Əli Kərimliyə qarşı şok ittihamlar
Əli Kərimliyə qarşı şok ittihamlar

Qüdrət Həsənquliyev AXCP sədrinin heç bir perspektivinin olmadığını sübut edən fatklar gətirdi

Son dövrlər radikal müxalifət düşərgəsində baş verən olaylar bu cameədə hansı münasibətlərin hakim olduğunu göstərdi. Müsavat Partiyasındakı qarşıdurma, AXCP ətrafındakı çəkişmələr bu düşərgənin xəyanət və saxtakarlıq nümunələrinin birləşdiyini bir daha sübut etdi.
"Unikal"ın məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev radikal müxalifət düşərgəsində baş verənlər barədə arqumentli fikirlər səsləndirib. O, öncə Müsavat Partiyasındakı son durumu dəyərləndirib: "Mən hələ uzun illər bundan öncə bəyan edirdim ki, Azərbaycandakı problemlərin bir çoxuna görə iqtidarı məsul tutmaq doğru deyil. Hər bir xalqın öz inkişaf indeksi, mentaliteti, orda formalaşmış ənənələr və dünya görüşü var. Ona görə də bir çox problemlərin həlli zamana bağlı olan məsələdir. Bunu yuxarıdan islahatlar yolu ilə qısaltmaq da olar. Amma gərək, xalq da inkişaf yolu keçsin. O vaxt İsa Qəmbər yenidən başqan olmayacağını bəyan edəndə, mən dedim ki, bu, partiyada ciddi daxili təlatümlərə gətirib çıxaracaq. Çünki Müsavat bir şəxs ətrafında yaranmış partiyadır. Amma görünür, İsa Qəmbər öz partiya üzvlərinin siyasi yetkinliyinə qədərindən artıq güvəndi və düşündü ki, bu, partiya daxilində kataklizmlərə yol aça bilməz. Birincisi, bəlli oldu ki, bu partiyada tam demokratik seçkini keçirmək mümkün olmadı. İkincisi, tərəflərin nəticələrə yanaşması və heç kimin bir addım geri atmaması partiyanı dağıtdı. Bunu da zəruri edən səbəblər var idi. O səbəblərdən biri də ondan ibarət idi ki, Müsavatda sədrliyə iddialıların hər biri iqtidarla bu və ya digər formada əməkdaşlıq edirdilər. Ona görə də iqtidar yaranmış situasiyadan istifadə edərək onların hər hansı birinin geri çəkilməsinə imkan vermədi. Demokratiyadan danışan, azlığın fikrinin nəzərə almamağa görə İlham Əliyevi ittiham edən Arif Hacılı yenidən seçkiyə getmədi. Bunlar ölkədə keçirilən seçkilərin nəticəsini tanımayaraq, iqtidardan tələb edirdilər ki, yenidən seçki keçirsin. İndi isə özləri belə vəziyyətlə üzləşiblər, amma yenidən seçki keçirmək istəmirlər. Bütün bunlar nəticə etibarı ilə belə bir vəziyyətin yaranmasına səbəb oldu".
Əli Kərimlinin bu prosesdə önə çıxması ilə bağlı iddialara gəlincə, deyim ki, hakimiyyət üçün onun radikal müxalifət təmsilçisi qalması daha sərfəlidir. Çünki onunla necə davranmağın qaydalarını bilirlər. Həm də iqtidarın özü demədən Əli Kərimli hakimiyyətin maraqlarına uyğun olan addımlar atır. Məsələn, bir müddət əvvəl siyasi məhbuslarla bağlı keçirilən mitinqin özü hakimiyyətin marağında idi. Çünki bununla hakimiyyət Qərbə də göstərdi ki, ölkədə sərbəst toplaşmaq azadlığı var.
Bilirsiniz, Əbülfəz Elçibəy Əli Kərimli barədə deyirdi ki, o, 70 yaşında da uşaq kimi olacaq. Onda, tələbəlik zamanı hansı çılğınlıq, emossionallıq var idisə, bu, indi də dəyişmədən qalır. İqtidarda kifayət qədər idarəetmə təcrübəsi olan adamlar var və onlar da bunu görürlər".
Qeyd edək ki, Əli Kərimlinin müxalifətdəki əsas rəqibi olan Müsavat indi iki yerə parçalanıb. Bu proses hansısa formada Əli Kərimlinin xeyrinə işləyə bilər. Amma Qüdrət Həsənquliyev bu versiyanı real saymır: "Əli Kərimlinin xeyrinə heç nə işləməyəcək. Ona görə ki, əhalinin böyük hissəsi Əli Kərimlinin xarakterini və keçdiyi yolu bilir. İstənilən siyasətçi uğur qazanmaq üçün cəmiyyətin öndəgedən kəsiminin dəstəyini qazanmalıdır. Bu kəsim isə artıq Əli Kərimlinin kimliyini yaxşı bilir.
Əli Kərimlinin ətrafına nəzər yetirin. Elçibəyin dövründə partiyanın İdarə Heyətində olan 19 nəfərdən heç biri orada qalmayıb. Bu insanların hamısı dönük çıxmadı ki? İndi də ətrafına mesaj verir ki, kim məndən ayrılsa, dönük elan ediləcək. Yəni, insanları şantaj eləməklə ətrafında saxlamağın özü ən böyük vicdansızlıq, ədalətsizlikdir. Ona görə deyirəm ki, istəyirsən, lap Müsavat 50 yerə parçalansın, onun Əli Kərimliyə xeyri olmayacaq. Müsavatdan çıxan bircə nəfər samballı adam Əli Kərimlinin yanına gedibmi? Yox. Deməli, onun perspektivinə inanmırlar".
Qərib Gərayzadə