20 yanvar faciəsindən 25 il ötdü
20 yanvar faciəsindən 25 il ötdü

Rusiya Baş Prokurorluğun sorğusuna cavab vermir

1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.

20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.
Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi...
Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada 3 gün matəm elan olunmuşdu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.
20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Azərbaycan sakit və ölü bir dənizə bənzəyirdi. Xalq ağır və dəhşətli faciədən xəbərsiz idi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərə, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı.
1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülmüşdür.
Ümummilli liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.
Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm "Əbədi məşəl" abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Azərbaycan Prezidentinin 2000-ci il, yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir.

Rusiya 20 Yanvar
hadisələri ilə əlaqədar Azərbaycanın
sorğularına
cavab vermir

Azərbaycan Respublikasının Baş Prokurorluğu 20 Yanvar faicəsi ilə bağlı aparılan cinayət işlərinin gedişi ilə bağlı açıqlama verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Unikal"a bildirib ki, 20 Yanvar faciəsi ilə bağlı ilkin araşdırmalar SSRİ Baş Prokurorluğu tərəfindən aparılıb və baş vermiş hadisələrlə əlaqədar hərbiçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlinərək, 20 dekabr 1990-cı il tarixli qərarla cinayət işinin icraatına xitam verilib.
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 14 fevral 1992-ci ildə xitam qərarı ləğv edilərək həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4 və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətfən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır: "İstintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.
Hadisə baş verən dövrdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdülrəhman Vəzirov və digərlərinin cinayət məsuliyyətinə cəlb olunması barədə 1994-cü ildə qərarlar qəbul edilib. Onlar istintaqdan qaçıb gizləndikləri üçün barələrində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.
Cinayətdə təqsirli bilinən həmin dövrdə Ali Sovetin sədri olmuş Elmira Qafarova və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 2-ci katibi Viktor Polyaniçko vəfat etdikləri üçün barələrindəki cinayət işinə xitam verilib.
Cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından 68 cildlik cinayət işinin materialları Moskvaya aparılıb. Həmin materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsiləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib.

Necdet Ünüvar:
"20 Yanvar
Azərbaycan və
Türkiyənin
ortaq acısıdır"

20 Yanvar Azərbaycan və Türkiyənin ortaq acısıdır. Bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Necdet Ünüvar bildirib.
N.Ünüvar qeyd edib ki, Azərbaycan xalqının azadlıq və müstəqillik tələbi Sovet İttifaqının çökməsi üçün zəmin hazırlamışdı.
Onun sözlərinə görə, 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı vəhşicəsinə törədilmiş bir zülmdür, Türkiyə bu məsələdə hər zaman zülmə məruz qalan Azərbaycanın yanında olub və bundan sonra da olacaq: "Azərbaycanla bir milllət, iki dövlət olaraq, bu acını bir yerdə yaşadıq, birlikdə kədərləndik. 20 Yanvar günü münasibətilə bütün Azərbaycan və Türkiyə xalqına başsağlığı verir, faciədə ölənlərə Allahdan rəhmət diləyirəm".
Seulda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
Qeyd edək ki, 20 yanvar faciəsi dünyanın bir çox yerlərində yad edilir. Belə bir mərasim artıq Seul şəhərində Azərbaycanın Koreya Respublikasındakı səfirliyi tərəfindən təşkil edilib. Səfirlikdən verilən məlumata görə, tədbirdə Koreyada yaşayan soydaşlarımız, Azərbaycan-Koreya Tələbə Assosiasiyasının (BUTA) fəal üzvləri, Koreya Respublikasının ölkəmizdə fəaliyyət göstərən şirkətləri və təşkilatlarının baş ofisinin nümayəndələri, habelə yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.
Tədbirin açılışında mərasim iştirakçıları 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov çıxış edərək, tədbir iştirakçılarına Qanlı Yanvar faciəsinin səbəbləri, Sovet qoşunlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı haqqında ətraflı məlumat verib. O, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulmasını və kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsini totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini söyləyib. Eyni zamanda səfir Sovet ordusu tərəfindən törədilmiş cinayətin BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəalarının kobud şəkildə pozulması kimi xarakterizə etmiş və faciəyə bu günə kimi beynəlxalq hüquqi qiymət verilmədiyini qeyd edib.
Tədbirdə 20 Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş etdirilib və səfirlik tərəfindən faciəni əks etdirən fotosərgi təşkil olunub. Bununla yanaşı, "The Korea Post" jurnalının yanvar buraxılışının nüsxələri tədbir iştirakçılarına paylanıb.
Xatırladaq ki, həmin jurnalın yanvar buraxılışında "The 25th anniversary of the Black January of Azerbaijan" adlı geniş məqalə dərc olunub.

Hüseyn İsgəndərov