Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsinə sayılı günlər qalıb
Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsinə sayılı günlər qalıb

Ölkədə seçkilərin keçirilməsinə hazırlıq işləri yüksək templə davam edir. , Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçki prosesinə hazırlıqla bağlı keçirdiyi son iclasda bildirib ki, Azərbaycan Respublikasında azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ilə bağlı ənənə formalaşıb. Aparılan uğurlu siyasət nəticəsində bərqərar olmuş ictimai-siyasi sabitlik seçkilərin yüksək səviyyədə və demokratik şəkildə keçirilməsinə hərtərəfli imkan yaradır.
Ölkəmizdə seçki praktikası təkmilləşdirilib, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılıb. MSK sədri azad və ədalətli seçkilərin keçirilməsi üçün dövlətimizin başçısının ciddi mövqeyini, konkret siyasi iradəsini, eləcə də diqqət və qayğısını vurğulayaraq, dairə seçki komissiyalarının əksəriyyəti üçün yeni inzibati binaların tikildiyini, digərlərində isə zəruri yenidənqurma işləri aparılaraq iş şəraitinin yaxşılaşdırıldığını, maddi-texniki bazalarının möhkəmləndirildiyini dilə gətirib. Onun sözlərinə görə,
Azərbaycanda bələdiyyə seçkilərində iştirak etmək üçün bu günədək 37100 nəfərdən çox namizəd qeydə alınıb. MSK sədri deyib ki, bu, keçən dəfəki seçki ilə müqayisədə 7 min nəfər çoxdur. Xatırladaq ki, ötən dəfə hər bələdiyyə üzvlüyünə orta hesabla 2-yə yaxın namizəd düşürdüsə, builki seçkilərdə hər bələdiyyə yerinə 2,5 namizəd qeydə alınıb. Nəzərə alsaq ki, bələdiyyələrin sayı əvvəlki seçkilərə nisbətən azalıb, deməli, bələdiyyə seçkilərinə maraq böyükdür. Demək olar ki, müraciət edənlərin 99 faizi qeydə alınıb. Ümumiyyətlə, hazırlıq mərhələsi yüksək səviyyədə aparılıb və bütün seçki məntəqələri səsverməyə tam hazırdır. MSK sədrinin təbirincə desək, qalır seçicilərin səsvermədə iştirakı. Etiraf edək ki, Azərbaycanda bələdiyyə seçklilərində seçicilərin iştirakı elə də qənaətbəxş deyil. Bəs görəsən bələdiyyə seçkilərində seçici aktivliyini artırmaq üçün hansı tədbirlər görülməlidir?
Güzəran Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimli ötən illərlə müqayisədə ölkədə bələdiyyə seçkilərində seçici fəallığının qismən artdığını bildirib. Qadir İbrahimli deyir ki, bələdiyyə yerli özünü idarəetmə institutudur: "Əhali buna görə də maksimum səviyyədə bələdiyyə seçkisində fəal iştirak etməli, özlərinin etimad göstərdiyi yerli idarəetməni yaratmalıdırlar. Seçici aktivliyini artırmaq üçün insanları buna inandırmaq lazımdır, aktivlik yoxdursa deməli inandıra bilməyiblər.Əhalini inandırmaq lazımdır ki, bələdiyyə onların lokal problemlərinin həlli ucun lazımlı strukturdur. Ancaq təəssüf ki, son 15 ildə sakinlər bunu təcrübədə, əməldə görməyiblər ona görə də inandıra bilmirlər".
Qeyd edək ki, bələdiyyə seçkiləri Türkiyədə prezident seçkiləri səviyyəsində keçirilir. Əhali həmin seçkilərdə prezident seçkilərində olduğu qədər fəal iştirak edir. Qadir İbrahimli deyir ki, bizdə də bələdiyyələrə nominal yox, real səlahiyyətlər verilməlidir ki, əhalinin real problemləri ilə məşğul olsun: "Ancaq realda bələdiyyənin icra hakimiyyətinin 1 şöbəsi qədər belə səlahiyyəti yoxdur, real səlahiyyət və real resurslar olmadan əhali bələdiyyəyə belə biganə münasibət göstərəcək".
Qadir İbrahimlinin sözlərinə görə, yerli özünüidarəetmə orqanlarında təmsil olunacaq üzvlərdən daha çox təşəbbüskarlıq, əhali ilə daimi təmasda olmaq, onların probemləri ilə mütəmadi maraqlanmaq kimi mühüm vəzifələr qoyulur. Buna görə də insanlar seçkilərdə cəmiyyətdə daha çox tanınan, təşəbbüskarlığı ilə fərqlənən namizədlərə üstünlük verəcəklər.
