Azərbaycan xilasedicilərinin bir günü

45 saniyənin hökmü, qapı arxasında təhlükə, "əmi, məni qurtar"

Onların işi 8:30-da başlayır. 10 dəqiqəlik yerbəyerdən sonra bölmə rəisi şəxsi heyətin zahiri görünüşünü yoxlayır. Gümrah və səliqəli görünməlidirlər. Saat 9:00-da təhvil-təslim prosesi başlayır. Daha sonra nəqliyyat vasitəsini, onun içində olan alət və avadanlıqları və otaqda olan əmlakı təhvil alırlar. Siyahı üzrə. Ta saat 10:00-a kimi. Günorta 1-də nahar fasiləsidir. Yarım saatlıq. Fasiləyə qədər vaxtda əlavə təlimlər keçirlər. Siqnal gələnə qədər. Çağırış oldusa, yeməklərini belə yarımçıq qoyurlar. Hazırlaşmaları üçün isə cəmi 45 saniyə vaxtları var.
Söhbət Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətindən gedir. Adından bəlli olduğu onlar xilas edirlər. İnsan faktoru varsa, dərhal hadisə yerindədirlər. Barmağında üzük qalandan tutmuş, qəzaya uğramış avtomobildə sıxılmış dəmirlər arasında qalana qədər. Kənardan ən sadə işləri bağlı qapı arxasında qalan adam görünsə də, əslində ən riskli əməliyyatlardan biri sayılır. Çünki xilasedici bağlı qapı arxasında kimlərin olduğunu, yaxud nə baş verdiyindən xəbərsiz olur. Elə bu kifayətdir ki, onlar öz həyatlarını riskə atıb köməksizə kömək etsinlər.
Amma bu əməliyyat hadisə yerinə polis əməkdaşı gəlmədən başlamır. Çünki qapı arxasında cinayətkar və ya qrup da ola bilər. Onlar baş verəcək bütün "sürpriz"lərə hazırlıqlı olmalıdırlar. Bunun üçün onlar son texnologiya ilə avadanlıqlarla təmin olunublar. Xüsusi təlimlər keçir, daim beynəlxalq tədbirlərdə iştirak edirlər. Bundan başqa, xilasedicilər fiziki cəhətdən sağlam və güclü olmalıdırlar.
Bunları bizə Rəsul danışır. Xidmətin yarandığı ilk gündən burda işləyən təcrübəli xilasedici. Dostlarının diliylə desək, ağsaqqallardandı. Bu günə qədər xilas etdiyi insanların sayını unudub. Ən çətin əməliyyatlarda iştirak edib. Beləliklə, Lent.az-ın "Peşə adamının bir günü" rubrikasının növbəti qonağıdır Rəsul. Xidmətin Yasamal rayonu bölməsindəyik. Xilasedicinin bir günlük iş prosesini, çətinliyi və məsuliyyəti haqqında Xilasetmə bölməsinin rəisi, çavuş Cəfərovla söhbətləşirik.
Çavuşun 32 yaşı var. 7 ildir ki, bu xidmətdə çalışır. 26 yaşından. Hələ məktəbdən məzun olan vaxtlarda istəyi sərbəst güləş üzrə məşqçi-müəllim olmaq olub. Amma...
- İdman Akademiyasını bitirdim. Sonra eşitdim ki, Fövqəladə Hallar Nazirliyi yaradılıb. Sənədlərini təqdim etdim, qəbul etdilər. Əmrim verildi.
2007-ci ildə işə qəbul olanlara 6 aylıq peşə təlimi keçirlər. Xilasediciliyin sirlərini. Bununla da iş bitmir. Nazirlik Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyində 7 aylıq əlavə təlimdə iştirak edirlər. Onlar alpinizmi, qar uçqunlarında, yüksək mərtəbəli binalarda xilasetməni, zərərçəkmişlərin endirilməsini öyrənirlər.
