Milli Məclisdə Avropaya inam qalmayıb

Spiker Azərbaycanın Krımla bağlı sanksiyalara qoşulmamasının səbəbini açıqladı

"ABŞ Konqresi Gürcüstana 75, Ermənistana 25 milyon, Azərbaycana 23 milyon dollar yardım ayırıb. Bu illər ərzində Ermənistana ayrılan yardım 2 milyard, Qarabağ separatçılarına ayrılan yardım isə 83 milyon dollardan artıq olub".

Bunu parlamentin iclasında çıxış edən deputat Zahid Oruc deyib. Deputat bildirib ki, ABŞ bu yardımı kəssə, Qarabağ probleminin həllinə yardımçı olar: "Mən Avropa Birliyi və ABŞ-a müraciət edirəm ki, Ermənistana və Qarabağa yardımı dayandırsın, deputatların səfərlərinə qadağa qoysun".
Deputat bildirib ki, Azərbaycan parlamenti də Avropa Parlamentinə müraciət edərək, avropalı parlamentarilərin separatçı rejimin nəzarətində olan Azərbaycan ərazilərinə səfərinə birdəfəlik qadağa qoyulmasını tələb etməlidir.
Spiker Oqtay Əsədov isə deyib ki, artıq Avropa Parlamentinə belə müraciət edilib.
O. Əsədov həmçinin bildirib ki, Azərbaycan Ukrayna məsələsində bu ölkənin ərazi bütövlüyünü dəstəkləyib, amma Krıma qarşı sanksiyalara qoşulmayıb: "Çünki eyni sanksiyaların separatçı Dağlıq Qarabağ rejiminə da tətbiq olunmasını tələb edirik".

"Xaricdəki
diplomatlarımız bizi
areoportda qarşılamır"

"Beynəlxalq tədbirlərdə Azərbaycan parlamentinin üzvlərini ölkəmizi xaricdə təmsil edən diplomatik korpuslar qarşılamır".Bunu BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, Azərbaycanın xaricdəki səfirləri parlament nümayəndələrini aeroportda qarşılamır: "Biz görmüşük ki, başqa ölkələrin parlamentarilərini beynəlxalq tədbirlərdə səfirlər qarşılayır və ya onları qəbul edir. Amma bizim səfirlər bizi heç çay süfrəsinə də dəvət etmir. Xarici İşlər Nazirliyi problemi həll etsə, yaxşı olar".
Deputat bu yaxınlarda İtaliyada keçirdiyi görüşləri nəzərdə tutaraq iradını söyləyib.
Spiker Oqtay Əsədov isə deyib ki, Azərbaycanın İtaliyadakı səfiri olduqca təcrübəli diplomatdır: "Ona görə də dediklərinizə məəttəl qaldım. Yəqin ki, məsələni araşdıracağıq".

"Minsk qrupunun
həmsədrləri işğal
altındakı əraziyə
Azərbaycandan
getməlidir"

Milli Məclisin iclasında ATƏT-in Minsk qrupu yenidən tənqid edilib. Minsk qrupunun fəaliyyəti barədə danışan deputat Bəxtiyar Əliyev bildirib ki, ABŞ hər il Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımı ayırır: "Halbuki Avropa Şurası Parlament Assambleyasının 2005-ci ilin yanvarında qəbul etdiyi qətnamədə açıq-aydın qeyd olunub ki, Dağlıq Qarabağ separatçı rejimin nəzarəti altındadır. Bu gün isə ABŞ həmin separatçı rejimi maliyyələşdirir".
Deputat bildirib ki, belə hallar sülh danışıqlarının dalana dirənməsi üçün zəmin yaradır. Bəxtiyar Əliyev Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfərlərinə də münasibət bildirib: "Minsk qrupunun həmsədrləri özləri deyir ki, tərəflər arasında qarşılıqlı etimad yaradılmalıdır. Amma nədənsə, özləri bu istiqamətdə heç bir iş görmürlər, əksinə vəziyyəti daha da qəlizləşdirirlər, işğal altındakı ərazilərə Ermənistandan səfər edirlər. Bu vəziyyəti aradan qaldırmaq lazımdır. 1990-cı illərin sonlarında ABŞ-dan olan həmsədrin təşəbbüsü ilə işğal olunmuş ərazilərə səfər Ağdam rayonu ərazisindən baş tutub. Yəni Azərbaycanın işğal altında olmayan ərazisindən işğal altındakı ərazilərə getdilər və geri qayıtdılar. Bu qarşılıqlı etimadın yaradılması və sülhün əldə olunması üçün ən effektiv metoddur. Biz nəyə görə ATƏT-in Minsk qrupu həmsədrlərindən bunu tələb etmirik? Niyə onlara demirik ki, Azərbaycanın işğal olunmuş ərazisinə Ermənistandan deyil, Azərbaycan ərazisindən gedin? Gəlsinlər bura, sonra da işğal altındakı ərazilərə getsinlər, görüşsünlər, danışıqlar aparsınlar və Azərbaycan ərazisi ilə geri qayıtsınlar. Azərbaycan nümayəndələri də onlarla birlikdə getsinlər. Bunun nəticəsində də tərəflər arasında etimad yaransın. Əgər onlar bunu etmirlərsə, Azərbaycanın işğal altındakı ərazilərə Ermənistandan səfər edirlərsə, bu qarşılıqlı etimada vurulan ən ağır və ciddi zərbədir. Ona görə də Minsk qrupunun həmsədrləri bölgəyə növbəti səfərlərini Azərbaycandan başlasınlar, buradan da işğal altındakı Füzuliyə, Ağdama, Xankəndinə getsinlər, danışıqlar aparıb geri qayıtsınlar".

