14 saylı cəzaçəkmə müəssisəsində qiyam
Penitensiar Xidmət gərginliyin yatırıldığını bəyan edib

14 saylı cəzaçəkmə müəssisəsində məhkumların qiyamı baş verib. Məhbuslar cəzaçəkmə müəssisəsindəki dözülməz şəraitə, müəssisə rəhbərliyi və əməkdaşlarının kobud rəftarına etiraz ediblər.
Vəziyyətin nəzarətdən çıxdığını görən müəssisə rəhbərliyi yuxarı instansiyaya müraciət edib və nəticədə ora xüsusi təyinatlı qoşun hissələri yeridilib. İstiqamet.com-un yaydığı məlumatda qeyd olunur ki, narazılığa səbəb həmin müəsssisədə cəza çəkən 22 yaşlı Bakı sakini Adil adlı şəxsin (soyadını dəqiqləşdirə bilmədik) ölümüdür. Məhbuslar bildirirlər ki, məhbus aldığı işgəncələrdən sonra ölüb. Müəsssiədə məsul post tutan mayor rütbəli Firdovsi adlı şəxs, rejim rəisi, baş leytenant Faiq adlı şəxs bir neçə xidmətçi ilə birlikdə məhbusa qarşı kobud rəftara yol veriblər. Məhbusun meyiti bu gün (dekabrın 22-də) cəzaçəkmə müəssisəsindən çıxarılıb. Məhbuslar işgəncəyə etiraz olaraq ayağa qalxıblar.
Penitensiar Xidmətin mətbuat xidməti məsələ ilə bağlı cavab verib. Həmin cavabı təqdim edirik: "22.12.2014-cü il səhər saat 10 radələrində 14 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkum daxili intizam qaydalarını kobud surtədə pozaraq, digər məhkumların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək hərəkətlərə yol veriblər. Ədliyyə Nazirliyinin rəhbərliyinə hadisə barədə məruzə edilib. Müəssisənin ətrafına aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Penitensiar xidmətin Baş idarəsinin rəhbər əməkdaşları müəssisəyə daxil olaraq, daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara qanunun tələblərini izah edib və qısa zaman ərzində cəzaçəkmə müəssisəində sabitlik bərpa edilib. Cəzaçəkmə müəssisənin ətrafına gətirilmiş xüsusi qüvvələr dislokasiya yerlərinə qaytarılıb. Penitensiar xidmət rəhbərliyi bir daha bəyan edir ki, cəzaçəkmə müəssisələri daxilində əmin-amanlığı pozmağa yönələn hərəkətlərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınacaqdır".