Arif Hacılı Əli Kərimli ilə sövdələşməyə başlayıb
Arif Hacılı Əli Kərimli ilə sövdələşməyə başlayıb

Əksəriyyət mehriban düşmənlərin səmimi dostluğuna inanmır

Uzun müddətdir ki, düşmən münasibətində olan AXCP ilə Müsavat deyəsən, dostlaşmaq fikrinə düşüblər. Daha doğrusu yeni başqan seçilən Arif Hacılı bu istiqamətdə səylər göstərir.
"Unikal"ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, AXCP sədri Əli Kərimli ilə görüşərək münastbətləri yoluna qoymaq istəyib: "Əli Kərimli ilə görüşdə öz fikirlərimi və Müsavat Partiyasının mövqeyini onun diqqətinə çatdırdım". A.Hacılı AXCP sədri Əli Kərimli ilə görüşdüyünü və görüşdə iki partiya arasında əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu bildirib: "Görüş mənim təşəbbüsümlə baş tutdu, təqribən iki saata yaxın müzakirə apardıq. Mən fikirlərimi və Müsavat Partiyasının mövqeyini AXCP sədrinin diqqətinə çatdırdım. Yəqin ki, bu məsələlər AXCP rəhbərliyində müzakirə olunduqdan sonra fikir bildirmək olar".
A.Hacılı Müsavatın Milli Şuradan çıxmasından sonra AXCP funksionerlərinin partiyanı hakimiyyətlə əməkdaşlıqda ittiham etməsinə də münasibət bildirib: "Hesab edirəm ki, Müsavat Partiyasını hakimiyyətlə əməkdaşlıqda ittiham etmək siyasi rəqabət kontekstində səslənən əsassız fikirlərdir. Həm siyasi qüvvələr, həm də Azərbaycan cəmiyyəti bilir ki, Müsavat Partiyası heç vaxt hakimiyyətlə hansısa məsələlərlə bağlı sövdələşməyə getməyib".
"Unikal"a açıqlama verən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi İlqar Altay deyib ki, Arif Hacılı ilə Əli Kərilinin görüşünün hər hansı bir əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, Müsavatla AXCP-nin bir araya gəlməsi və səmimi əməkdaşlıq münasibətləri qurması çətin məsələdir: "Cəmiyyətimiz bu iki müxalifət partiyasının dövri olaraq gah dost, gah rəqib olduğunun şahidi olub. Ola bilsin ki, indi dostluq dövrü yetişsin. Ancaq indiyədək olduğu kimi, onların bundan sonrakı münasibətlərində də sabitlik ola biləcəyini proqnoz vermək çətindir. Bunun da bir çox əsaslı səbəbləri var. Çünki ötən dövr bu iki qüvvənin səmimi münasibət qura bilmədiklərini ortaya qoyub".
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov "Unikal"a açıqlamasında bildirib ki, onsuz da kifayət qədər zəifləyən müxalifət daxilindəki nifaq toxumu o qədər dərinə səpilib ki, onun aradan qalxması mümkün deyil. Müsahibimizin sözlərinə görə, Müsavatla AXCP-nin də səmimi birlik qurması mümkün deyil: "Bu partiyaların dost olması real görünmür. Çünki bir-birilərini o qədər ittiham ediblər ki, bir- birilərini elə məsələlərdə xəyanətkar sayıblar ki , dost olmalarının bütün körpüləri yandırılıb. Belə görüşlər çox olub. Hətta bir blokda təmsil olanda da bir-birilərinə inam olmayıb. Bu mümkün deyil. Çünki maraqlar fərqlidir".
R.Qonaqov onu da nəzərə çatdırıb ki, Müsavat rəhbərliyi dəyişsə də, ümumi kurs dəyişməyib. "Sədrin kimliyi Müsavatın siyasətini dəyişməyib. Arif Hacılı olmasaydı, başqa biri olacaqdı, amma maraqları eyni qalacaqdı. Ona görə də Mən Müsavatla AXCP-nin hər hansı bir müstəvidə dostluğuna inanmıram", - deyə BMAM sədri fikrini tamamlayıb.
BAXCP fəalı, hüquqşünas Mehman Muradlı da "Unikal"ın əməkdaşı ilə söhbətində fikirlərini bölüşüb. Onun sözlərinə görə, əməkdaşlıq təşəbbüsü Arif Hacılıdan gəlib və öz maraqlarını qorumağa çalışır: "Arif Hacılı müyyən manevrlər etmək istəyir ki, Müsavatda ona qarşı olan qrupun fikrini yayındırsın. Arif Hacılı Əli Kərimliylə hansısa məsələni müzakirə edə bilər. Bu, o demək deyl ki, bu iki partiya qardaşlaşacaq və ya dostlaşacaq. Çünki bu iki nəfərin bir birinə nifrəti çox böyükdü. Nifrətin kökü isə Elçibəy hakimiyyəti dövrünə gedib çıxır. Pənah Hüseynov baş nazir olandan sonra dövlət katibi postuna real namizəd olan Arif Hacılını Əli Kərimli yendi. Həmən vaxtdan da böyük düşmənçiliyin bünövrəsi qoyuldu. Bu iki partiyanın məramı eyni olsa da rəhbərlikdəki şəxslərin ambisiyaları yaxınlaşmağa imkan vermir".
Q.Gərayzadə