Türk liderləri yeni səhifə açır
Türk liderləri yeni səhifə açır

Azərbaycan və Türkiyə prezidentlərinin görüşündən gözləntilər

Bu gün İlham Əliyev Türkiyədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV konfransına qatılır. Səfər zamanı aparılacaq danışıqlar və konfrans çərçivəsində birgə fəaliyyət, dost və qardaş iki ölkə arasındakı ikitərəfli əlaqələrin və əməkdaşlığın hərtərəfli şəkildə müzakirə olunması, daha da irəliyə daşınması istiqamətində danışıqlar aparılacaq.
Görüşlərdə həmçinin, iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi də gözlənilir. Qeyd edək ki, bundan öncəki toplantılarda iki ölkə münasibətlərinə problemlər yaradan məqamlar dəfələrlə araşdırılıb və öz həllini tapmışdı. Bunun nəticəsidir ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaranandan sonra Türkiyədən olan iş adamlarının Azərbaycana axını daha da gücləndi, bu da əlavə investisiyanın cəlb olunması demək idi. Eyni zamanda Azərbaycana məxsus SOCAR şirkəti Türkiyəyə milyonlarla manat dəyərində investisiya qoyub və bu proses davam etdirilir. Maraqlıdır, bəs bu toplantıda konkret hansı məsələlər müzakirə predmeti ola bilər? Ekspertlərin fikrincə bu toplantı çox həssas bir məqamda keçirilir və buna görə önəmliliyi daha çoxdur. İlk növbədə ona görə ki, hazırda Azərbaycan və Türkiyə enerji daşınmasında tranzit ölkəyə çevriliblər və ortada yeni situasiya var. Belə ki, dünənə qədər Avropa-İran münasibətləri gərgin olduğundan İran qazı Qərb üçün gərəksiz sayılırdısa, hazırda İrana bir yaxınlaşma var.İran bəyan edib ki, Azərbaycan-Türkiyə vasitəsi ilə neft-qazını Avropaya ixrac edə bilər. Bu isə yeni situasiyanın yaranması deməkdir. Digər tərəfdən hazırda Rusiya ilə Türkiyə arasında da qızğın danışıqlar aparılır və yeni qaz xəttinin çəkilməsi müzakirə mövzusuna çevrilib. Belə ki, Ukrayna-Rusiya münasibətlərinin gərginləşməsindən sonra rəsmi Kreml bir başa Qərbə çıxışı olan "Cənub axını" layihəsindən imtina etdi.Putin bəyan etdi ki, Türkiyə vasitəsi ilə Rusiya qazının bazara çıxarılması haqqında düşünürlər və belə bir xəttin çəkilməsi daha səmərəlidir. Bütün bunlar isə yeni situasiyanın yaranmasından xəbər verir.Strateji müttəfiq olan Azərbaycanla Türkiyə prezidentləri bu görüşdə sözsüz ki, bu məsələni müzakirə edəcəklər. Həmçinin bəzi ekspertlər hesab edir ki, bu toplantıda Fətullah Gülən məsələsi də gündəmə gətirilə bilər və Azərbaycanda bu təriqətin tamam sıradan çıxarılması təklifi səslənə bilər. Amma analitiklər hesab edir ki, bu çox xırda məsələdir və gündəlikdə daha vacib məsələlər var. "Unikal"a açıqlama verən Millət vəkili Fərəc Quliyev bildirb ki, hazırda yeni situasiya yaranıb və bu durum mütləq müzakirəyə çıxarılacaq :" Söhbət İŞİD probleminin artıq Türkiyə və Azərbaycan üçün də problemə çevrilməsindən, Fransada baş verən terror olayından gedir. Bu görüşdə həmçinin türk blokunun artıq daha effektli formalaşması, iqtisadi, siyasi, hərbi sahədə əməkdaşlığın gücləndirilməsi mümkün olacaq. Qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə strateji müttəfiq , qardaş ölkədir və bizim düşmənlərimiz də eynidir . Deməli fəaliyyətimiz daha ciddi şəkildə kordinasiya olunmalıdır". Bu məqamda qeyd edək ki, qarşıdan erməni "soyqırım"ının 100 illiyi gəlir iddia olunur ki, bu məsələ də müzakirə predmeti olacaq. Amma "Unikal" a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu fikirdə deyil:"Hesab edirəm ki, erməni "soyqırım"ı məsələsinə elə Ermənistanın özü zərbə vurdu. Belə ki, onlar Gömrük İttifaqına üzv olmaqla apardıqları "soyqırım" siyasətinə zərbə vurdular.Avropa bundan sonra onların nazı ilə oynamayacaq. Bundan başqa hazırda Avropanın Türkiyəyə bir başa təsir etmək imkanı yoxdur. Çünki Türkiyə kifayət qədər inkişaf edib və Qərb belə bir məqamda erməni "soyqırım"ından Türkiyəyə qarşı istifadə etməyəcək. Buna görə mən hesab edirəm ki, görüşün əsas mövzusu qaz xətlərinin çəkilişi, yeni marşurutların müzakirəsi olacaq ki, bu da effektli nəticələr verəcək". Beləliklə hesab etmək olar ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV konfransı həlledici bir konfrans olacaq və regionda Azərbaycan və Türkiyənin təsirini daha da genişləndirəcək. Bunu da qeyd edək ki, yaxın zamanlarda digər türkdilli dövlət başçılarının da bir araya gəlməsi gözlənilir.Bu artıq regionda baş verən proseslərə bir başa təsirini göstərəcək.
Mehdi Əli