Cahangir Əsgərovun nəzərinə ilginc qanunsuzluq faktı!
Cahangir Əsgərovun nəzərinə ilginc qanunsuzluq faktı!
Bakı aeroportunda böyük şriftlərlə siqaret reklamı aparıldığı ortaya çıxdı

Siqaret çəkmək məişət narkomaniyasıdır. Azərbaycanda istifadə olunan siqaretin həcmi il ərzində 11 milyard ədəd təşkil edir. Azad İstehlakçılar Birliyi birmənalı şəkildə hər kəsə siqaretdən uzaq olmağı tövsiyyə edir.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Siqaret Əleyhinə Konvensiyasına qoşulub, "Tütün və tütün məmulatları haqqında" qanun qəbul olunub, baxmayaraq ki, həmin qanun siqaretlərin tək-tək, eyni zamanda məktəb, təhsil, tibb müəssisələri yaxınlığında satışını qadağan edir, biz bunun əksinin şahidi oluruq.
Bu açıqlamalarla çıxış edən Azad İstehlakçılar Birlyinin sədri Eyyub Hüseynov daha sonra daha maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, ölkədə tütün və tütün məhsullarının reklamına qadağa qoyulsa da, Heydər Əliyev adına Hava Limanında "Slims" siqaretinin adı böyük şriftlərlə reklam olunur: "Elə bil hava limanı Azərbaycan ərazisi deyil. Bundan başqa, uşaqlar üçün nəzərdə tutulan saqqızları siqaret şəklində satışa buraxmaqla onlara psixoloji təsir edirlər. Bu da reklamın gizlin bir formasıdır".
Eyyub Hüseynov qeyd edib ki, aparılan araşdırmalar zamanı əmtəə bazarında külli miqdarda, qaçaqmalçılıq yolu ilə Əfqanıstandan gətirilən radiasiyalı siqaretlər müəyyən edilib, filtrsiz siqaret istehsal edən 7 müəssisənin bağlanmasına nail olsalar da, hazırda vəziyyət heç də yaxşı deyil: ""Tütün və tütün məmulatları haqqında qanun" qəbul olunanda Azad İstehlakçılar Birliyinin sədri olaraq mən Milli Məclisdə radikal mübarizə aparıb dedim ki, siqaret qutularının üzərində buraxılma və son istifadə tarixi qeyd olunsun. Əslində siqaretlərin saxlanma müddəti bir ildən artıq deyil. Siqaretin tərkibində 400-dən çox kimyəvi element var. Tütün məmulatının ekspertizası MDB məkanında Krasnodarda aparılır. Həmin aparatın qiyməti isə 2 milyon manatdan aşağı deyil. Nədənsə tütün çox mürəkkəb ərzaq məhsulu hesab olunur.
Bu gün Azərbaycan tütün bazarındakı məhsulların 90 faizdən çoxu vaxtı keçmiş mallardır. Hətta aksizsiz tütün məhsullarının gizli satışı davam edir. Məsələn, məşhur "Viceroy"un "altdan", həm də baha qiymətə satılan növləri var. Alıcı köşkə yaxınlaşır, "mənə o biri siqaretdən ver" deməklə satıcı onun nə istədiyini bilir".
İstehlakçıların hüquqlarını qoruyan müdafiəçi 15 ildən artıqdır Nərimanov rayonu ərazisində keyfiyyətsiz siqaret satışı həyata keçirən qrupu ifşa edə bilmədiklərini deyib: "Azad İstehlakçılar Birliyi illərdir Nərimanov rayonu ərazisində (xüsusilə, Səttarxan zavodunun ətrafında, Təhsil Nazirliyinin yerləşdiyi küçənin sonunda) qaçaqmal, təhlükəli siqaret satışının qarşısını ala bilmir. Bizə daxil olan məlumatlarda həmin satışı həyata keçirənlərin arxasında dövlət məmurunun durduğu deyilir. 15 ildən çoxdur qeyri-qanuni gətirilən, mənşəyi məlum olmayan, təhlükəli 15 adda siqaret gizli satılır. Biz onların kökünü kəsməkdə acizik.
Azərbaycanda satılan siqaretlər qaçaqmalçılıq yolu ilə, xüsusilə Dağıstanda imitasiya edilərək, mənşəyi məlum olmadan gətirilir. O ki qaldı gizli istehsala, əminliklə deyə bilərəm ki, Azərbaycanda gizli siqaret istehsalı yoxdur".
Eyyub Hüseynov Azərbaycanda satılan keyfiyyətsiz tütün məhsullarının geniş vüsət almasında Bakı Tütün Fabrikini günahlandırıb: "Siqaret arzu olunan məhsul deyil. Amma əgər Azərbaycanda təmiz məhsul olsaydı, onda Bakı Tütün Fabriki bazarın təmizlənməsi üçün işlər görərdi. Yerli istehsalçı olmalarına baxmayaraq, onlar heç bir təmizləmə işi aparmır. Bu o deməkdir ki, fabrik özü də bu işdə suçludur. Düşünürəm ki, bu, hansısa qaranlıq məqamlardan xəbər verir".
Ekspertin konkret ad çəkməməsinə rəğmən, bir daha təsdiq olunur ki, Bakıda qaçaqmal və təhlükəli siqaret satışında məmur "barmağı" qaçılmazdır.
Bir başqa məqam isə Heydər Əliyev adına Hava Limanında "Slims" siqaretinin adı böyük şriftlərlə reklam olunması faktıdır. Qanunvericiliyin müvafiq tələblərini kobud şəkildə pozan belə bir fakta görəsən, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL), onun rəhbəri Cahangir Əsgərovun hansı məntiqli izahı var?!
Ülviyyə Qasımlı