Rəsul Quliyevdən radikal müxalifətə daha bir zərbə
Rəsul Quliyevdən radikal müxalifətə daha bir zərbə

Eks-spiker: "90-cı illər müxalifətində olanların hamısı bir nəfər kimi istefa verib getməlidir"

Radikal müxalifətin okeanın o tayındakı liderlərindən olan Rəsul Quliyev neçə vaxtdır ki, öz cəbhədaşlarını hədəfə alıb. Ard-arda müxalifətin köhnə palan içini açıb tökən R.Quliyev radikalların iç üzünü cəmiyyətə tanıtmaqda davam edir.
"Unikal"ın məlumatına görə, müxalifətin durumunu qiymətləndirən eks-spiker Rəsul Quliyev özünün Facebook səhifəsində yazıb. Eks-spiker qeyd edib, müxalifətdə sima dəyişsə də, mahiyyət dəyişməyib: "Bu günkü müxalifətin 90 faizi 1990-cı illərdən qalma müxalifətçilərdir. O vaxt 30-35 yaşları olanlar artıq 50-60 yaşı haqlayıb, bəziləri isə 60-70 yaşındadır. Onlar o vaxtdan "siyasətin mahiyyəti məqsədə çatmaq üçün istənilən yalanı demək, kələk gəlməkdir" ideologiyasına söykənib eyni siyasəti 24 ildir davam etdirirlər. Azı 50 ildir sivil dünyada siyasətçilər öz seçicisinə, öz xalqına heç vaxt yalan deməmək, aldatmamaq, şərəfsiz hərəkətlərə yol verməmək kodeksini qəbul edib. Onlarsa bu kodeksi heç vəchlə qəbul edə bilmirlər. Hələ də bilmirlər ki, siyasətçilər ancaq ölkəsinə düşmən olan və ya aldatmaq istəyən ölkələrə qarşı hiyləgərlik edə bilər. Yalan danışa və aldada bilər. Bunlar hamısı yenə də öz xalqına xidmət etməlidir".
R.Quliyevin qənaətincə, belə bir yolu ideologiya kimi qəbul edən müxalifətçilərin xalqın inam və ümidini itirəcəklərinə şübhə ola bilməzdi: "İndi onların hökümətə qarşı müxalifətçilik imkanları sıfıra bərabərdir. Camaat artıq onların müxalifətçilik imitasiyalarına da məhəl qoymur. Ancaq gənc yaşlarından pafoslu şüarlar, demoqogik çıxışları ilə diqqəti cəlb etməyə öyrənmişlərin 50-70 yaşlarında dəyişmək şansları yoxdur. 3-5 partiya üzvü olan da, özlərini "ana müxalifət "adlandıranlar da bir-biri ilə Fatmanisənin qonşusu ilə savaşı səviyyəsində mübarizə aparırlar, olmazın təhqir və söyüşlər yağdırırlar. Azərbaycan adlanan ölkənin imicinə vurulan zərbənin azı yarısının onların payına düşdüyünü anlamırlar, ya da bunu bilərəkdən edirlər".
R.Quliyev hesab edir ki, müxalifətin gələcəyi yoxdur: "Hansı gələcək mövcudluqdan söhbət gedə bilər? Müxalifətin mövcudluğuna 2013-cü il avqustun 21-də Milli Şuranın qərarı ilə xitam verildi. Ona görə də yeni müxalifətin yaranması şansından söhbət gedə bilər. Belə bir hadisənin baş verməsi üçün 90-cı illər müxalifətində olanların hamısı bir nəfər kimi istefa verib getməlidir".
Əslində, Rəsul Quliyevin bu açıqlaması gecikmiş də olsa, acı bir məğlubiyyət, yanlışları dərk etmə etirafıdır. Ona görə də həmkarları Rəsul Quliyevin sonuncu müraciətinə müsbət reaksiya verərək bütünlüklə istefa versələr, daha yaxşı olar.
Qərib Gərayzadə