KİVDF və MSK jurnalistləri seçki hüququ ilə bağlı maarifləndirdi
KİVDF və MSK jurnalistləri seçki hüququ ilə bağlı maarifləndirdi

Jurnalistlər seçki hüququ ilə bağlı maarifləndiriliblər

Dekabrın 15-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə "Jurnalistlərin seçki prosesində fəaliyyətinin əsasları" mövzusunda konfrans keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, MSK-nın sədr müavini Natiq Məmmədov, komissiyanın şöbə müdiri İradə Hacıyeva, hüquqşünas-ekspertlər, habelə ölkənin 60-dan çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları salamlayaraq dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən olduğunu vurğulayıb. Fondun icraçı direktoru seçki prosesində şəffaflığın təminatında və bələdiyyə seçkiləri ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifələrin düşdüyünü diqqətə çatdırıb. Fondun MSK ilə ötən illərdə də birgə tədbirlər keçirdiyini xatırladan Vüqar Səfərli bildirib ki, növbəti konfransın təşkilində başlıca məqsəd bələdiyyə seçkiləri ərəfəsində jurnalistləri maarifləndirmək, onlara qanunvericiliklə müəyyən olunmuş hüquq və vəzifələrini izah etməkdir.
Fond və MSK-nın birgə təşəbbüsü ilə "Bələdiyyə seçkilərində müşahidəçi kimi iştirak edən jurnalistlər üçün bələdçi" adlı kitabçanın hazırlandığını diqqətə çatdıran Vüqar Səfərli həmin əyani vəsaitdə KİV əməkdaşlarının seçki prosesində fəaliyyətinin hüquqi əsaslarının geniş əks olunduğunu vurğulayıb.
MSK-nın sədr müavini Natiq Məmmədov çıxışında müstəqillik illərində həyata keçirilən hüquqi islahatların yekunu olaraq Azərbaycanda mükəmməl seçki qanunvericiliyinin formalaşdığını, ölkəmizin bu sahədəki mütərəqqi təcrübəsinin, habelə seçkilərin demokratikliyinin təminatı məqsədilə tətbiq edilən yeniliklərin beynəlxalq miqyasda yüksək dəyərləndirildiyini bildirib. Bələdiyyə seçkilərinin tamamilə azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi üçün MSK tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq zəruri tədbirlərin həyata keçirildiyini qeyd edən Natiq Məmmədov bütün bunların cəmiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolunu yüksək dəyərləndirib.
Seçki prosesinin səsvermə günü ilə məhdudlaşmadığını diqqətə çəkən Natiq Məmmədov prosesin bütün mərhələləri barədə ictimaiyyətə geniş məlumatların verilməsinə, əhalinin maarifləndirilməsinə ehtiyac olduğunu bildirib. MSK-nın sədr müavini seçki prosesi ilə bağlı məlumatların cəmiyyətə çatdırılmasında bilavasitə iştirak edən jurnalistlərin qanunvericiliklə yaxından tanış olmalarının, öz hüquq və vəzifələrini bilmələrinin vacibliyini önə çəkib. Natiq Məmmədov bu baxımdan MSK ilə Fondla birgə təşkil etdiyi konfransın mühüm əhəmiyyətə malik olduğunu söyləyib.
Sonra ekspertlərin mövzu ətrafında məruzələri dinlənilib. Hüquqşünas Aydın Kərimov "Demokratik cəmiyyətdə KİV-lərin secki müşahidəciliyinin əhəmiyyəti" mövzusunda məruzəsində seçkilərin demokratik dəyər kimi cəmiyyətə çatdırılmasında, səsvermənin şəffaflığının və demokratikliyinin, habelə bu prosesə ictimai nəzarətin təmin edilməsində KİV-lərin müstəsna rolunu diqqətə çəkib. O, jurnalistlərin seçki prosesində iştirakının qanunvericilikdəki mövcud boşluqların aradan qaldırılması baxımından əhəmiyyətini qeyd edib.
Hüquqşünas Ələsgər Məmmədli "Seçki prosesində medianın məsuliyyəti" mövzusunda məruzəsində mövcud seçki qanunvericiliyinin jurnalistlərin seçki prosesini lazımi səviyyədə işıqlandırmalarına geniş imkanlar açdığını diqqətə çatdırıb. Ekspert seçki prosesi ilə bağlı məlumatların cəmiyyətə obyektiv, tərəfsiz, qərəzsiz şəkildə çatdırılmasında KİV-lərin hüquq və vəzifələri ilə yanaşı, məsuliyyətlərini də diqqətə çəkib. Ələsgər Məmmədli seçkilərdə müşahidəçi kimi iştirak edən jurnalistlərin peşə etikası normalarına və mövcud qanunvericiliyin tələblərinə hörmətlə yanaşmalarının vacibliyini vurğulayıb.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, ekspert Müşfiq Ələsgərli "Jurnalistlərin seçki məntəqələrində davranış qaydaları" mövzusunda məruzəsində Azərbaycanda seçkilərin şəffaflığının və demokratikliyinin təmin edilməsi üçün ötən illərdə uğurlu təcrübənin formalaşdığını bildirib. Jurnalistlərin seçki prosesində üzləşdikləri bəzi çətinliklərin onların seçki qanunvericiliyini lazımi səviyyədə bilməmələrindən irəli gəldiyini diqqətə çatdıran ekspert bu baxımdan keçirilən konfransın müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. M.Ələsgərli jurnalistlərin seçki prosesində müşahidəçi kimi iştirakının hüquqi əsasları barədə məlumat verməklə yanaşı, KİVDF-nin bununla əlaqədar hazırladığı kitabçanın əhəmiyyətindən söz açıb.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb. MSK sədrinin müavini Natiq Məmmədov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb və səsvermə prosesinə hazırlıq tədbirləri barədə ətraflı məlumat verib.
Konfransa yekun vuran Fondun icraçı direktoru Vüqar Səfərli tədbirin təşkilinə göstərdiyi dəstəyə görə MSK-nın rəhbərliyinə, habelə müzakirələrdə fəal iştirak edən media nümayəndələrinə minnətdarlığını bildirib. Fondun icraçı direktoru fəal müzakirələr şəraitində keçən konfransın jurnalistləri maraqlandıran məsələlərə aydınlıq gətirilməsi və onların ümumən seçki prosesi ilə bağlı məlumatlandırılması baxımından əhəmiyyətli olduğunu bildirib.