İlham Əliyev Almaniyadan dünyaya önəmli mesajlar verdi
İlham Əliyev Almaniyadan dünyaya önəmli mesajlar verdi
Azərbaycan Prezidenti: "Mənim reytinqimdə heç bir problem yoxdur"

Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin federal kansleri Angela Merkellə görüşüb.
Görüşdən sonra keçirilən mətbuat konfransında Angela Merkel səmərəli müzakirələr apardıqlarını bildirib. O, deyib ki, Azərbaycanın Avropanın, həmçinin Almaniyanın enerji təhlükəsizliyində böyük rol oynayır: "Biz bunu yüksək qiymətləndiririk. Biz "Cənub qaz dəhlizi" layihəsini dəstəkləyirik".
Merkel bildirib ki, Azərbaycan prezidenti ilə bir çox məsələlər ətrafında fikir mübadiləsi aparıblar, geosiyasi vəziyyəti müzakirə ediblər: "Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışdıq. Avropa Şurasının, Avropa İttifaqının bu məsələdə töhfə verə biləcəyini müzakirə etdik. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər...Əlbəttə, erməni-Azərbaycan münaqişəsində atəşkəs rejiminin vaxtaşırı pozulması faktı bizi məyus etməyə bilməz. Düşünürəm ki, burada Rusiyanın müəyyən rolu var. Mənə elə gəlir ki, bu məsələdə Ermənistan və Rusiya eyni mövqeyə malikdirlər". Almaniya kansleri görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməsi, Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlərin genişləndirilməsi barədə də müzakirələr apardıqlarını qeyd edib.
"Azərbaycanla Almaniya arasında münasibətlər çox uğurla və geniş şəkildə inkişaf edir" - bunu isə birgə brifinqdə Azərbaycan prezidenti İlham Əliyev deyib. Prezident bildirib ki, iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq davam edir və bundan sonra da davam edəcək: "Bu səfərim münasibətlərə daha güclü təkan verəcək. Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir və biz onların fəaliyyətini dəstəkləyirik. Alman şirkətləri tərəfindən Azərbaycana sərmayə qoyuluşu davam etdirilməlidir".
İ.Əliyev həmçinin qeyd edib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 20 ildən artıqdır, Ermənistan tərəfindən işğal edilib, 1 milyondan çox insan doğma yurd-yuvasından didərgin düşüb. "BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi 4 qətnamədə Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb edilir. Ermənistan isə 20 ildən çoxdur, buna məhəl qoymur və mövcud "status-kvo" vəziyyətini saxlamaqda maraqlıdır. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, başqalarından da bunu gözləyir. Azərbaycanın ərazi bütövlüyü mütləq təmin edilməlidir" - deyə dövlət başçısı vurğulayıb.
"Mənim reytinqimdə heç bir problem yoxdur. Azərbaycanda keçirilən sorğulara görə, reytinqim 90 faizə yaxındır. Bu da son illər ərzində Azərbaycanda aparılan islahatlarla bağlıdır". Bunu Azərbaycan prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşdən sonrakı mətbuat konfransında alman jurnalistinin sualına cavab olaraq bildirib.
Prezident qeyd edib ki, Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və sərbəst toplaşma azadlıqları təmin edilib: "Azərbaycanda yüzlərlə mətbu orqan var, senzura yoxdur, internetə çıxış sərbəstdir. İnternet istifadəçilərinin sayı 72 faizə yaxındır. Eyni mənzərə sərbəst toplaşma azadlığına da şamil edilə bilər. Müxtəlif siyasi partiyalar mütəmadi olaraq aksiyalar keçirirlər. Bütövlükdə Azərbaycanda son illər demokratiyanın inkişafı istiqamətində böyük addımlar atılıb. Çünki biz inanırıq ki, siyasi islahatlar iqtisadi islahatlar paralel aparılmalıdır. Yalnız o halda bu islahatların dayanıqlılığı təmin oluna bilər".