əsasən, Azərbaycana Gürcüstandan onun saxta variantları gətirilir. Əhalinin rəğbətini qazanan "Anchor", artıq, insanların gözündən düşür. Təşkilata daxil olan məlumatlara əsasən, istisna olunmur ki, kərə yağlarının, o cümlədən, "Anchor"un da tərkibinə piylər qatılır və kərə yağı adı ilə istehlakçılara təqdim olunur. İndi elə bir texnologiya mövcuddur ki, kərə yağına aidiyyatı olmayan bir məhsula çox az miqdarda inqridiyent əlavə etməklə "kərə yağı" "istehsal edirlər". Bu, istehlakçı hüquqlarının pozulmasıdır. "Anchor"la bağlı da Azərbaycanda bu problem yaşanır".
"Anchor" şirkəti ilə əlaqə saxlayıb səsləndirilən ittihamlara münasibət öyrənmək mümkün olmayıb. Hər halda iddiaların ciddiliyini nəzərə alıb şirkət mövqeyini açıqlamalıdır.