Azərbaycan bankları üzərində nəzarət gücləndirilir
Azərbaycan bankları üzərində nəzarət gücləndirilir

2013 seçkiləri ərəfəsində hökumətdən daha bir ciddi həmlə gəlir

Hökumət yaxın aylardan başlayaraq Azərbaycandakı özəl banklar üzərində nəzarətini artırmağı planlayır. Bu barədə redaksiyamıza adının çəkilməsini istəməyən məlumatlı qaynaq bildirib.

Qaynağın deməsinə görə, əslində bunun əsas səbəbi 2013-cü ilin payızına proqnozlaşdırılan prezident seçkiləridir: "Belə bir addımın atılması ilə iri pul kütləsinin həm ölkə daxilində, həm ölkədən xaricə axınına nəzarət etmək etmək istənilir".
Mənbəmiz təəssüflə qeyd edir ki, son aylarda "Texnibank" və "Royalbank" ətrafında baş verən neqativ proseslər Azərbaycanın onsuz da güclü etibarlılığı olmayan özəl bank sistemininin güvənliliyinə ciddi zərbə vurub: "Bu, öz yerində. Digər tərəfdən isə belə ehtimalları əhəmiyyətli şəkildə gücləndirib ki, özəl banklara iri pul kütləsinin daxilolmalarında və çıxmasında bir başıpozuqluq, xaotik vəziyyət hökm sürür. Hökumət narahatdır ki, gələn ilki prezident seçkiləri ərəfəsində bu başıpozuqluq ayrı-ayrı qüvvələrin iqtidara qarşı hərəkətlənməsində maliyyə dəstəyinin göstərilməsi üçün münbit şərait yaradır".
Qaynağımız eyni zamanda onu da vurğulayır ki, özəl banklara nəzarətin artırılmasını yalnız qarşıdan gələn seçki ilə əlaqələndirmək də doğru deyil: "Burada başqa nüanslar da var. Söhbət ondan gedir ki, məlum özəl bank qalmaqalları fonunda Azərbaycanın beynəlxalq maliyyə quruluşları yanında etibarlılığı, şəffaflığı zədələnir. Bunun önlşənməsi vacibdir. Digər tərəfdən bir çox özəl banklar ayrı-ayrı məmur-oliqarxların bir çox kirli işlərinin həyata keçirilməsində vasitə rolu oynayır".
Mənbəmiz buna misal olaraq, bir sıra özəl banklarda çirkli pulların yuyulması ehtimalının qüvvətliliyinə diqqət çəkir: "Eyni zamanda başqa bir qaranlıq nüans özəl banklar vasitəsi ilə iri pul kütlələrinin Azərbaycandan çıxarılmasıdır. Özəl banklardakı nəzarətsizlik və xaotik idarəetmə hər iki prosesin həyata keçirilməsi üçün münbit şərait yaradır, sonucda isə arzuolunmaz nəticələrin ortaya çıxmasını gözardı etmək çətindir".
Qeyd edək ki, bu ilin fevralında Moodys beynəlxalq reytinq agentliyi ölkənin kredit bazarında Azərbaycanın özəl bank sektorunun payının artmasını müsbət qiymətləndirib. Bu barədə agentliyin yaydığı məlumatda deyilir. Ölkənin özəl banklarına düşən kredit qoyuluşlarının payı bazarda 2010-cu ildəki 55 faizdən 64 faizədək artıb. Bu özəl sektor üçün müsbət tendensiyadır.
Məlumatda deyilir ki, ölkənin özəl sektorunda əməliyyatların miqyasının artması həmin bankları gücləndirib və onlara yeni müştərilər cəlb etməyə imkan verib ki, nəticədə onların maliyyə göstəriciləri, o cümlədən rentabellilik və effektivlik yaxşılaşıb.
Amma təəssüf ki, ölkənin kredit bazarında özəl bankların payının artması yalnız xoş tendensiya kimi qəbul edilmir. Hazırda əksər bankların müştəriləri ilə ciddi ixtilafları var, problemli kreditlərin faizi isə göz qamaşdırır. Üstəlik, davamlı şəkildə mətbuatda bankların problemli kreditləri yoluna qoymaq üçün qeyri-qanuni yollara baş vurduqlarına dair ağır ittihamlar səsləndirilir. Eyni zamanda özəl bankların vətəndaşları müflisləşdirdiklərinə, onların əmlaklarına zorakı yollarla yiyələndiklərinə dair də çoxsaylı şikayətlərin varlığı hər kəsə bəllidir.
Qaynağımız hesab edir ki, elə bunun özü də banklar üzərində nəzarətin gücləndirilməsini qaçılmaz edir. Nəzarətin hansı formada qüvvətləndiriləcəyini isə yəqin ki, yaxın zaman göstərəcək.

Zaur Ağasıoğlu