Rusiya vasitəçi olsunmu?
Rusiya vasitəçi olsunmu?

İnnoketiy Adyasov: "Azərbaycan və Ermənistan prezidentləri Putinin vasitəçiliyini birmənalı olaraq qəbul edirlər"

Ötən gün ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edərək, Azərbaycan və Ermənistanda bir sıra görüşlər keçirdilər. Həmin görüşlərin sonunda isə həmsədrlər bəyanatla çıxış edərək, yeni vasitələr axtardıqlarını bildiriblər. Artıq 20 ildir eyni fikirləri səsləndirən Minsk Qrupunun üzvlərindən yeni bir açıqlama gözləmək isə bu ərəfədə doğru yanaşma olmazdı.

Nəzərinizə çatdıraq ki, həmsədrlərin nəticəsiz addımları artıq rəsmi Bakının narazılığına səbəb olub. Dəfələrlə Azərbaycan tərəfi bəyan edib ki, Qarabağ münaqişəsinin həllində heç bir fayda verməyən Minsk Qrupu fəaliyyətini gücləndirməlidir. Əks təqdirdə, bu missiyanın imkanlarından imtina edilə biləcəyi dolayısı ilə vurğulanır.
Maraqlı məqam odur ki, bütün bunların fonunda həmsədr ölkələrdən birinin təkbaşına vasitəçilik etmək təklifi gündəmə gəlib. Bir xeyli mətbuatda müzakirə olunan bu məsələnin nəhayətinin nədən ibarət olduğu hələ də məlum deyil. Çünki təkliflər sırasında qəribə olanlarla yanaşı, həm də digər cəhətləri ilə diqqəti çəkənləri də var. Məsələn, belə bir təklif var ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasına Türkiyə də əlavə olunmalıdır. Hərçənd Ermənistan bunu birmənalı olaraq qəbul etmir və heç bir halda bununla razılaşmayacağını bəyan edib.
Avropa Parlamentinin də vasitçəilər sırasına qoşulmasını təklif edənlər var. Həmin təklifi irəli sürənlər hesab edirlər ki, belə olan təqdirdə Qarabağ münaqişəsinin həllində bir sıra müsbət addımlar atıla bilər. Həmçinin onu da vurğulayırlar ki, birliyin sanksiya tətbiq etmək imkanları var və bu səbəbdən də danışıqlar nəticə verə bilər.
Amma günün əsas müzakirə mövzularından biri də vasitəçilik missiyasının təkbaşına Rusiyaya verilməsi ilə bağlıdır. Cəmiyyətdə "Qarabağın açarı Rusiyanın cibindədir" düşüncəsindən doğan və daha çox dəstək qazanan bu məsələyə qonşu ölkənin özündə də münasibət eynidir. Ona görə də, rus ekspertlərin vaxtaşırı bu mövzuya müraciət etmələrində qeyri-adi bir şey yoxdur. Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə Şurası yanında Komitənin ekspert-analitiki İnnoketiy Adyasov bildirib ki, MDB dövlətləri başçılarının qeyri-rəsmi görüşündə Qarabağ münaqişəsi məsələsi gündəmə gələ bilər. "Qeyri-rəsmi format prezident İlham Əliyevlə Serj Sarkisyanın mövqelərinin yaxınlaşması üçün unikal imkanlar yaradır. Bu gün birmənalı olaraq bəlli olan odur ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həllində Rusiya prezidenti Vladimir Putinin vasitəçilik missiyasına böyük ümid bəsləyir və hörmətlə yanaşırlar".
Bir başqa rus politoloq Mixail Troitski hesab edir ki, Rusiya Qarabağ nizamlanmasında vasitəçilik səylərini davam etdirəcək. Onun sözlərinə görə, bununla yanaşı, Moskvanın belə bir vasitəçiliyi yerinə yetirməsinə Rusiya ilə Qərb münasibətləri arasında böhranın dərinləşməsi maneçilik törədə bilər. "Bundan əlavə, Rusiyanın vasitəçilik səylərinə olan marağının azalmasına yaxın illərdə yaranması ehtimal edilə bilən iqtisadi çətinliklər də təsir göstərə bilər".
Düzdür, Rusiyanın vasitəçilik missiyasını təkbaşına üzərinə çəkməsini zərərli hesab edənlər də az deyil. Ekspertlər hesab edirlər ki, Rusiyada Putin hakimiyyətə gəldikdən sonra Kreml yenidən təkbaşına vasitəçilik imkanlarını işə sala bilər. Onlar hesab edirlər ki, ancaq bu nə münaqişənin ədalətli həllini sürətləndirəcək, nə də Kremlin yeni sahibinin vasitəçiliyinin Azərbaycana xeyri olacaq. "Medvedev 3 il çalışdı, prezidentləri 10 dəfə bir araya gətirdi, ancaq heç nəyə nail olmadı. İndi isə gələcək danışıqlara böyük ehtimalla Putin vasitəçilik etməlidir. O isə Ermənistana Medvedevdən də çox önəm verir. Kreml üçün əvvəlkitək Ermənistanı əldə və Rusiyadan asılı vəziyyətdə saxlamaq, Azərbaycanın haqlı istək və maraqlarını nəzərə almaqdan, xırda-para qaz anlaşmaları imzalamaqdan daha vacibdir".
Azərbaycanlı ekspertlər onu da vurğulayırlar ki, 2012-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Birliyinin nisbətən fəallaşmasını gözləmək olar. Onlar deyirlər ki, Avropa Birliyi Şərq Tərəfdaşlıq Proqramına daxil olan ölkələri, o cümlədən Azərbaycan və Ermənistanı rəsmən Avropa dövlətləri adlandırdığından, istər-istəməz bu bölgədəki proseslərə marağını artırmalıdır.
Cavid Qarabağlı