Kəmaləddin Heydərovun xanımı koreyalı qonaqlarla görüşdü
Kəmaləddin Heydərovun xanımı koreyalı qonaqlarla görüşdü

Koreyanın Azərbaycanla Parlamentlərarası dostluq qrupun sədri Hvan Yon Çol və sədr müavini Honq Ci Man SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasını ziyarət ediblər.
Görüş ilk olaraq SEBA Assosiasiyasının nəznində fəaliyyət göstərən Koreya Kyung Hee Universitetinin Şərq Təbabəti Klinikasına ziyarətlə başlayıb. Qonaqlar Klinikada koreyalı və yerli həkimlərlə, onların apardığı müayinə və müalicə üsulları ilə tanış olublar.
Daha sonra görüş SEBA Assosiasiyasında - Assosiasiyanın sədri Ruhəngiz Heydərova və əməkdaşları ilə birlikdə ümumi söhbət şəklində davam edib. Görüşdə tərəflər SEBA Assosiasiyasının yaranma ideyasından, Assosiasiyanın həyata keçirdiyi mədəni, elmi, xeyriyyə və digər tədbirlərdən söhbət açıblar, bu ilin oktyabr ayında Koreya Fondu ilə mədəniyyət sahəsində imzalanmış qarşılıqlı anlaşma memorandumu haqqında müzakirələr aparıblar. Eyni zamanda, görüş zamanı bu yaxınlarda Koreya Fondu, SEBA Assosiasiyası və Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən birgə təşkil olunmuş Koreya Kino Festivalının uğurlarından danışılıb.
Koreya Parlament üzvləri Koreyanı, onun ümumilikdə mədəniyyətini, səhiyyəsini, təhsilini təmsil edən belə bir təşkilatın təsis olunduğu üçün Assosiasiyanın rəhbərliyinə minnətdarlıq ediblər.
Qeyd edək ki, Ruhəngiz Heydərova Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşıdır.