Putin "ildırımsürətli  müharibə" planını işə saldı
Putin "ildırımsürətli
müharibə" planını işə saldı

Donetsk şəhər aeroportu uğrunda döyüşlərdə yüzlərlə rus hərbçisi öldü

Ukraynanın Donetsk şəhər aeroportu uğrunda növbəti döyüşlər baş verib. "unian.net" saytının verdiyi məlumata görə, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk aeroporta hücum edən separatçıların itkilər verdiyini bildirib.

Dmitri Tımçukun sözlərinə görə, iki "kadırovçu" əsir götürülüb. Onların Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları olduğu deyilir.
Hərbi ekspert Donbas hövzəsində son günlər Rusiya hərbçiləri və separatçıların aktivləşdiyini qeyd edib. O, aktivləşmənin xüsusi olaraq Donetsk aeroportu, Avdreyevka, Qorlovka, Debaltsevo və Luqansk istiqamətində qeydə alındığını vurğulayıb.
Srağagün isə Donbaş hövzəsində atəşkəs müqaviləsinin imzalandığı 5 sentyabr tarixindən sonra ən qanlı hadisə baş verib. Donetsk vilayətinin Volnovaxa rayonunda içində dinc sakinlərin olduğu avtobusun separatçılar tərəfindən artilleriya atəşinə tutulması nəticəsində 13 nəfər dinc sakin ölüb. Ukrayna prezidenti Pyotr Poroşenko səfərbərlik elan edib. Prezident vurğulayıb ki, bu gün səfərbərliyin növbəti dalğası haqqında fərman imzalayacaq. "Ukrayna öz torpağını müdafiə etməyə hazırdır. Sentyabr ayından keçən müddət ərzində biz gücümüzü artırdıq. Hər həftə yüzlərlə silah və hərbi texnikanı qoşunların istifadəsinə veririk", - Poroşenko deyib.
Pyotr Poroşenko bildirib ki, Avropa Parlamenti cümə axşamı keçiriləcək iclasında Avropa Birliyinin rəhbərliyini "DXR" və "LXR" adlandırılan qurumları terror təşkilatları siyahısına daxil etməyə çağıracaq.
Ukraynalı ekspertlər isə Qərbin sanksiyalarından sonra Kremlin "Novorossiya" layihəsində dəyişiklik etdiyini iddia edirlər. İki gün əvvəl "5 kanal"ın efirində danışan ukraynalı jurnalist-ekspert Pyotr Şuklinov bildirib ki, Putin aktiv hücum əməliyyatları ilə ssenarisinin icrasını sürətləndirməyə qərar verib.
Onun sözlərinə görə, Rusiya resursların tükəndiyini anlayaraq prosesi sürətləndirmək niyyətindədir. Jurnalist qeyd edib ki, separatçılar yeni il ərəfəsində gün ərzində 30 dəfə atəşkəsi pozurdusa, hazırda bu rəqəm təxminən 60-a qədər yüksəlib: "Moskva aktiv hücum əməliyyatlarına hazırlaşır. Biz əvvəl hesab edirdik ki, bu, yazda olacaq, amma artıq proseslər başlayır. Putin anlayır ki, Kremldə yazılmış ssenarini sürətləndirmək lazımdır. Vaxt azdır, resurslar tükənir, daha sürətlə hərəkət etmək lazımdır".
Ukraynalı jurnalist həmçinin hesab edir ki, Kreml hakimiyyəti toqquşma zonasını genişləndirmək üçün Odessa, Xarkov, Zaporojye və Xerson vilayətlərində vəziyyəti gərginləşdirməyə çalışacaq. Dünən sərnişin avtobusunun artilleriya atəşinə tutulması, Donetsk aeroportu uğrunda döyüşlərin güclənməsi və atəşkəs pozuntuların artması ukraynalı ekspertlərin, həmçinin Pyotr Şuklinovun iddialarına şübhə yeri qoymur.
Xatırladaq ki, Fransa, Rusiya və Ukraynadan ibarət olan "Normandiya formatı"nın 15 yanvar tarixində Astanada keçirilməsi planlaşdırılan görüşü baş tutmayıb. Görüş qeyri-müəyyən vaxta - bir neçə həftəliyə təxirə salınıb.

Rusiya Donetsk
aeroportunda
250 hərbçi itirdi

Ukraynanın Donetsk şəhər aeroportu uğrunda srağagün gedən döyüşlərdə Rusiyanın 250-yə qədər hərbçisi həlak olub. Bunu isə "Facebook" səhifəsində jurnalist Pyotr Şuklinov bildirib.
"Hücum hələlik dəf edilib. Bəzi məlumatlara görə, kömək gəlib. Digər məlumatlarda isə vəziyyətin tamamilə pis olduğu bildirilir. Amma nəticə hələlik belədir: Rusiya əsgərlərinin yanmış cəsədləri bizim müdafiə xətti boyunca yerə səpələnib. Rəqəmlər müxtəlifdir. Əldə etdiyimiz məlumatlara görə, yerdə 50-dən 250-yə qədər Rusiya hərbçisinin cəsədi qalıb. Bu yalnız aeroport ərazisindədir", - Şuklinov yazıb.
O əlavə edib ki, anti-terror gücləri aeroportun bir hissəsini itiriblər: "Bilmirəm, qərargah niyə aldadır. İtirilib. Amma bu heç nədir. Çərşənbə axşamı döyüşçülərimiz dözə bildilər. Çərşənbə günü yeni güclər aeroport ərazisində olacaq və müharibə davam edəcək".
Anti-terror güclərinin qərargahından isə bildiriblər ki, Donetsk aeroportunun yeni terminalı Ukrayna hərbçilərinin nəzarəti altındadır. Srağagün separatçılar aeroport ərazisindəki "kiborq"lara ultimatum irəli sürüblər. Bundan sonra isə atəş açılıb və dispetçer qülləsi dağıdılıb.

Şok! İŞİD və
Donbas separatçıları eyni geyimdə

"İslam Dövləti"nin (İŞİD) üzvləri və Donbas hövzəsindəki terrorçular eyni hərbi formanı daşıyırlar. Bu barədə Ali Radanın deputatı və jurnalist Sergey Leşenko bildirib.
Ukraynalı deputat fikrini əsaslandırmaq üçün şəkilləri dərc edib. Şəkillərdən də görünür ki, terrorçular praktik olaraq eyni formanı daşıyırlar. Qeyd olunur ki, bu qeyri-rəsmi forma keçmiş SSRİ ölkələrinin təhlükəsizlik orqanları arasında olduqca məşhurdur və Əfqanıstan müharibəsindən sonra şöhrət qazanıb.

Krımda Putinin
"gözlərini çıxartdılar"

Rusiya prezidenti Vladimir Putinin Sevastopol şəhərindəki nəhəng portretini zədələyiblər.
"primechaniya.ru" portalının verdiyi məlumata görə, divar üzərində yerləşdirilən portretin gözləri "çıxarılıb".
Portalın məlumatına görə, "Şəbəkə" federal layihəsinin fəalları Putinin portretlərini müxtəlif şəhərlərdə yerləşdirirlər.

Kənan Rzaquliyev