"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin rəhbəri Vüqar Tofiqli isə son vaxtlar seçkilərdə seçici fəallığını artıqmaq məqsədilə xeyli maarifləndirmə işləri aparıldığını söyləyir. Onun sözlərinə görə, təşkilat üç ay ərzində Bakının Suraxanı və Şamaxı rayonunda formalaşan bələdiyyələrində gəncləri və qadın seçiciləri maarifləndirməklə, onlar arasında seçki prosesində iştirakçılıq səviyyəsini, həm də seçici aktivliyini artırmaq niyyətiylə hüquqi dərslər həyata keçirib: "Hazırda gənclərin və qadınların bələdiyyələrə marağını artırmaq üçün ilk növbədə bələdiyyə sisteminin qarşılaşdığı problemləri aradan qaldırmaq üçün addımlar atılmalıdır. Qanunvericilikdə olan boşluqların aradan qaldırılması, icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün qanun hazırlanması, bələdiyyələrin kadr potensialının artırılması nəticəsində gənclərin və qadınların bələdiyyələrə marağını artırmış olacaq".
Ekspertlər bu il bələdiyyə seçkilərində fəallığın olacağını söyləsələr də,sorğumuz bələdiyyə seçkiləri ilə bağlı seçicilər arasında hələ də məlumatsızlığın olduğunu göstərdi. Bəlli oldu ki, bələdiyyələrin fəaliyyəti barədə vətəndaşlar arasında dolğun məlumat yoxdur. Dolğun şəkildə təbliğat və təşviqat kampaniyası aparılmır. Bələdiyyələr yalnız seçkidən-seçkiyə yada düşür.
Bakı, Biləcəri qəsəbə sakini Mətanət Abdullayeva: "Düşünürəm ki, bələdiyyələr ləğv olunsa daha effektiv olar. Amma seçkilər keçirilirsə çalışacağam ki, səs vermə prosesində iştirak edim. Bu günə qədər bələdiyyələrin fəaliyyəti məni qane etmədiyi üçün bundan sonra da nə olacağına şübhə ilə yanaşıram. Amma ətrafımda elə tanışlarım var ki, seçkilərin keçiriləcəyindən xəbərsizdir".
Abşeron rayon Masazır kənd sakini Təzəgül Məmmədova: "Evdar qadınam deyə bələdiyyə seçkisinin keçirilməsindən heç yerdən xəbər tutmamışam. Xeyr, səsvermə prosesində iştirak etməyəcəm. Çünki, bu qəsəbədə pasport qeydiyyatında deyiləm".
Nəsimi rayon sakini Murad Cəlil "Bəli, səs verəcəm. Amma kimə səs verəcəyimi bilmirəm. Çünki səs verəcəyim şəxsi, daha doğrusu namizədləri tanımıram. Hələ hansısa təbliğat və ya başqa bir şeyin şahidi olmamışam. Heç bizim Mir Cəlal 30 ünvanına bələdiyyə namizədlərinin şəklini vurmayıblar".
Nizami rayon sakini Xalid Kərimov: "Səsvermədə iştirak edəcəm. Bu mənim vətəndaşlıq borcumdur. Amma bilmirəm kimə səs verim. Heç öz bələdiyyə sədrimizi tanımıram".
Tələbə Sabir Hümbətov: "Səs vermək fikrim var. Amma kimə? Bunu bilmirəm. Fikirləşirəm ki, gedib səsvermə məntəqəsində öyrənərəm. Ürəyimə hansı yatsa ona da səs verəcəm".
Tələbə Vəfa Ümidova : "Həmin gün qeyri-iş günüdür. Düşünürəm ki, qatılım seçkilərə. Amma səsverəcəyim məntəqənin yerini bilmirəm".
Binəqədi qəsəbə sakini Nəzakət Muradova isə bələdiyyə seçkilərində iştirak etmək istəsə də namizədlərin adını belə bilmədiyini söylədi: "Gəlin görün namizədlərdən birinin belə plakatı bizim küçəyə vurulubmu? Mən namizədin kim olduğunu, ona etimad göstərə biləcəyimi bilmədiyim halda necə səs verim? Düşünürəm ki, təbliğat aparılmadığından camaat da kimə səs verəcəyini bilmir. Ən azı sakinlərlə namizədlər görüşməli, özlərini tanıtmalıdırlar. Yoxsa bu bələdiyyə kimi, camaat onu da tanımayacaq. Onsuz da bələdiyyələrə inamımız azdır. Ancaq ərazidən məişət tullantılarını atırlar. Başqa bizə xeyirləri yoxdur".
Seçicilərin əksəriyyəti seçki prosesinə az qalsa da, harada səs verəcəklərini, səsvermə məntəqələrinin ünvanlarını belə bilmədiklərini söylədilər: "Bizə deyirlər səs verin. Amma harada səs verək bunu deyən yoxdur".