ATV Nazim İbrahimovdan alındı
ATV Nazim İbrahimovdan alındı

Komitə sədrinin siyasi sonunun çatdığı barədə ehtimallar doğrulmağa başladı

Dünən "Azad Azərbaycan" telekanalının bir müddətdir gözlənilən rəhbər dəyişikliyi axır ki, reallaşıb. Telekanal "əl" dəyişdirib. Halbuki ATV-nin gerçək sahibi olan İbrahimovların hökumətin onlardan olan qırğınlığını, qəzəbini bağışlatmaq, əfv etdirmək üçün xeyli səy göstərdiyi və sonucda istəklərinə çatdığı deyilirdi. Amma indi belə görünür ki, qətiyyən belə deyilmiş.

Qeyd edək ki, hələ dünən səhər saatlarında bəzi elektron media vasitələri belə məlumatlar yaymağa başlayıblar ki, "Azad Azərbaycan" Teleradio Şirkətinin rəhbərliyi dəyişdirilib. Telekanalın prezidenti Tağı İbrahimov tutduğu vəzifədən azad edilib. Telekanalın Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu bu barədə ilk açıqlamalarında deyib ki, hələlik bu haqda onda heç bir məlumat yoxdur. Günortaya yaxın isə artıq xəbərlər gəlməyə başlayıb ki, rəhbərlikdəki dəyişikliklə bağlı şirkətdə iclas keçirilib və Tağı İbrahimov kollektivlə xudahafizləşib. Şirkətin vitse-prezidenti, Tağı İbrahimovun qardaşı Natiq İbrahimov isə bu mövzuda suala bir cümlə ilə cavab verib: "Bilmirəm kim gəlir, amma biz getdik..."Günün ikinci yarısında isə artıq rəsmən təsdiqlənib ki, "Azad Azərbaycan" Teleradio Şirkətinin rəhbərliyində dəyişiklik baş verib. Şirkətin prezidenti Tağı İbrahimov tutduğu vəzifədən azad edilib və həmin vəzifəyə Vüqar Qaradağlı təyin olunub.
Belə ki, günorta saatlarında Vüqar Qaradağlı Şirkətin binasına gəlib. Şirkət prezidentinin kabinetində kollektivlə görüşən V.Qaradağlı, yeni təyinat barədə məlumat verib və kollektivə bundan sonrakı işlərində də uğurlar arzulayıb."Mediaforum" saytının əməkdaşı ilə söhbətində Vüqar Qaradağlı bildirib ki, indiyə qədər ATV-nin sadəcə tamaşaçısı olmayıb: "Bu televiziya mənim gözümün qabağında yaranıb. ATV-ni vaxtilə Sahib İbrahimov yaradıb, daha sonra isə Tağı İbrahimov kanalın işini uğurla davam etdirib. Mən vaxtilə bu televiziyanın doğulmasına azarkeşlik etmişəm ki, kanal yaxşı kanal olsun. Həmin illərdə mən "Lider" televiziyasına rəhbərlik edirdim. Qonşu kanal yaranırdı və biz buna sevinirdik. İndi belə məsləhət oldu ki, mən burda fəaliyyəti davam etdirim. Məncə, bu, müzakirə olunmayası bir qərardır. İşləmək istəyirəm, görək nə olacaq. Televiziyada ediləcək dəyişikliklərə gəlincə, indi bu barədə danışmaq mənim üçün bir qədər çətindir. Mən bu gün gəlmişəm. Kanalda nə dəyişəcək, nə dəyişməyəcək, bunu zaman göstərəcək. Kollektiv normal kollektivdir, işgüzar, zəhmətkeş adamlardır. İşlər qaydasında gedir. İşdir, gəlmişəm, hələ sağa, sola baxaq, görək nə var, nə yox".ATV şoulara üstünlük verdiyinə görə son zamanlar dövlət məmurları tez-tez bu kanalı tənqid edirdi. Bu məsələyə münasibətini açıqlayan Vüqar Qaradağlı deyib ki, bu bütün televiziyaların problemidir: "Bu təkcə "Azad Azərbaycan" televiziyasının problemi deyil, bütün televiziyaların dərdidir. Deyirsiniz ATV bu tənqidlərdən nə nəticə çıxaracaq? Hələ özümüzə gələk, yaxşı olacaq. Bu kanal əla idi, əla da olacaq".ATV-nin prezidenti postundan gedən Tağı İbrahimovun kanalla əlaqəsinin qalıb-qalmayacağı haqda sualı cavablandıran Vüqar Qaradağlı qeyd edib ki, Tağı İbrahimovun özü bunu istəməz: "O, ağıllı adamdır, neçə il burada birinci şəxs olub. İndən sonra ikinci, yaxud üçüncü şəxs kimi qalarmı? Qalmaz". Son cümlələrdən aydın olan odur ki, artıq İbrahimovların ATV ilə heç bir bağlılığı qalmır. Telekanalın qeyri-rəsmi sahibi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri və keçmiş telekanal prezidenti Tağı İbrahimovun qardaşı Nazir İbrahimovun "Azad Azərbaycan"ı bütünlüklə itirdiyi rəsmiləşib.Bir telekanalın onun sahibindən alınması isə sadəcə, bir məsələ ilə bağlı ola bilər: həmin şəxs və ya şəxslər hakimiyyət üçün siyasi etibarını, siyasi sədaqətini itirdikdə! İndi bu məntiqlə hesab etmək olar ki, artıq hökumət içərisində Nazim İbrahimovla bağlı tam bir etimadsızlıq və inamsızlıq əhval-ruhiyyəsi hökm sürür, bunun nəticəsi olaraq da komitə sədrindən üzülüşmək prosesinə start verilib.Yada salaq ki, hələ ay yarım əvvəl "Unikal" olaraq Nazim İbrahimovun komitəsinin ləğvinə start verildiyi və komitənin səlahiyyətlərinin isə Xarici İşlər Nazirliyində formalaşdırılacaq xüsusi departamentin əlində cəmləşdirələcəyi yönündə ciddi informasiyalar dolaşır. Mümkündür ki, "Eurovision"dan sonra bu proses sürətləndirilsin və İbrahimovun siyasi karyerasına nöqtə qoyulsun. Hazırki hadisəni - ATV kimi önəmli bir "silah"ı ondan almaq da "diaspora şefi"nin ofsayda salınması yönündəki proseslərin önəmli bir həlqəsi kimi dəyərləndirilməlidir.

Mehman Əzizli