Söz azadlığı yoxsa insan hüquqlarına zərbə?
Söz azadlığı yoxsa insan hüquqlarına zərbə?

Uzun illər dünya fəlsəfi məkanında iki prinsip bir-biri ilə mübarizə apardı və sonunda deyəsən "sivilizasiyaların toqquşması" prinsipi qalib gəldi. Bu prinsipin şərtləri əsasən aşağıdakılar idi.
1. Dünya nə qədər inkişaf edir etsin sivilizasiyalar arasında fərq var və bu nəzərə alınmalıdır
2. Dünya demokratiyanın beşiyinə çevrilsə də dinlərarası fərq hər zaman qalmalıdır
3. İnsan hüquq və azadlıqları nə qədər qorunursa-qorunsun yenə ortada bir fərq var və bu, qəbul olunmalıdır.
Zamanında deyilən bu prinsiplər Fransada baş verən son terror olayında özünü doğrultdu. Aydın oldu ki, əslində ən demokratik cəmiyyətlər də belə sivilizasiyalar arasında fərq mövcuddur,bundan güclü tərəf istifadə edir. Gəlin detallara baxaq. Hələ bir neçə il öncə Fransada İslam dünyasının peyğəmbəri Məhəmməd peyğəmbər təhqir edildi, media orqanlarında peyğəmbərin karikaturası çap edildi. Həmin zaman İslam dünyası buna ciddi şəkildə etiraz etsə də Fransa höküməti bəyan etdi ki, Fransada söz azadlığı heç bir şəkildə boğula bilməz. Amma ortaya onda başqa bir sual çıxır, söz azadlığı insan hüquq və azadlıqlarının pozulmasıləmi müşahidə olunmalıdır? Hətta söhbət bir neçə insanın, ailənin hüquq və azadlıqlarının pozulmasından yox, milyonlarla insanın, İslam dinini qəbul edən toplunun hüquq və azadlıqlarının pozulmasından gedir. Məhz bu məqam ortaya başqa bir paradoks çıxartdı. Aydın oldu ki, əslində improvizə edilmiş demokratiya, söz azadlığı insan hüquq və azadlıqlarına ağır zərbə vurmaq üçün həm də bir vasitədir. Bu məqamda filosof Russonun bir sözü yada düşür " Azadlıq istədiyini etmək deyil. Azadlıq etmək istəmədiyini sənə etdirməyə etiraz etməkdir". Amma aydın olur ki, bu gün Qərbdən ixrac olunan demokratiya yalnız avropalının insan hüquq və azadlıqlarını təmin edən demokratiyadır. Maraqldır, bəs bu proseslərə, daha da konkretləşdirsək Fransada söz azadlığı adı altında milyonlarla insanın hüquq və azadlıqlarının pozulmasına, dini inanclarına zərbə vurulmasına Azərbaycan mütəxəssislərinin münasibəti necədir? "Unikal"ın sualını cavablandıran İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri,jurnalist Rəfail Becanov bunları bildirdi: " Fransada törədilən hadisənin terror olmasına kimsə şübhə etmir. Baş verən olaya hansı inancın dayışıcısı, hansı milli xüssusiyyətlərə sahib olmasından asılı olmayaraq, sivil cəmiyyətlər etiraz etməlidir və edir. Çünki heç bir ölkə, heç bir cəmiyyət terrordan sığortalanmayıb. Dövlət rəhbərlərinin Fransada keçirilən yürüşdə iştirakı da bunu sübut etdi. Müsəlman dövlətlərinin rəhbərləri və hökumət təmsilçilərinin də bu yürüşə qatılması hadisənin məhz terror kimi qəbul edilməsindən irəli gəlirdi.
"Charlie Hebdo" nəşrinin redaksiyasında törədilən terror hadisəsinin birbaşa Məhəmməd (s) peyğəmbərin təhqir olunması ilə bağlanması versiyası hələ ki, ehtimallardandır və tam təsdiqini tapmayıb. Ona görə də hesab edirəm ki, bu terrorun arxsında başqa maraqlar da dayana bilər. Amma səbəb birbaşa budursa da, terror törətmək, insanları qətlə yetirmək mübarizə üsulu deyil. Daha sivil mübarizə yolları var. Tutaq ki, məhkəmələr və s. bu nəşrin sahibinə, onu nəşr edən mətbəələrə, internet provayderinə, hətta oxucularına belə müsəlman dövlətləri müəyyən formada viza qadağası və yaxud digər qadağalar qoya bilərdi, nəticədə bu qədər acı olmazdı.
