ADP-AXCP davası əndazəni aşır
ADP-AXCP davası əndazəni aşır

Məlum olduğu kimi, AXCP ilə ADP arasındakı qarşıdurma günü-gündən dərinləşir. Artıq iş o yerə çatıb ki, tərəflər tənqiddən təhqirə keçiblər.
Sərdar Cəlaloğlu və tərəfdarları məsələni qapatmaq istəsə də, Əli Kərimlinin dəstəsi dinc durmaq niyyətində deyillər. Xüsusən də AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Sərdar Cəlaloğlunun ünvanına səsləndirdiyi fikirlər yenidən gərginlik yaradıb.
"Azərbaycanda bəzi qüvvələr var ki, onların çörəyi iqtidar-müxalifət düşmənçiliyindən çıxır. Onlar düşünürlər ki, cəmiyyətdə nə qədər qarşıdurma olsa, nə qədər radikal əhval-ruhiyyə aşılansa, bir o qədər onların bazarı yaxşı işləyər. Ona görə də iqtidarla müxalifətin yaxınlaşması, cəmiyyətdə həmrəyliyin olması onların çörəyini kəsir".
Bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının fikirlərinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, bu gun Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrləri Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşəcək. ADP, Liberal Demokrat, Klassik Xalq Cəbhəsi, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Xalq, Böyük Azərbaycan, Ümid, Azadlıq, Aydınlar və digər partiyaların rəhbərlərinin iştirakı ilə keçiriləcək görüşdə müxalifət partiyaları ilə münasibətlər, onlarla əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunacaq. F.Qəhrəmanlı görüşdə iştirak edəcək partiya sədrlərinin müxalifətə aidiyyəti olmadığını, onların özlərindən başqa heç kimi təmsil etmədiyini bəyan edib və bu görüşə qarşı çıxıb.
S.Cəlaloğlu isə bildirib ki, kimlər ölkədə iqtidarla müxalifət arasında sivil münasibətlərin qurulmasına qarşıdırsa, onlar xalqın və dövlətin əleyhinədirlər. Onun sözlərinə görə, iqtidar-müxalifət münasibətləri bütün ölkələrdə mövcuddur: "Avropa ölkələrində iqtidar və müxalifət dialoq şəraitindədir və xalqa, dövlətə ziyan vurmur. Yaxın Şərqdə isə bu münasibətlər düşmənçilik səviyyəsində olduğundan, həm dövləti, həm də milləti məhv edir. Bu baxımdan biz Avropa yolunu seçmişik. Kimlər ki, bunu satqınlıq hesab edir, deməli, onlar Şərqdəki münasibətlərin olmasını arzu edirlər və bunlar da xalqın, dövlətin məhv edilməsindən ibarətdir".
Ümid Partiyasının sədri İqbal Ağazadə isə açıqlamasında qeyri-ciddi adamların fikrinə münasibət bildirmək istəmədiyini açıqlayıb.
Qərib Gərayzadə