Təbii fəlakətlər əhalini qorxuya salıb
Təbii fəlakətlər əhalini qorxuya salıb

Zaqataladan sonra Şəki və Lənkəranda yeraltı təkanlar qeydə alınıb, nə baş verdiyi bilinmir

Zaqatalada baş verən zəlzələdən sonra ölkədə qəribə bir vəziyyət yaşanmaqdadır. Artıq məmləkətin hər yerində yeraltı təkanlar hiss olunmaqdadır. Dünən Lənkəran və Şəkidə də baş verən zəlzələdən sonra bu qorxu hissi daha da artmağa başlayıb. Əhalini düşündürən əsas sual isə budur ki, təbii hadisələrin bu şəkildə aktivləşməsinin səbəbi nədir?

Zaqatalada çadır böhranı

Qeyd edək ki, ötən həftə Zaqatala rayonunda baş vermiş 7 bal gücündə zəlzələdən sonra 3000-dən çox evə zərər dəyib. Yeraltı təkanların təsiri nəticəsində onlarla ev uçsa da, insan təlafatı qeydə alınmayıb. Qəzetimizə verilən məlumata görə, rayon sakinləri bir tərəfdən zəlzələnin vurduğu zədələri sağaltmağa çalışır, digər tərəfdən də yerli icra nümayəndələrinin özbaşınalıqlarından beziblər.
Məlumatda deyilir ki, ilk problem əhaliyə verilməli olan çadırların "yoxa çıxması" ilə bağlıdır. Bu barədə məlumat verən zaqatalalılar bildirirlər ki, kəndlərdə durum daha ağırdır. Belə ki, zəlzələ qorxusundan qəzalı evlərində qalmaqdan qorxan kənd sakinlərinə verilməli olan çadırlar yerli icra nümayəndələri və bələdiyyə sədrləri tərəfindən ünvanına çatdırılmır. Hətta onu da bildirirlər ki, bu işləri həyata keçirən nümayəndə ilə bələdiyyə sədri həmin çadırları gizlədərək, başqa rayonlarda satmaqla məşğuldurlar.

Zaqatalalı şagirdlər
buraxılış imtahanlarından azad ediləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Zaqatalada zəlzələ nəticəsində dağılan məktəblərin şagirdlərini buraxılış imtahanlarından azad edəcək. Bu barədə TQDK sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında bildirib.
O, artıq komissiyanın bununla bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etdiyini bildirib. M.Abbaszadənin sözlərinə görə, Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara əsasən, TQDK-ya fövqəladə hallarda buraxılış imtahanlarından azad etməklə bağlı səlahiyyət verilib.
FHN bu gün Zaqatalada həddən artıq dağıntılara məruz qalan məktəblərin siyahısını TQDK-ya verəcək. "Bu həftə ərzində buraxılış imtahanlarından azad olunan məktəblərin siyahısı elan ediləcək. Həmin məktəblərin şagirdlərinin qiymətləndirilməsi dərs ili ərzindəki illik qiymətləndirməyə əsasən aparılacaq".

Komissiyaların
sayı artıralacaq

Azərbaycanın zəlzələ baş verən bölgəsində evsiz qalan əhali çadırlarla tam təmin olunub. Bu barədə açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.
Nazir qeyd edib ki, hazırda zəlzələ bölgəsində planlaşdırılmış işlər ardıcıllıqla davam etdirilir: "Bu gün Qax, Zaqatala və Balakəndə qəzalı evləri müəyyənləşdirməkdən ötrü 15 komissiya araşdırma aparır. Komissiyaların sayının artırılması nəzərdə tutulub. Çünki qəzalı evlərə səthi baxış keçirmək olmaz. Komissiyalar dəqiq araşdırma aparmalı, evlərin nə dərəcədə qəzalı olduğunu müəyyənləşdirməlidir. Komissiyaların təqdimatı əsasında biz öz işimizi görəcəyik".
K.Heydərov ilk işlərin görülməsi üçün lazım olan inşaat materiallarının artıq gətirildiyini qeyd edib: "Əhaliyə ilk ərzaq yardımı da göstərilib və bu, ayda bir dəfə davam etdiriləcək. Sakinlər üçün müvəqqəti hamamlar tikilir, artıq bir neçəsi istifadəyə verilib. Evləri dağılan sakinlərdən ötrü xüsusi çadırlar quraşdırılıb ki, burada onlar istirahət etmək, televiziyaya baxmaq, ölkədə baş verən prosesləri izləmək imkanına malikdirlər. Bütün məsələlər prezident İlham Əliyevin bilavasitə diqqət mərkəzindədir. Hər gün görülmüş işlərlə bağlı prezidentə məruzə olunur".
Nazir yerli əhalinin də zəlzələnin fəsadlarının aradan qaldırılmasına yaxından köməklik etdiyini bildirib: "Yerli sakinlər aparılacaq tikinti işlərində çalışmaq istəyini bildirib. Onlar bu məqsədlə burda çalışacaq şirkətlərə müraciət ediblər. Sakinlər həmin şirkətlərlə razılaşıb, tikinti işlərində iştirak edə biləcəklər".
K.Heydərov hazırda bölgədə təkanların davam etdiyini bildirib: "Hazırda təkanlar az güclə davam etməkdədir. Bu geoloji bir prosesdir. Mütəxəssislərin dediyinə görə, qarşıda hər hansı dağıdıcı təkanlar gözlənilmir. Buna baxmayaraq, Fövqəladə Hallar Nazirliyi hər cür təhlükəsizlik tədbirləri görməkdədir".

Şəki və Lənkəran
da silkələndi

Bu gün Azərbayacanın daha iki rayonunda zəlzələ baş verib. Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytının yaydığı məlumata görə, yeraltı təkanların maqnitudası 4.00 olub. Zəlzələ yerli vaxtla saat 14:58-da, Şəkidən 14 km qərbdə zəlzələ qeydə alınıb. Episentrdə 5 bal, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bal hiss olunub. İnsan təlafatı yoxdur.
Lənkəranda 15 km dərinlikdə olan yeraltı təkanların maqnitudası isə 4.00 olub. Zəlzələ Lənkərandan 15 km qərbdə qeydə alınıb. Təkanlar episentrdə 4 bala qədər, yaxın yaşayış məntəqələrində 3.5 bala qədər hiiss olunub. İnsan təlafatı və tikililərdə dağıntı yoxdur.

Təlaş içində olan ölkə əhli

Ölkə əhli baş verənlərdən qorxuya düşüblər. Ölkənin hər yerində güclü təkanların baş verməsindən narahat olan insanlar bunun hansı səbəbdən baş verdiyini düşünürlər. Onların rəyinə görə, bu hadisələr hansısa silahın sınaqdan keçirilməsi ilə bağlıdır. Amma onu da düşünürlər ki, zəlzələlərin aktivləşməsinin əsas səbəblərindən biri yerin alt qatında dəyişikliklərin reallaşmasıdır.
Mütəxəssislər isə bəyan edirlər ki, yeraltı təkanların baş verməsində qorxulu və qeyri-adi bir şey yoxdur. Onların rəyinə görə, Azərbaycan əraziləri cavan olduğu üçün dağəmələgəlmə prosesi davam edir. Bu proses zamanı yeraltı təkanların baş verməsi isə normal haldır. Ekspertlərin rəyinə görə, hal hazırda Lənkəran, Zaqatala və Şəkidə qeydə alınmış proseslər də məhz həmin amillərlə bağlıdır. Onlar əhalinin qorxu və panikaya düşməməsini tövsiyyə edirlər. Bildirirlər ki, bu zəlzələlərin yarada biləcəyi fəsadlar böyük olmayacaq. Çünki Azərbaycan ərazilərində yerləşən fay xətlərinin araşdırılması zamanı aşkarlanıb ki, ölkəmizdə ən güclü zəlzələ 7,5 bal gücündən artıq ola bilməz. Bu səbəbdən də onun vuracağı zərər elə də böyük hesab edilmir.
Cavid Qarabağlı