Kimin törətməsindən asılı olmayaraq, bu terror hadisəsidir, fürsətcillikdir. Hansısa maraqlı qruplar, terrorçular sadəcə Peyğımbərin təhqir olunmasını əsas tutublar.
Məsələnin digər tərəfinə gəldikdə isə söz azadlığı adı altında fürsətçilərə imkan vermək olmaz. Həm anarxistlərə, həm də terroçulara ali dəyər adı altında şərait yaratmaq, onların fəaliyyətini stimullaşdırmaq özü yolverilməzdir. Ümumiyyətlə, söz azadlığı təhqir, böhtan, insanların dini və ya milli hisslərini aşağılamaq kimi elemetləri özündə ehtiva etməməlidir. Söz azadlığına qəsd insanların, cəmiyyətlərin dini, milli inanclarına hörmət edilməməsidir. Tutaq ki, dini məsələ deyil. Adamın bayrağını təhqir edirlərsə, hansı münasibət sərgilənməlidir? Əlbəttə ki, etiraz etməlisən. Millətin, mənsub olduğun xalq təhqir olunursa, hansı münasibəti göstərməlisən? Təbii ki etiraz etməlisən, mübarizə aparmalısan. Amma seçdiyin yol düz olmalıdır. Terror yolu ilə deyil, sivil mübarizə yolu ilə. Bir insanın, bir toplumun azadlığı digər insanın, digər toplumun azadlığı başlayan yerdə bitir. Məsələyə əxlaq prizmasından yanaşmaq vacibdir. İnsanların, millətlərin, cəmiyyətlərin inanclarını qorumaq, milli hisslərinə, dini dəyərlərinə, şəxsiyyətlərinə hörmət edilməlidir. Amma təəssüf ki, söz azadlığı adıyla bu prinsiplərin tez-tez pozulduğunun şahidi oluruq. Dünyada da, elə bizdə də. Sosial şəbəkələr bu gün söz azadlığı adıyla mənəvi terror vasitəsinə çevrilib. Təbii ki, hər kəs də mübarizəni bir formada görür. Nəticədə mənəvi terror adi terrora çevrilir. Söz azadlığına peşə etikası, əxlaq kodeksi ilə yanaşmaq lazımdır. Jurnalistlər, bloqqerlər, bütün peşə mənsubları vicdanlarının səsini dinləməlidir, obrazlı desək hər kəsin daxilində vicdan senzurası olmalıdır". Bakı Dövlət Universitetinin müəllimi Vüqar Zifəroğlu isə mütəxəssis olaraq "Unikal"a bunları dedi: "
Jurnalist etikasında milli, dini, irqi və cinsi diskriminasiyanın yolverilməzliyi prinsipi var. Fikrimcə hər şey məhz peşə etkasının norma və prinsiplərinə əməl etməməkdən başlayır. Eyni zamanda jurnalistin sosial-məsuliyyət hissini dərk etməsi. Jurnalistika – sosial-siyasi institutdur. Və cəmiyyətlə işləyən dinamik bir sahə kimi, müəyyən meyarları və qırmızı cizgiləri mütləq nəzərə almalıdır. Bu jurnalistin peşə borcudur. Bir insan olaraq bizim hansısa ideoloji axına, şəxsə və ya hər hansı bir nəsnəyə müsbət və ya mənfi hisslərimiz ola bilər. Bu təbiidir. Amma bir jurnalist olaraq biz peşə fəaliyyəti zamanı bu hisslərlə hərəkət etməməli və hisslərin bizi idarə etməsinə imkan verməməliyik. Əks halda jurnalistikanın ali prinsipi olan obyektivliyi pozmuş olarıq.
