Bakı mağazalarında tüğyan edən endirim yalanı

Ekspert: "Qərbdə malın qiyməti 70-90 faiz səviyyəsində ucuzlaşdırılır"

Bu il dekabrın əvvəllərindən Bakıda indiyə kimi görünməmiş bir hadisə baş verib - şəhərin "Torqovı" səmtində yerləşən brend dükanlarından birində real endirim aksiyası başlayıb.

"ans press" əməkdaşının baş çəkdiyi iki mərtəbəli dükandakı ab-hava bir az London mağazalarındakı milad endirimlərini xatırladır. Dükanda satılan əksər malların qiymətinə 20 faizdən 50 faizə qədər qiymət endirimi tətbiq edilib. Mal alanlar da çoxdur, xüsusilə də xaricilər fəallıq təşkil edir. Britaniya, İran, Pakistan və s. ölkələrin vətəndaşları çantalarla mallar alırdı. Əslində, bu, Bakı üçün tamamilə yeni trenddir. Çünki indiyə kimi Bakıya gələn xaricilər şəhərdən heç bir geyim almaq barədə düşünmürdülər. Dediklərinə görə, Bakıda keyfiyyətli mal həddindən bahadır, ucuz mallar isə keyfiyyətsizdir.
Lakin "Ask people" araşdırma şirkətinin marketinq üzrə eksperti, Avstriyanın Krems Universitetinin və Azərbaycan Turizm Universitetinin məzunu İlkin Rüstəmov "Torqovı"dakı həmin dükanın tətbiq etdiyi endirimləri də yetərli saymır. "Bunu qərbdəki endirimlərlə eyni saymaq olmaz. Qərbdə malın qiyməti 70-90 faiz səviyyəsində ucuzlaşdırılır. Bəhs etdiyiniz dükanda isə endirimlər 20-50 faiz arasında dəyişir", - deyə İlkin Rüstəmov ildirib.
London dükanlarında müşahidə edilən qiymətlərlə Bakıdakı dükanlardakı qiymətlərin arasındakı fərq də marketinq üzrə ekspertin dediklərini təsdiqləyir. Məsələn, endirim zamanı Londonun brend dükanlarında hətta 3 funta (təxminən 4 manata) köynək almaq olar. "Torqovı"dakı həmin dükanda isə köynəklər yalnız 15 manata qədər ucuzlaşdırılmışdı. Yəni istənilən halda, kasıblar belə endirimlərdən yararlana bilmir və nisbətən keyfiyyətsiz köynəklərin 5-8 manata satıldığı yarmarkalara üz tuturlar.
Ümumiyyətlə, Bakı mağazalarında demək olar ki, endirim tətbiq edilmir. Pəncərəsinə "endirim" sözü yazılmış dükanların heç birində 20 faizdən aşağı endirim yoxdur. Əslində, bunun endirim olmasına da inanmaq olmur. Çünki malların üzərində heç bir qiymət olmur. Həm də endirim tətbiq edilən mallar bir neçə il qalmış köhnə, dəbsiz mallar olur. Bakıda dünya şəbəkələrinə aid olduğu iddia edilən dükanların əksəriyyətində də qiymət endirimi barədə söhbət getmir. Bu, çox vaxt həmin dükanların tanınmış dünya şirkətlərinə aid olmasına şübhə yaradır.
Qərbdə tətbiq edilən endirimlər əhalinin az təminatlı hissəsinin də keyfiyyətli brend mallardan istfiadə etməsinə imkan verir. Ümumiyyətlə, Yeni il qabağı endirimlər ilk dəfə 1999-2000-ci illərdə Kaliforniyada tətbiq etməyə başlayıb. Bu, praktika o qədər uğurlu olub ki, indi Kaliforniyada endirimlərin başlandığı "qara cümə" günü, yəni noyabrın 4-cü cüməsində dövlət qulluqçularına tətil verilir. Həmin gün satışlar həddindən yüksəlir. Bu, şənbə və bazar günləri də davam edir.
Bu satışlar Qərb iqtisadiyyatına böyük fayda verir. Məsələn, Amerikada 2013-cü ilin "qara cüməsi"ndə 61,4 milyard dollarlıq mal satılıb və bu alış-verişə 249 milyon amerikalı cəlb edilib. Bu, bir il əvvəlki göstəricidən (59,1 milyard dollar) xeyli çoxdur. Müştəri sayı da təxminən 2 milyon nəfər artıb. Ümumiyyətlə, dünyanın 15 ölkəsində endirim praktikası geniş tətbiq edilir. ABŞ, Böyük Britaniya, Kanada, Meksika, Braziliya, Kostarika, Rumıniya, Macarıstan, Danimarka, İsveçrə, Cənubi Afrika və Norveç belə ölkələr sırasındadır.