- Sonda imtahan verib, sertifikat aldıq ki, həqiqətən də xilasetmə əməliyyatlarında alət və avadanlıqlardan istifadə etmək icazəsi verilir. Ondan sonra bizi postlara böldülər, xidmətə başladıq. Günü bu günə qədər Yasamal postunda xidmət edirəm. Səkkiz ay xilasedici vəzifəsində işlədikdən sonra isə bölmə rəisi vəzifəsinə təyin olundum.
Birinci əməliyyatından bu yana 7 il keçsə də, o günü belə xatırlayır.
- İlk işim bağlı qapı arxasında qalan insanı xilas etmək olub. Ruhi xəstə qadınıydı. Qapını içəridən bağlayıb aça bilmirdi. "Panika"ya düşmüşdü. Qonşuları bizə xəbər etmişdilər. Binanın dördüncü mərtəbəsindən üçüncü mərtəbəsinə kəndirlə düşüb xəstə qadını xilas etmişdim. Ondan sonra yol qəzalarına getdim, təcrübə topladım.
Hələ 3 il əvvəl Türkiyənin Van vilayətində baş vermiş zəlzələ hamımızın yadına gələr. "Azərbaycanlı xilasedicilər Türkiyədə uğurla işləyir" başlıqlı xəbərlər yerli və qardaş medianın gündəmindən düşmürdü. Bizim xilasetmə qrupu 4 gündən çox dağıntılar altından sağ qalmış 18 yaşlı İmdad Padakı xilas etmişdilər. Necə qürur duymuşduq onlarla?! Hə, bax, bizim Rəsul da onlardan biri, birincisi olub.
- Ən ağır işlərimizdən biri olub. 108 saat dağıntılar arasında qalmış adamı xilas etmişdik. Çox yaşı yoxuydu. Uşaq da demək olardı. Digər xilasedicilərlə paralel işləyirdik. Axtarış-xilasetmə işləri taktika üzrə gedirdi. Əməliyyat şəraiti qiymətləndirildikdən sonra təhlükəsizlik tədbirləri görülür. Birinci həmin yerə təlim görmüş itlər buraxılır. İtlər hər hansı bir cəsədin, yaxud zərərçəkmişin yerini təyin edəndən sonra xilasetmə əməliyyatı aparılır.

Artıq çəki niyə olmaz?

Bundan əlavə xilasedicilər axtarış-xilasetmədə hiqrokam deyilən xüsusi aparatdan istifadə edirlər. Aparat uçqun altında qalmış zərərçəkmişi, yaxud cəsədi təyin edir. Təqribən 30 santimetr uzunluğunda qurğudu. Ucunda balaca kamerası olan zond vasitəsi ilə dağıntı altına salınır. Kameraya aparat vasitəsi ilə nəzarət edilir. Aparat əməliyyata başçılıq edən komandirin qoluna bağlanır.
Danışa-danışa posta çatırıq. Maşında daşınıla biləcək və stasionar qurğular var. Hamısı alman istehsalıdır. Maşının arxasında hidravlik alətlər, kompressor işləyir. Kompressor mayeni 720 atmosfer təzyiqlə ötürür qayçıya. Bunun vasitəsi ilə deformasiyaya uğramış maşının müxtəlif hissələrini kəsirlər. Mexaniki əl qayçısı isə heç bir avadanlığa qoşulmur. Əllə işləyir.
Deyir, xilasedicinin fiziki gücü olmalıdı. Ona görə də, daim idmanla məşğul olurlar.
- Xilasetmə Xidmətinin idman bazası var. Orada geniş stadionumuz, idman trenajorlarımız var. Yaş kateqoriyasına uyğun normativlər var. Bu normativlər yerinə yetirilməlidir. Bundan əlavə yüksək mərtəbəli binalarda xilasedicinin liftdə qalmaq təhlükəsi var deyə, onların liftdən istifadəsi qadağandır. Ancaq pilləkənlər. Bu səbəbdən artıq çəki olmaz. Xilasedicilərimizin çoxu idmançılardır. Ən kiçik idman göstəricisi olan respublika çempionudur.

