Pənah Hüseyn radikal müxalifəti bir araya gətirir
Pənah Hüseyn radikal müxalifəti bir araya gətirir

AXP lideri bu dəfə kimin sifarişini yerinə yetirir?

Yanvarın 27-də Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və VİP sədri Əli Əliyev arasında görüş keçirilib.
Bu barədə "Unikal"a VİP-dən məlumat verilib. Məlumata görə, görüşdə ölkədəki ümumi vəziyyət, müxalifət düşərgəsinin mövcud durumu və toparlanmaq imkanları, Siyasi Partiyaların Demokratiya və İnsan Hüquqları Mərkəzində təmsil olunan qurumların seçki blokunun formalaşdırılması, o cümlədən, VİP-AXP əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub. Ölkədə yaranmış vəziyyəti ətraflı dəyərləndirən partiya sədrləri əsas diqqəti müxalifət düşərgəsinin böhrandan çıxarılmasına və qarşıdan gələn parlament seçkilərində effektli iştirak formasının seçilməsinə yönəldiblər. Real müxalifət qüvvələrinin bir araya gətirilməsi üçün səylərin davam etdirilməsinin zəruriliyini qəbul edən VİP və AXP sədrləri qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunublar.
Bu barədə fikirlərini "Unikal"la bölüşən Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı bütün hallarda aparılan müzakirələri, birlik istiqamətindəki cəhdləri müsbət qiymətləndirir: "Avazı yaxşı gəlir, oxuduğu quran olsa. Parlament seçkilərinə müxalifətin birgə getməkdən başqa çarəsi yoxdur. O üzdən belə cəhdlərin olmasını yaxşı qarşılayıram. Onunla Demokratik Qüvvələr Birliyində də görüşümüz olub və xeyir duasını vermişik".
Yaradılacaq ittifaqda təmsil olunub-olunmayacaqlarına gəlincə, T.Abbaslı bu barədə müzakirələrdən sonra qərar verəcəklərini deyib. Birlik istiqamətində aparılan danışıqların nəticəsi barədə bunları deyib: "Ümidvaram ki, ötən seçkilər müxalifət düşərgəsinə ciddi dərs olmuş və ölkəmizin siyasi durumunu düzgün dəyərləndirmişlər. Artıq milli və dövlət maraqları siyasəti kənar təsirində olan qüvvələri yanlış addımlar atmağa imkan vermir, deyə onların bu cəhtinə inanmaq məcburiyyətində və qənaətidəyik".
Məsələylə bağlı "Unikal"a açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, "Radikal müxalifət parlament seçkilərində ciddi uğur qazanacağına inanmıram. Pənah Hüseyn deyil, başqa kiminsə də hansı blok yaratmasından aslı olmayaraq, bu düşərgə demək olar ki, bitib. Azərbaycan cəmiyyəti radikal siyasi düşərgəyə ciddi dəstək vermir. Son parlament seçkilərində beynəlxalq təşkilatların təşəbbüsü ilə radikal müxalifət bir seçki blokunda seçkiyə qatılıblar. Bu seçki bloku nə İsa Qəmbərin , nə də Əli Kərimlinin təşəbbüsü olub.Bu səfər də beynəlxalq təşkilatların tapşırığı olmasa, bunlar seçkiyə blok şəkilində deyil, ayrı-ayrılıqda qatılacaqlar. 2010-cu il seçkilərində bu siyasi düşərgənin bir nəfər üzvü belə qalib gələ bilmədi. Odur ki, bu ilki seçkilərdə də qeyd etdiyim kimi hər hansı bir uğur qazanacaqlarına inanmıram".
BAXCP yetkilisi onu da nəzərə çatdırıb ki, radikalların bir araya gəlməsi də çətin məsələdir, çünki hər gün didişməklə məşğuldurlar. "20 ildən artıqdır ki, bu siyasi düşərgə bir-birinə qarşı amansız mübarizə aparırlar. Heç vaxt da bir-birinə güzəşt etməyiblər. Əgər xarici təşkilatlardan sifariş gəlsə, yenə "mehriban düşmənlər" heç nə olmamış kimi blok yaradıb seçkiyə qatılacaqlar. Bu qərar onların özlərindən asılı deyil", - deyə müsahibimiz fikrini tamamlayıb.
Göründüyü kimi, hələlik Pənah Hüseynin birlik təşəbbüsünə müsbət cavab verən yoxdur. Bunun səbəbi isə bəllidir. Çünki Pənah Hüseyninin kimin sifarişini yerinə yetirdiyi sual altındadır. Ona görə də hələlik bu müzakirələrin nəticə verəcəyi şübhəlidir.
Qərib Gərayzadə