"Yeni il qabağı endirimlər Amerika iqtisadiyyatında bir növ hərəkət verici qüvvə rolunu oynayır. Hətta qida sektoru da daxil olmaqla, bu, bütün pərakəndə satış sektorunda ənənə halını alıb. Orada mağazalar "qara cümə"yə bəzən aylarla hazırlaşırlar. Bəzi mağazalar hətta satış müddətini uzatmaq üçün qara cümə günü hətta gecə saat3-dən işə başlayırlar. Hətta rəfləri də elə düzürlər ki, alıcılar rahatlıqla alış-veriş edə bilsin. Bu, mağazalarda aylarla qalmış və dəbi keçmiş məhsullar bir günün içərisində satılır. Mallar maya dəyərinə, bəzi hallarda öz maya dəyərlərindən də aşağı qiymətə rəflərə qoyulur. Endirim o qədər yüksək olur ki, insanlar bəzən özünə lazım olmayan məhsulları da alırlar", - deyə İlkin Rüstəmov vurğulayır.
Nəticədə, ilin sonunda ticarət şirkətlərinin əllərində nağd şəkildə kapital formalaşır və onlar həmin kapitalı gələn ildən başlayaraq yeni istiqamətlərə yönəldə bilirlər. Bu isə öz növbəsində istehsala təkan verir. Bu təcrübə Azərbaycanın pərakəndə satış firmaları üçün də əlverişli ola bilər. Ən başlıcası, onlar illərlə mağazalarda yatıb qalan mallardan xilas ola bilərlər.
Amma bununla belə İlkin Rüstəmov bu praktikanın yaxın illərdə Azərbaycanda tətbiq ediləcəyinə inanmır. "Bu bir növ psixoloji amillərlə bağlıdır. Ticarətçilər, bazarlar və pərakəndə satış obyektləri ilə yanaşı alıcılar da buna hazır deyil. Azərbaycan alıcıları "endirim" sözünə etibar etmirlər və burda əsas günah ticarətçilərin üzərinə düşür. Çünki bəzi mağazaların üzərinə 70% endirim sözü yazılır. İçəri girəndə isə endirim mallarının bitdiyini deyirlər və ya dəbi keçmiş, 2-3 ildir ki, mağazada yatan malları göstərirlər".
Ekspertin sözlərinə görə, müştəriləri real endirimə inandırmaq üçün parlament səviyyəsində endirimlər haqqında xüsusi qanun qəbul edilməlidir. Məsələn, qiymət ucuzlaşması malların 40%-ə şamil edilmədikdə "endirim" sözünü işlətmək qadağan edilməlidir.
İlkin Rüstəmovun fikrincə, ölkəyə turist axınını gücləndimək baxımında da hökumət endirimlərin tətbiqi baxımından kəskin addımlar atmalıdır. Çünki hələ ki, regionda heç bir ölkədə endirim mədəniyyəti yoxdur. Bakı mağazalarında endirim praktikası tətbiq edilərsə, Qazaxıstan, Dağıstan, Gürcüstan və İrandan Bakıya alış-veriş turlarına gələnlərin sayı kəskin arta bilər. "İtaliyanın Milan şəhərində Yeni il qabağı endirim həftəsi keçirilir. Orada İtaliyanın ən məşhur berendiləri öz məhsullarını inanılmaz dərəcədə aşağı qiymətlə satırlar. Həmin ucuzlaşma əsnasında dünyanın hər tərəfindən Milana turistlər axır. Brend həvəskarı olan insanlar şəhərə axın edirlər. Təkcə mağazalar yox, turizm sektoru da bundan qazanır. İtaliyanın aero şirkətləri də bundan böyük gəlir əldə edirlər", - deyə İlkin Rüstəmov vurğulayır.
Təbii ki, burada iş təkcə lazımi qanunların qəbul edilməsi və mağazalar arasında təbliğat aparılması ilə iş bitmir. Həm də ucuz otellər şəbəkəsi yaradılmalıdır. Bu, noyabrın axırından yanvarın 15-ə kimi davam edən endirimlər mövsümündə Bakıya turist axınını kəskin artıra bilər.
Çingiz Rüstəmov