"Elə xilasedici var günlərlə yemək yeyə bilmir"

Söhbəti burda kəsməli oluruq. Çünki "112"-dən əməliyyat məlumatı daxil oldu. Xilasedicilər bir göz qırpımında hazırdırlar. Növbətçi avtomobildə öndə sürücü-xilasedici və bölmə rəisi oturur. Arxada isə xilasedicilər və mən. Gedirik dairəvi yola. Avtomobil qəzası baş verib. Təqribən 10 dəqiqəyə hadisə yerindəydik. Günorta saatı olduğundan, yollar da boş idi. 50-60 yaşlarında sürücü yük maşınının kabinəsində sıxılıb qalmışdı. Maşın deformasiyaya uğradığından çıxa bilməmişdi. Başında da xeyli adam toplaşmışdı.
Xilasedicilər 2 dəqiqə ərzində əməliyyat şəraitini qiymətləndirir. Maşında olan avadanlıqlarla sürücünü maşından çıxarırlar.
Xilasedicilər cəld və dəqiq işləyirlər. Zərgər dəqiqliyi ilə. Onlara mane olmamaq üçün bir qədər aralıdan prosesi izləyirəm.
Budur, uzaq başı 15 dəqiqə keçər. Artıq sürücü maşından çıxarılıb və qucaqlarında bayaqdan bəri kənarda gözləməkdə olan tibb işçilərinə təhvil verilir. Bundan sonra əməliyyat aktlaşdırılır.
Vəssalam. Əməliyyat bitir. Xilasedicilərin üzündən yorğunluq və razılıq var. Maşına dolub posta qayıdırıq.
Hadisə yerinə gələndə yolda bir kəlmə də danışmasalar da, qayıdarkən qızğın müzakirə gedir. Az öncə bitmiş əməliyyatdan danışırlar. İşlətdikləri alətlərin adları və terminlər. Bunların hamısını sizə də danışıb uzunçuluq etmək istəmirəm. Keçirəm birbaşa sizə maraqlı olanlara.
- Əgər uçqun olubsa, beton konstruksiyaları nəzərdən keçiririk. Əməliyyat şəraiti qiymətləndiriləndən sonra, uçma təhlükəsi varsa, əlavə dirəklər qoyur, təhlükəsizlik tədbirləri görürük. Yol qəzalarında da belədi. Qəza olan əraziyə dərhal adamlar toplaşır. Ya maraqdan, ya da kömək etmək məqsədi ilə. Bəzən elə olur ki, həmin əraziyə benzin, yağ dağılmış olur. Hər an partlayış ola bilər. Belə olan halda ərazini mühasirəyə alıb, təhlükəsizlik tədbirləri görürük. Bəzən olur ki, biz hadisə yerinə çatana qədər hadisə şahidləri kömək etməyə çalışırlar. Qəzalar zamanı zərərçəkmişin döndərmə-tərpətmə qaydaları var. Biz onu qaydasına görə edir və təcili yardıma təhvil veririk. Elə yaralı var ki, onu tərpətmək olmaz. Amma tərpədirlər. Boyun elə qırıla bilər ki, onu xüsusi qaydalarla maşından çıxartmaq lazım gələr. Bizdə düz xərəklər və şinalar var. Bunlardan istifadə edərək çıxarırıq. Burdan demək istəyirəm ki, kömək etmək istəyirlərsə, bizi gözləsinlər.
Bu vaxt qəribə səs gəlir. Elə bilirəm yanğın siqnalıdı. Sən demə, arada belə siqnallar verirlər. Xilasediciləri yoxlamaq üçün.
Söhbətimizə davam edirik. Ən ağır əməliyyatlar biri də Xırdalanda binada qan sızmasından baş vermiş partlayış olduğunu deyir. Həmin əməliyyatdan ən təsirli məqam isə dağıntılar arasında qalmış balaca qızcığazın yalvarışları olub.
- Uşaq sinəsinə qədər uçqunun altında qalmışdı. Məni görəndə ağlaya-ağlaya dedi ki, "əmi, məni niyə çıxarmırsınız?" Uşağı gördüm gözlərim doldu. Bina elə vəziyyətdəydi ki, aparatı işlədən kimi başımızın üstündəki beton piltə silkələnirdi. Uşağın üstündəki betonu xırda-xırda, sındıra-sındıra çıxartdıq.
