Nazir: "Bu, maneələrin  yaranmasına səbəb olur
Nazir: "Bu, maneələrin
yaranmasına səbəb olur"

"Hazırda bizdə mövcud sistem əlillik vəziyyətinin yalnız tibbi yanaşma əsasında, şəxsin fiziki və ya əqli məhdudluğunun ağırlıq səviyyəsinə uyğun olaraq I, II və III dərəcələr üzrə müəyyənləşdirilməsini nəzərdə tutur". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının təşkilatçılığı ilə Bakı şəhərində "Azərbaycanda Əlilliyin Qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar" mövzusunda beynəlxalq seminarda bildirib.
O qeyd edib ki, bu da həmin şəxsin fəaliyyət imkanlarının, əmək potensialının diqqətdən kənarda qalması və onun cəmiyyətə yalnız fiziki və əqli məhdudiyyətli insan kimi təqdim edilməsinə, əmək bazarına çıxışına maneələr yaranmasına səbəb olur".
Nazir qeyd olunan sistemin sosial yanaşma əsasında təkmilləşdirilməsinin, əlillik müayinəsində fiziki və əqli məhdudluğun fəaliyyət bacarığına, əmək qabiliyyətinə təsirinin ölçülməsinin daha məqsədyönlü olduğunu bildirib: "Bizim nəzərdə tutduğumuz yeni sosial model də əlilliyin qiymətləndirilməsində şəxsin yalnız tibbi diaqnozunu əsas götürmədən, onun fəaliyyət imkanlarını, o cümlədən əmək qabiliyyətini hansı səviyyədə itirməsinin ölçülməsi və əlilliyin də bu ölçü əsasında müəyyən edilərək rəsmiləşdirilməsi meyarına əsaslanır. Bu sosial model III dərəcəli əlillərin əmək qabiliyyətini 50-60 faiz, II dərəcəli əlillərin əmək qabiliyyətini 70-80 faiz, I dərəcəli əlillərin isə əmək qabiliyyətini 100 faiz, yəni tam itirmiş kimi müəyyən edilməsini nəzərdə tutur. Burada əsas məqsəd şəxsin mövcud əmək potensialının qorunub saxlanılması və reallaşmasına, onun yenidən aktiv həyata dönüşünə, son nəticədə reabilitasiyasına maksimum zəminin yaradılmasıdır".