"11 ilin zəfəri"
Yasamal Rayon Heydər Əliyev Mərkəzində "Mərhəmət elçisi" jurnalının təşkilatçılığı ilə respublikamızın tanınmış elm, mədəniyyət və ictimai xadimlərinin iştirakı ilə dövlət başçımız İlham Əliyevin prezidentlik fəaliyyətinə həsr olunmuş "11 ilin zəfəri" adlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə ulu öndərimizin büstü önünə çiçək dəstələri qoymuş, həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiyalarla tanış olmuşlar.
Tədbiri giriş sözü ilə jurnalın təsisçi-direktoru Tahirə İsmayılova açmışdır. Jurnalın baş redaktoru Şakir Əhmədli tədbir barəsində ətraflı məlumat vermişdir. Yasamal Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Vaqif Məmmədov, AMEA-nın müxbir üzvü, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Kərim Kərimov, professorlar Aqşin Babayev, Elxan Kərimov, xalq artisti Amaliya Pənahova, əməkdar mədəniyyət işçisi Maarif Teymur, əməkdar artist Eldost Bayramov və başqaları çıxış edərək respublikamızın bugünkü uğurlarından, iqtisadi, siyasi, mədəni sahələrdə qazanılan nailiyyətlərdən danışmışlar. Qeyd edilmişdir ki, bütün bu uğurların əsasında ulu öndərimizin işləyib hazırladığı dövlətçilik konsepsiyası və onun Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilməsi dayanır. Tədbirin sonunda dövlət başçımızın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Şagirdlərin ifasında vətənə, xalqa, dövlətçiliyə həsr edilmiş şeirlər səslənmişdir. Respublikamızın bir qrup görkəmli ziyalısına jurnalın fəxri diplomları verilmişdir. Professor Elxan Kərimov və Nizami rayon bələdiyyəsinin sədri Vüqar Quliyev jurnalın illik "Qızıl ürək" baş mükafatı ilə təltif edilmişdir. Yasamal Rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova jurnalın yaradıcı heyətinə və tədbir iştirakçılarına öz minnətdarlığını bildirmişdir.