Söz azadlığı deyilən anlam subyektivdir və mütləq xarakter daşımır. Yəni bu ifadənin özünə baxış, bu azadlığın hüdud və çərçivəsi müxtəlif subyektiv mülahizələrə görə dəyişə bilər. Mütləq və ideal mənada isə söz azadlığı yoxdur və ola da bilməz. Bunun isə bir sıra səbəbləri var. Ən əsas səbəb informasiyanın öz gücü ilə əlqədardır.
Müasir dövrdə informasiya texnologiyalarının və media-kommunikasiyanın nə dərəcədə ciddi şəkildə təsir gücünə malik olduğunu nəzərə alsaq, əslində bunun niyə mümkün olmadığını anlamış olarıq. Mütləq söz azadlığı – informasiya xaosudur və dağıdıcıdır, təhlükəlidir.
Bu anlamda ümumi mənada jurnalistikanın standart və prinsiplərinə əməl edilərsə, əslində belə problmlər də ortaya çıxmaz. Jurnalist yaşadığı cəmiyyətin dəyərlərinə və baxışlarına hörmət etməyə borcludur.
Məsələni konkret Fransada baş vermiş hadisəyə şamil etsək isə, burda konkret ikili baxış ortaya çıxır. Yani faktın özünə - Peyğəmbərin və islami dəyərlərin təhqir edilməsinə ikili yanaşma mövcuddur. "Charlie Hebdo" jurnalında 2008-ci ildə o dövrki prezident Nikolya Sarkozinin oğlu Jan Sarkozini tənqid edən karikatura dərc edilmişdi. Karikaturada iddia olunurdu ki, Fransanın məşhur yəhudi milyonçusunun qızı ,"Darty" adlı ən iri məişət texnikası şəbəkəsinin varisi Cessika Sibun-Darti ilə nişanlanan 21 yaşlı prezident oğlu "uzağa gedə bilməyən görünməmiş opportunistdir". Maraqlıdır ki, həmin karikaturaya çox tez bir zamanda kəskin reaksiya verildi və karikaturanın müəllifi olan 79 yaşlı Maurice Sinetə əsl savaş elan edildi, hətta o, işdən qovuldu. Bu zaman şərəf və ləyaqətin təhqir edilməsi, böhtan atma kimi jurnalistika prinsiplərinə istinad edildi. Görəsən eyni yanaşma Fransa əhalisinin müəyyən hissəsini və dünya əhalisinin az qala ?-ni əhatə edən müsəlmanlara münasibətdə niyə şamil edilmirdi? Niyə dini dəyərlər daim istehza və məzxərə hədəfi olurdu? Bu faktın özü Avropa jurnalistikasında ikili standartların olmasının ən bariz nümunəsidir. Təbii ki, buna aid çox misal çəkmək olar.
Məsələni əgər konkret olaraq İslam dini ilə bağlı qoysaq isə, bu zaman daha problemli mənzərə yaranır. Ümumiyyətlə Avropa və ABŞ mediasında İslamafobiya hökm sürür və buna aid yüzlərlə faktoloji sübutlar gətirmək mümkündür.
Son onillikdə müsəlmanlara və İslama aid Qərb Kütləvi İnformasiya Vasitələrində nəşr olunmuş yazıları daha dərindən nəzərdən keçirsək, məlum 11 sentyabr terror hadisəsindən sonra münasibətin daha sərt məcra daşımasının şahidi ola bilərik. Əgər əvvəllər İslam daha çox gerilik və kobudluqla əlaqələndirilirdisə, indi Qərbin «IV hakimiyyəti» bu mübarək dini terrorizm, fundamentalizm və müharibə konteskstində səciyyələndirir. Bu gün dünya müsəlmanları mass-mediada İslamın həqiqi mahiyyətini təhrif edən, dezinformasiya və saxtakarlıqlarla dolu olan bir kompaniyanın şahidi olmaqdadır. Bu isə nə söz azadlığı, nə də jurnalistika prinsipləri ilə uyğunluq təşkil edir.Əslində bütün bu hadisələrdən nəticə çıxardaraq demək mümkündür ki, "karikatura hadisəsi" bir "ifadə azadlığı" deyil, media vasitəsi ilə düşünülmüş şəkildə ortaya atılmış avantyuradır".