"Radikal mövqe heç kimə uğur gətirmir"
"Radikal mövqe heç kimə uğur gətirmir"
Fuad Əliyev: "Əsassız ittihamlar irəli sürməkdənsə, AXCP və digər partiya sədrləri də görüşə qatıla,
istədikləri problemi orada qaldıra bilərdilər"

İqtidar-müxalifət dialoqu baş tutub. Görüşdə hakimiyyəti təmsil edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və ölkədəki müxalifət partiyalarının sədrləri iştirak ediblər. Görüşdə iştirak edən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, bu görüşü çox yüksək qiymətləndirirəm. Müxalifət bu görüşü çoxdan gözləyirdi. Elə iqtidar komandası üzvlərinin çıxışlarından da hiss olunurdu ki, belə bir görüşün keçirilməsini onlar da normal qarşılayırlar.
Nəhayət ki, ötən şənbə günü bu görüş baş tutdu. Düzdür, görüş mediaya qapalı oldu, amma bu heç də o demək deyil ki, biz fəaliyyətimizi ictimaiyyətdən gizlədirik. Biz həmin görüşdə tam sərbəst şəkildə fikirlərimizi çatdıra bildik, üzləşdiyimiz problemləri qaldıra bildik. Fikrimcə, olduqca səmimi bir görüş keçdi. Ümid edirəm ki, bundan sonra baş tutacaq görüşlər bütövlükdə iqtidar-müxalifət danışıqlarına, demokratik cəmiyyətin formalaşmasına gətirib çıxaracaq:"Siyasi partiyaları düşündürən, həm onları, həm də cəmiyyəti narahat edən bir sıra problemlər qaldırıldı. Prezident Administrasiyası rəsmisi də mətbuata açıqlamasında qeyd etmişdi ki, görüşdə sosial məsələlərin həllindən tutmuş, partiyaların qərargah, maliyyələşmə və sair problemlərinə kimi bir çox məsələlər müzakirə edilib. Xüsusilə iqtisadi və siyasi məsələlər ətrafında daha çox müzakirələr aparıldı.
İlkin olaraq 4 partiya belə bir görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu barədə Prezident Administrasiyasına müraciətdən sonra Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan bütün partiyaların görüşdə iştirak etməsi təklifi razılaşdırıldı. Lakin son anda 3 partiya bu görüşdən imtina etdi. Biz görüşə qatılarkən isə məlum oldu ki, bizimlə bərabər digər siyasi partiyalar da bu görüşdə iştirak etmək üçün müraciət ediblər. Ona görə də görüşdə iştirak edən partiyaların sayı ümumilikdə 17 oldu".