Arif Hacılı ifşa olundu
Arif Hacılı ifşa olundu

Müsavat adından Pənah Hüseynin başlatdığı dialoq sövdələşməsinin pərdə arxası

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun "Unikal"ın ötən sayında dərc olunan müsahibəsi ictimai-siyasi arenada ajiotaj yaradıb.
Qeyd edək ki, Siyavuş Novruzov 17 siyasi partiyanın PA şöbə müdiri Əli Həsənovla görüşündə Müsavatın da razılıq verdiyini deyib. Amma sonradan Müsavat iki yerə bölündüyü üçün görüşdə hansı tərəfin dəvət olunması mümkün olmayıb. Ona görə də Müsavat Partiyası həmin tədbirdə iştirak etməyib.
Amma Arif Hacılı YAP-la apardığı sövdələşməni inkar edərək bu barədə deyilənlərin həqiqət olmadığını vurğulayıb. Əslində isə Siyavuş Novruzov açıq şəkildə Arif Hacılı ilə danıqışlar aparıldığını, onun görüşdə iştirak etməklə bağlı razılıq verdiyini deyib. Məsələnin bu şəkildə üzə çıxdığını və ifşa olunduğuna görə Arif Hacılı nala-mıxa vurmağa başlayıb. Onun "qafqazinfo"ya açıqlamasında Siyavuş Novruzovun dialoqla bağlı Müsavatla danışıqların aparılması və razılıq verilməsi barədə dediklərini təkzib etməsi də ikiüzlülüyün bir növüdür. Yəni, adam əvvəlcə min bir xahiş minnətlə görüşə gedir, dialoqda iştirak edəcəyinə söz verir, amma təzyiqlə qarşılaşdığı üçün sözünü yeyir. Hələ üstəlik camaatın gözünün içinə baxa-baxa yalan danışır.
"Unikal"ın əldə etdiyi məlumata görə, dialoq məsələsində ilkin danışıqları Pənah Hüseyn aparıb. O zaman hələ qurultay keçirilməmişdi, partiyanın rəhbəri İsa Qəmbər idi. Həmin dövrdə İsa Qəmbər danışıq aparmaq üçün Pənah Hüseynə səlahiyyət vermişdi. O da YAP rəhbərliyi ilə görüşərək həm Müsavatın, həm də digər partiyaların adından müəyyən razılığa gəlmişdi. Amma dialoq məsələsi bir qədər uzandı. Bu müddət ərzində Müsavatın qurultayı keçirildi və Arif Hacılı başqan oldu. Ondan sonra Müsavat adından danışıqları Arif Hacılının özü apardı. Partiya daxilindəki iki tirəlik onun bu öhdəliyi yerinə yetirməsinə imkan vermədi. Çünki Müsavat Partiyası dialoqda iştirak etsəydi, Qubad İbadoğlu və tərəfdarları açıq şəkildə hücuma keçəcəkdilər ki, Arif Hacılı hakimiyyətlə iş birliyindədir, dialoqa getmək də bunun sübutudur. Elə bu səbəbdən də Arif Hacılı sözügedən tədbirdə iştirak etməkdən imtina edib. Amma Siyavuş Novruzovun bu açıqlaması A.Hacılının bütün yalanlarını üzə çıxartdı. Ona görə də ciddi cəhdlə əsaslandırmağa çalışır ki, belə bir danışıq olmayıb.
Qərib Gərayzadə