Dialoq radikalları üz-üzə gətirdi

Dialoq radikalları üz-üzə gətirdi

Müxalifət düşərgəsində yeni savaşın əsası qoyuldu
Məlum olduğu kimi, ADP, KXCP, ALDP və AXP-nin iqtidara dialoq təklifi irəli sürməsi müxalifət düşərgəsində qarşıdurmaya səbəb olub. Xüsusilə, Milli Şura üzvləri 4 partiyanın təklifini qılınclayıb.
"Unikal"ın məlumatına görə, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev də dialoq təşəbbüsü irəli sürən partiyalarla bağlı fikirlərini açıqlayıb. E.Quliyev deyib ki, fəaliyyətləri şübhə doğuran siyasi partiya sədrləri tərəfindən ortaya atılan dialoq təklifi sadəlövhlükdür. Bundan sonra Mirmahmud Mirəlioğlu ilə Sərdar Cəlaloğu Eldəniz Quliyevin cavabını verdilər.
Onu da nəzərə çatdıraq ki, KXCP, ADP, ALDP və AXP rəhbərləri ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşəcək. KXCP sədri Mirmahmud Mirəlioğlu açıqlamasında görüş üçün razılıq verildiyini bildirib: "Görüş olacaq və nəticə haqda da məlumat veriləcək". M.Mirəlioğlu görüşün vaxtını və digər detalları açıqlamaq istəməyib: "İnşallah, görüş baş tutduqdan sonra məlumat verəcəyik". ADP sədri Sərdar Cəlaloğlu da bildirib ki, görüş yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, müxalifət partiyaları bir ay öncə görüş üçün Prezident Administrasiyasının şöbə müdirinə müraciət etmişdilər. Amma dünən dialoq məsələsi yenidən narazılıq yaratdı. "Bu həftənin sonuna qədər görüşün alınması gözlənilir. Görüşün təşəbbüskarı biz, təşkilatçısı isə hakimiyyət tərəfindən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsi olacaq. Onlar hansı formatı məqbul bilsələr, o formada da görüş alınacaq". Bunu KXCP sədri Mirmahmud Mirəlioğlu deyib. O, həmçinin qeyd edib ki, burada söhbət dialoqdan deyil, görüşdən gedir. Qeyd edək ki, mətbuatda görüşün şənbə günü keçiriləcəyi haqda xəbər yayılıb. Bildirilib ki, görüşdə müxalifət tərəfindən KXCP, ADP, ALDP və AXP və Ümid Partiyasının rəhbərlərinin, yaxud səlahiyyətli təmsilçilərini iştirakı gözlənilir. Ancaq Mirmahmud Mirəlioğlu Teleqraf.com-a deyib ki, şəxsən onda görüşün şənbə günü keçiriləcəyi haqda informasiya yoxdur: "Görüşdə məhbuslar məsələsi müzakirə ediləcək. Qeyd edim ki, həm də görüşdə beş deyil, Demokratiya və İnsan Hüquqları Mərkəzində fəaliyyət göstərən səkkiz partiya iştirak edəcək. Biz çalışırıq ki, görüş baş tutsun. Odur ki, məsələləri korrekt açıqlayırıq. Görüşdən sonra isə nəticələr haqda fikrimizi qeyd edə bilərik. Görüşün təşkilatçısı hakimiyyət nümayəndəsidir. Əgər məsləhət bilsələr, görüş medianın iştirakı ilə olacaq. Məsləhət bilməsələr, olmayacaq".
"Unikal"ın əldə etdiyi məlumata görə, hələlik ictimailəşməsə də, müxalifət düşərgəsində yeni davanın təməli qoyulub. Ancaq real vəziyyət onu göstərir ki, dialoq məsələsi aranı qatacaq. Partiyalar arasında yeni ittihamlar başlayacaq.
Qərib Gərayzadə