Qubad İbadoğlu "güclən", Arif Hacılı
Qubad İbadoğlu "güclən", Arif Hacılı "qucaqlaşaq" deyir

Müsavat Partiyasının VIII qurultayından narazı qalan qrupun yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatı bölgələrdə fəaliyyətini genişləndirir.
ADR təsisçisi Qubad İbadoğlu hərəkatın Sumqayıt şəhəri, Cəbrayıl, Füzuli və Yasamal rayonları, paytaxtda Nizami, Sumqayıtda isə Qubadlı rayonları üzrə Təşəbbüs qruplarının yaradıldığını açıqlayıb: "ADR hərəkatının Təşkilat Komitəsinin üzvləri Vurğun Əyyub, Ellada Məmmədli, Hamlet Səfixanlı və mənim iştirak etdiyim təsis toplantılarının əsas fərqləndirici cəhətlərindən biri də gənclərin geniş təmsilçiliyidir. Məqsədimiz gəncliyi ADR-in aparıcı qüvvəsinə çevirməkdir".
Horadiz şəhəri və Qaradağ rayonunda Təşəbbüs qruplarının yaradılığından da danışan hərəkat təsisçisi bildirib ki, bu bölgələr üzrə təsis yığıncağında iştirakçıların sayı və tərkibi qurultayqabağı dövrdə keçirilən görüşdə olanlardan fərqli idi: "Çünki toplantıya yalnız müsavatçılar deyil, həm də digər siyasi partiya üzvləri və bitərəflər də qatılmışdı. İki saatdan çox çəkən müzakirələrdə bir çox mətləblərə aydınlıq gətirildi. Çünki bu gün də həmişə olduğu kimi, dürüst və açıq danışdıq, bir daha şahid olduq ki, bu dəyərlər insanlar arasında olan səmimiyyəti daha da artırır".
Q. İbadoğlu son 10 gün ərzində ADR hərəkatının 11 rayon üzrə Təşəbbüs Qrupunun yaradıldığını da bildirib.
Bu arada Ədliyyə Nazirliyi Müsavat Partiyasının VIII qurultayının nəticələrini tanıyıb.
Bu isə Arif Hacılının tərəfdarlarının böyük sevincinə səbəb olub. Sosial şəbəkələrdə müsavatçılar arasında əsas müzakirə mövzusu budur. Müzakirələrdə Qubad İbadoğlu və tərəfdarları da sərt tənqid olunub.
Müsavat başqanı Arif hacılı isə partiyanın rəsmi saytında bütün müsavatçılara yenidən qucaqlaşmaq müraciəti edib.
"Müsavatın və Azərbaycan siyasi tarixinin şərəfli səhifələrindən biri olan VIII qurultayımızla bağlı bütün proseslər başa çatdı. Siyasi və hüquqi prosedurlar yekunlaşdı. Müsavat öz qurultayı ilə 2014-cü ilə damğasını vurdu. Qurultayımızla bir demokratiya, azad seçki nümunəsi ortalığa qoyduq. Bəzi nöqsanlar da oldu. Azadlıq və demokratiya yolu əbədi bir yoldur. Azadlıqlar daim artırılmalı, demokratik prosedurlar təkmilləşdirilməlidir. Bu bizim amalımızdır. Şübhəsiz ki, gələcəkdə belə nöqsanların olmaması üçün daha mükəmməl prosedurlar müəyyənləşdirməliyik.
Artıq 2015-ci il başlayıb. 2015-ci il imkanlar ili olacaq. Dünyada və regionda gedən proseslər iddia etməyə əsas verir ki, bu il çoxdan gözlədiyimiz siyasi, iqtisadi, hətta müharibə böhranından çıxmağımız üçün başlanğıc ili ola bilər. Bu imkanlardan millətimiz və dövlətimizin mənafeləri naminə yararlanmaq həm də bizdən, Müsavat üzvlərindən asılı olacaq. Umu-küsüləri, dedi-qoduları kənara qoyub müəyyən etdiyimiz hədəflər uğrunda fədakar mübarizəmizi birlikdə davam etdirməliyik. Aramızda nifaq salmaq istəyənlərin fitnəsi ilə dartışdığımız məsələlər qarşımızda olan möhtəşəm hədəflərlə müqayisədə çox cılızdır.
Sizə bir daha müraciət edirəm: Gəlin qucaqlaşaq. 2015-ci ili dünyada Azərbaycan, Azərbaycanda Müsavat ili etmək üçün səylərimizi birləşdirək", - deyə Müsavat başqanı qeyd edib.
Asif Nərimanlı