"İndi Amerikada qara
dərililərin soyqırımı gedir"

Milli Məclisin iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov növbəti dəfə ABŞ haqqında tənqidi fikirlər səsləndirib. YAP rəsmisi ABŞ Konqresinin 6 min səhifəlik işgəncə hesabatına diqqət yönəldib.
Siyavuş Novruzov bildirib ki, ABŞ demokratiya, söz azadlığının təmin olunmasının adı altında başqa ölkələrin daxili işlərinə müdaxilə edir. "Bəs niyə görə ABŞ məhkumlara işkəncə verən şəxsləri cinayət məsuliyyətinə cəlb etmir? ABŞ okeanın o tayından gəlib, terrorçu axtrarmaq adı ilə Əfqanıstana, İraqa müdaxilə etdi. Məqsəd isə bəllidir. Azərbaycan isə pz təhlükəsizliyi naminə addımlar atanda ABŞ bunu tənqid etməyə başlayır",-deyə deputat söyləyib.
Deputat onu da qeyd edib ki, ABŞ-da qaradərililərə qarşı soyqırımı siyasəti aparılır: "Əvvəllər Milad bayramında ABŞ-da hinduşkaların soyqırımı olurdu. İndi isə qaradərililərin soyqırımı aparılır".
Milli Məclisdə "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavə və dəyişiklik qəbul edilib
Azərbaycan Milli Məclisinin iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb.
Layihəyə görə, qanunun 3-cü maddəsinə (Əsas anlayışlar) "oxşar ad" termini əlavə edilir və onun təsnifatı göstərilir: "Oxşar ad - əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar". Əlavənin mahiyyəti ondan ibarətdir ki, mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılması qadağan edilir.
Bundan başqa, layihədə xarici ölkənin fiziki və hüquqi şəxsləri tərəfindən maliyyələşdirilən KİV-in fəaliyyətinə xitam verilməsi də nəzərdə tutulur.
Qərəzli yazılara görə haqsız olduğuna dair barəsində məhkəmə tərəfindən il ərzində 2 dəfə qərar verilən media orqanının dərcinə və yayımına xitam verilməsi barədə qanuna dəyişiklik edilməsi təklifi də müzakirəyə təqdim olunub. Hazırda bu, il ərzində 3 dəfədir.
Layihənin müzakirəsi mübahisələrə səbəb olub.
Deputat İqbal Ağazadə dəyişikliklərə ehtiyac olmadığını bildirib: "Çünki dəyişikliklərin heç biri fundamental deyil. Azərbaycanda kifayət qədər omonim söz var, o mənada oxşar adlardan istifadə edilərək yeni media orqanı yardıla bilər". Deputat KİV-in istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi ilə bağlı müddəanı da doğru saymayıb.