Bu yaxınlarda Səbail rayonunda məktəbdə elektrik naqillərindən qısa qapanmadan yanğın baş vermişdi. Yanğını söndürmək bizim işimiz deyil. Amma oradakı insanları təxliyə etmək bizim işimizdi. Şagirdləri təxliyə edəndən sonra daha bir baxış keçirdik. Ola bilsin ki, uşaqlardan hansısa qorxusundan hardasa gizlənmiş olar.
- Getdiyin məclislərdə, yerlərdə tanışlar, dostlar sizdən daha çox nə soruşur?
- Deyirlər, bu qədər meyit görürsünüz. İçalatı, beyni dağılmış. Necə baxırsız onlara? Qorxmursunuz? Başa salıram ki, işimiz budur. Elə xilasedici var günlərlə yemək yeyə bilmir. Avtomobil qəzası olub. Yaxınlaşmışam ki, sürücünün başı yoxdu. Bir də baxmışam ki, baş iki oturacağın arasında dəridən asıl qalıb. Buna görə də mütəmadi psixoloji testdən keçirik, psixoloji söhbətlər aparılır.
Bakıdakı tıxaclar hər kəsə məlumdur. Pik saatlarda elə olur ki, tıxacdan çıxmaq olmur. Bəs, görəsən, hadisə yerinə tələsən xilasedicilər nə edir?
- Alternativ yollardan istifadə edirik. İndiyə qədər bir dəfə də tıxacda qalmamışıq. Konkret hansı yolun günün hansı saatlarında dolu olacağını bilirik. Məhəllələr arası yollardan da istifadə edirik. Həm bizim xidmətin motoxilasediciləri də var. Motosikletlər yığcam olduğundan tıxacda qalmır.
***
Hava yavaş-yavaş qaralır. Posta növbəti məlumat daxil olur. H. Z. Tağıyev küçəsi, bina 2-də bağlı qapı arxasında kimsəsiz və köməksiz qalmış insan var. Uzun müddət zənglərə cavab verməyən Əhməd dayının yaxınları "112" xidmətinə məlumat veriblər.
İki xilasedici yanğın söndürmə pilləkənləri vasitəsi ilə binanın ikinci mərtəbəsinə qalxır. Qonşunun eyvanına, ordan da Əhməd dayıgilin. Eyvanın qapısını özləri ilə götürdüyü alətlər açıb mənzilə daxil oldular. Birinci bayır qapını açdılar. Həkim, polis və digər əməkdaşların içər daxil ola bilməsi üçün.
Otağa girəndə nə görsək yaxşıdı? Dayı divanda şirin-şirin yatır. Bizi görəndə isə cəld tərpənir. "Siz kimsiniz? Evimdə nə işiniz var? Ay bala, haradan gəldiniz?", deyə sual atəşinə tutur. Çaşqın qocanın sualları hamını güldürür. Həkimə gərək qalmadığından, əməliyyat polis əməkdaşının da iştirakı ilə aktlaşdırılır.
Nə yalan deyim, gün ərzində iki əməliyyata getmək məni əməllicə yormuşdu. Odur ki, elə orda onlarla sağollaşıb işə də yox, birbaşa evə gəldim. Onların işi isə səhərə qədər davam edəcək. Gecələr isə növbəylə yatacaqlar. 23:00-dan 3:00-dək birinci qrup, 3:00-dan 7:00-dək ikinci. Bölmə rəisi, yəni Rəsul Cəfərov isə daim şəxsi heyətdən yarım saat tez oyanır, bölməyə "qalx" komandası vermək üçün.
P.S. Bu gün (dünən - red.) onların günüdür. Fövqəladə Hallar Nazirliyinin 9-cu ildönümüdür. Nazirlik 16 dekabr 2005-ci ildə yaranıb. Onları bu münasibətlə təbrik edir, işlərini beləcə uğurla davam etdirməyi arzulayırıq!
Ləman Mustafaqızı