Oqtay Əsədov bir neçə deputatla Türkiyəyə gedir
Oqtay Əsədov bir neçə deputatla Türkiyəyə gedir

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Konfransının 10-cu sessiyasında iştirak etmək üçün yanvarın 20-dən Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Gövhər Baxşəliyeva, Mirkazım Kazımov, Sabir Rüstəmxanlı, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
İstanbulda keçiriləcək tədbirdə İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı arasında Anlaşma və Əməkdaşlıq Memorandumu ratifikasiya olunacaq, qurumun ixtisaslaşmış, komitələrinin təqdim etdikləri sənədlərin müzakirəsi keçiriləcək, bir sıra təşkilatı məsələyə baxılacaq.
Tədbirdə spiker Oqtay Əsədovun çıxışı gözlənilir. Sessiya çərçivəsində Milli Məclisin deputatları Siyasi məsələlər və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, İnsan hüquqları, qadın və ailə məsələləri, Mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə komitələrinin toplantılarına qatılacaq. Yığıncaqlarda "XXI əsrin problemlərinə cavab: Qlobal sülh, ədalət, sabitlik və təhlükəsizlik" mövzusunda müzakirələr aparılacaq. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, terrorizmə qarşı mübarizə, İslam dövlətləri arasında viza məsələlərinin sadələşdirilməsi, ticarət dövriyyəsinin artırılması, İslam mədəni irsinin qorunması və digər məsələlər ətrafında fikir mübadiləsi keçiriləcək.
Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşü nəzərdə tutulub.
Səfər yanvar ayının 23-də başa çatacaq.