Deputat Zahid Oruc isə qanunun mürtəce xarakter daşımadığını deyib və qəbul olunmasına tərəfdar çıxdığını bildirib: "Özlərini "mücahid" kimi təqdim edənlər əslində hansısa kəşfiyyat orqanlarına xidmət edirlər. İndiyə qədər qanunun 3 dəfə məhkəmə qərarından sonra fəaliyyətinə xitam verilməməsi ilə bağlı maddəsi işləməyibsə, bundan sonra işləyəcək. Ancaq bağlanma məsələsi də birmənalı göstərilməyib. Ola bilər ki, məhkəmə iddiası qaldırılsın və bəraət alsın".
Deputat Tahir Rzayev də KİV-in fəaliyyətinin dayandırılmasının tərəfdarı olmadığını deyib: "Ancaq bəzən adam mətbuat yazılarına dözə bilmir. Bu günlərdə 74 deputat lal deputat kimi qələmə verilib. Düzdür, mən saytın rəhbərinə zəng edib iradımı bildirdim. Ancaq bu, qəbul olunmazdır ki, ağsaqqal insanlar təhqir olunur. Məni təhqir edəni, mənim şəxsiyyətimə toxunanla bağlı ölçü götürülməsini niyə istəməməliyəm?"
Deputat Siyavuş Novruzov isə bildirib ki, burada heç bir məhdudiyyətdən və çətinlikdən söhbət getmir: "Sadəcə, məsələ konkretləşdirilir. Tənqid elə, sözünü de, amma təhqir eləmə, başqasının haqqına girmə. O zaman kimin səninlə nə işi var?"
Spiker Oqtay Əsədov deyib ki, o da "lal deputatlar"ın siyahısına baxıb: "Çox mənasız siyahı idi. Ordakıların əksəriyyəti beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvüdür. Parlamentin xaricdə də fəaliyyəti var".
Vitse-spiker Bahar Muradova deyib ki, hər bir mətbuat nümayəndəsi öncə Azərbaycan vətəndaşıdır: "Mən də çox istərdim ki, Azərbaycan haqqında dünyada gedən yaxşı məlumatlarla yanaşı, mənfi məlumatlarla bağlı da Azərbaycanın maraqları təmin olunsun".
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.

"Sığortalar kommersiya bankları kimi
xalqın qanını sorur"

Milli Məclisin iclasında Azərbaycanda sığorta sahəsindəki problemlərə toxunulub.
Məsələ ilə bağlı deputat Fəzail Ağamalı çıxış edib. O qeyd edib ki, sığortanın məcburi olması vətəndaşlar üçün problemlər yaradır: "Sığortalar kommersiya bankları kimi Azərbaycan xalqının qanını sorur. Kimsə maşın, ev alanda onu məcbur edirlər ki, sığorta müqaviləsini alsın. Bu isə əlavə problemlərə səbəb olur. Digər tərəfdən, sığorta şirkətləri dəyən ziyanı ödəməkdə də problemlər yaradır".
Spiker Oqtay Əsədov isə bildirib ki, bu sahədə həqiqətən problemlər mövcuddur: "Bu gün sığorta sahəsində ciddi problemlər var. Bununla bağlı xeyli sayda şikayət məktubları daxil olur. Ümumiyyətlə, dünyada sığorta şirkətləri pul qazanmaqla məşğuldur. Onlar milyonlarla pul qazanmaqlarına baxmayaraq, həmin pulu xərcləməyə xəsislik edirlər. Düşünürəm ki, Azərbaycanda da bu məsələyə yenidən baxmaq lazımdır".
Qeyd edək ki, "Hərbi qulluqçuların icbari sığortası haqqında"Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bu fikirlər səslənib. Sonda qanun layihəsi səs qoyularaq qəbul edilib.

"Dərman bazarı
monopoliyadadır"

"Biz bilirik ki, ölkədə dərman bazarı monopoliyadadır. Bunu heç kim gizlətməsin. İstənilən sahibkar gedib Türkiyədən Azərbaycana dərman gətirə bilməz".
Bu sözləri deputat Vahid Əhmədov Milli Məclisin iclasında "Dərman vasitələri haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən səsləndirib. Deputat qeyd edib ki, dərman vasitələri daxili bazarlarda müxtəlif qiymətlərə satılır: "Bu, bazar iqtisadiyyatıdır və mən bunu başa düşürəm. Bu dəyişiklik ölkə prezidenti tərəfindən Milli Məclisə təqdim olunub. Bu dəyişiklikdə dövlət qeydiyyatında olan dərmanlar sözləri işlədilib. Yəni dövlət qeydiyyatında olmayan dərmanlar da var? Bu o deməkdir ki, istənilən dərmanı gətirmək olar, istənilən qiymətə satmaq olar. Bəzi dövlətlərdə dərmanların qiymətində yuxarı hədd qoyurlar. Ondan yuxarı keçmək olmaz. Aşağı həddə isə istənilən qiymətə sata bilərsən. Əgər biz dərman vasitələrinin qiymətini tənzimləmək istəyiriksə, o zaman "Rəqabət Məcəlləsini" qəbul edək. Biz bilirik ki, ölkədə dərman bazarı monopoliyadadır. Bunu heç kim gizlətməsin. İstənilən sahibkar gedib Türkiyədən Azərbaycana dərman gətirə bilməz. Kimlərə nə aiddir, bunu da Azərbaycan cəmiyyəti çox gözəl bilir. Bu qanun da bir qədər qaranlıq yazılıb. Qanunun qəbul edilməsi dərmanların qiymətinə heç bir təsir etməyəcək. Bu yalnız müəyyən qruplara xidmət edən dəyişiklikdir. Təklif edirəm ki, byu qanun layihəsinin üstündə yenidən işlənilsin".
Hüseyn İsgəndərov